Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ və anklavları Azərbaycanın bir hissəsi kimi tanıdığını açıqlaması erməni ictimaiyyətində ciddi gərginliyə səbəb olub. Ölkədə referendum, Paşinyan devrilməsi ilə bağlı səsləndirilən fikirlər Moskva görüşündən sonra daha da kəskinləşib. Müxalifət sülh prosesinə mane olmaq üçün Nikol Paşinyan əleyhinə təbliğatı gücləndirir, onun səlahiyyətlərinin əlindən alınmasına çalışır.
Bu istiqamətdə üçüncü ölkələrin, hansısa xarici güc dairələrin dəstəyi ilə hakimiyyət çevirilişinin ola biləcəyi ilə bağlı iddialar var.
Bəs danışıqlar prosesinin davam etdiyi müddətdə Ermənistanda hakimiyyət çevrilişi ola bilərmi? Paşinyana qarşı sui-qəsd iddiaları nə dərəcədə reallığa uyğundur?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bu addımların arxasında əsasən bir mərkəzin dayandığını bildirib:
“Vaşinqtonda, Brüsseldə, daha sonra isə Moskvada keçirilən görüşlər sülh danışıqları prosesinə yönəlik idi. Amma Moskvada nisbətən fərqli vəziyyət yarandı. Bu görüşdən sonra Ermənistan daxilində müxalifət kəsimi daha ciddi aqressiya nümayiş etdirməyə başladı. Nikol Paşinyana qarşı ağır təzyiqlər var. Rusiya bölgədə sülh istiqamətində addımların atılmasını istəmir. Bunu açıq şəkildə başa düşmək lazımdır. Regionda sülh danışıqları prosesinin sürətlənməsi, sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarına ziddir. Ona görə də xüsusilə Moskva görüşündən sonra sülh prosesinin pozulmasına dair cəhdlər, Paşinyana qarşı təzyiqlərin arxasında Rusiyadakı bəzi dairələr dayanır. Putin administrasiyası hər vasitə ilə prosesə mane olmağa çalışır”.
Samir Hümbətov
Politoloq qeyd edib ki, Qərb Rusiyanın əksinə Paşinyanı hakimiyyətdə saxlamağa çalışır:
“Amma hər şeyə rəğmən Paşinyanı elə rahatlıqla hakimiyyətdən salmağın mümkün olacağını düşünmürəm. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə məğlub olmuş bir dövlətin baş naziri seçkilərdə yenidən iştirak etdi və səslərin yarıdan çoxunu toplamaqla qalib gəldi. Bu da onu deməyə əsas verir ki, erməni ictimaiyyətində Paşinyana, onun fikirlərinə maraq daha çoxdur. Həmçinin Qərb də Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Doğrudur, əvvəlki dövrlərdə belə hadisələr olub. Məsələn, Levon Ter-Petrosyanın hakimiyyətdən salınması, Ermənistan parlamentində bir neçə dövlət adamının güllələnməsi və s. kimi hadisələr baş verib. Amma son zamanlar Qərbin Ermənistan üzərindəki diqqəti daha da güclənib, burada enerji maraqları təmin olunur. Ona görə də bölgədə təhlükəsizliyin təminatı ilk şərtdir.
Qərb anlayır ki, regionda sülh olmasa, atəşkəsin pozulması halları davam etsə, Rusiya, İran, yaxud hər hansı dövlət tərəfindən yenidən təxribatlar törədilə bilər. Münaqişələrin baş verməsi isə Qərbin enerji siyasətinə zərər vurar. O baxımdan Paşinyanın hakimiyyətdə qalması və sülh danışıqlarının sürətlənməsinə Qərb ciddi maraq göstərir. Bu yanaşma isə Ermənistan baş nazirinin hələ bir müddət hakimiyyətdə qalacağı deməkdir”.
Ayşən Mustafa
Globalinfo.az