Qərblə Türkiyə arasında yeni böhran – ABŞ Ərdoğanı buna görə həzm etmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden G20 sammiti çərçivəsində görüşüblər.

Görüşdə ticarət və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. ABŞ lideri Ukrayna limanlarından taxılın dünyaya daşınmasını təmin edən taxıl dəhlizinin yenidən fəaliyyətini bərpa etdirməsində vasitəçi roluna görə Türkiyə Prezidenti Ərdoğana təşəkkür edib.

Bundan başqa, İstanbulun İstiqlal küçəsində baş verən terror aktına görə də Bayden Ərdoğana başsağlığı verib.

İki tərəf F-16 təyyarələrinin Türkiyəyə satışını müzakirə edib, eyni zamanda ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya üzvlüyü baxımından Türkiyənin önəmli aktor olduğunu əlavə edib.

Qeyd edək ki, Taksim terrorundan sonra Türkiyə Daxili İşlər naziri Süleyman Soylu “ABŞ kimi bir dövlətin başsağlığını qəbul etmirik” deyə açıqlama vermişdi

Politoloq Turab Rzayev mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, hazırda ABŞ-Türkiyə münasibətləri demək olar ki, tarixdə ən zəifləmiş dövrünü yaşayır:

“Bunun əsas səbəbi AKP iqtidarına qarşı olan dövlət çevrilişi cəhdidir. Bu hadisədə Türkiyə əsas ABŞ-ı günahlandırdı, onu bu məsələni təşkil etməkdə, suçlayırdı. Bu məsələdə həm ABŞ, həm də Körfəz mediası açıq şəkildə Ərdoğana qarşı düşmənçilik mövqeyini saxlayır. Bayden hakimiyyətə gəldikdə açıq şəkildə dedi ki, Ərdoğanı seçkidə devirməklə müxalifətə hər cür yardım edəcək. Bu da ikitərəfli münasibətləri gərginləşdirir”.

T.Rzayev həmçinin bildirib ki, Türkiyə üçün həyati əhəmiyyətli bölgələr var. Bunlar Şərqi Aralıq dənizi, adalar, Şimali Afrika, Suriya, Yaxın Şərq, Azərbaycan və Qara dəniz bölgələridir:

“Bu bölgələrdə Türkiyə müharibənin olmasını və ya onun marağına zidd addım atılmasını istəmir ki, bu da ABŞ ilə ziddiyyət təşkil edir. Liviyada Türkiyənin dəstəklədiyi mərkəzi hökumətə ABŞ çox dəstək vermir, eyni zamanda, ABŞ Türkiyənin Suriyada dəstəklədiyi müxalifləri yarı yolda qoydu və əvəzində orada PKK və YPG-yə aid dövlət qurmağa çalışır. Aydın məsələdir ki, Türkiyə öz cənubunda 9 km sərhəd boyunca bir PKK dövlətinin yaradılmasını istəmir”.

Politoloq əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Suriyaya hərbi müdaxilə etməyə qərar versə də, ABŞ açıq şəkildə bunun qarşısını alıb, hətta YPG-yə silahlı, hərbi, maliyyə yardımı göstərir, onu dövlətləşdirməyə çalışır ki, Türkiyə bununla razılaşmayacaq:

“Eyni zamanda ABŞ-ın və digər NATO ölkələrinin PKK və ya onun bir qolu olan PYD-yə hərbi, maliyyə yardımları etməsi münasibətləri gərginləşdirir.

Bunların üzərindən S-400 böhranı, daha sonra ABŞ-ın Türkiyəyə nəzərdə tutulan F-35-ləri satmaması, daha sonra F-16-lardan belə imtina etməsi iki ölkə arasındakı ziddiyyətlərin daha da pik nöqtəyə çatmasına səbəb oldu.

Hadisələrin bu qədər gərginləşməsi xüsusilə NATO çərçivəsində açıq şəkildə müttəfiq olan ABŞ-Türkiyə münasibətlərinin pozulmasına gətirib çıxarır”.

T.Rzayevin sözlərinə görə, xüsusilə Türkiyənin Rusiya ilə yaxınlaşması, müttəfiq kimi davranması, bəzi hallarda Rusiyanın Putin siyasətini tənqid etməməsi, hətta dəstək verməsi Qərb tərəfindən birmənalı şəkildə qarşılanmır:

“Qərb Türkiyənin açıq şəkildə Putinə qarşı mövqe tutmasını istəyir. Türkiyənin Avropa İttifaqında ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında rol almasını istəyirlər. Türkiyə aydın məsələdir ki, bu işlərdə rol almaq istəmir”.

Ekspert hesab edir ki, İstanbuldakı terror aktı əslində Türkiyənin bölgədə və dünyada artan nüfuzuna qarşı törədilib:

“Bununla Türkiyəni öz daxilindəki problemlərə kökləmək və beynəlxalq məsələlərdən kənarda saxlamaq istəyirlər. Teraktın İstiqlal küçəsində olması ilə verilən mesaj odur ki, Türkiyənin başı daxili problemlərə qarışsın, regional oyunlarda beynəlxalq güclərə mane olmasın”.

Gülnar Səlimova

Globalinfo.az