Paşinyanı İrəvanda belə “yandırdılar”: Bayraq insidentinin arxasındakı qorxunc proseslər

İrəvanda Azərbaycan bayrağının stilist Aram Nikolyan tərəfindən yandırılması, Ermənistanın əsas olayı olaraq qalmaqda davam edir. Məhz bu hadisə ölkədə gərgin olan vəziyyəti pik həddə çatdırmaqla yanaşı, müxalifətlə iqtidar arasındakı uçurumu da dərinləşdirib. Bununla belə, yaşanan olay ortaya bir sıra məqamları çıxarır.

Əvvəla, Nikolyanın vasitəsilə yaşanan hadisə və daha sonra buna sosial şəbəkələrdə verilən reaksiyalar İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ictimaiyyətində vəziyyətin necə olduğunu təxmin etməyə imkan verir. Müharibədəki məğlubiyyət ölkəni faktiki olaraq depressiv vəziyyətə salıb. Bu isə öz növbəsində əhalini iki yerə bölüb. Yəni əgər əhalinin bir hissəsi Azərbaycanla konfliktin nə şərt olursa olsun, bitirməyin tərəfdardırsa, digər qisim bunun tam əks cinahında özünə yer edir. Məhz sonuncular arasında millətçilik əhval-ruhiyyəsi yüksək həddə çatır ki, ondan da müxtəlif güclər istifadə etməyə çalışır. Maraqlı olan isə Paşinyan administrasiyasının məhz belə güclər arasında yer almamağa çalışmasıdır. Doğrudur, müəyyən yerlərdə iqtidar da bu qrupda toplanan kəsimi yanına çəkməyə çalışır, amma ümumilikdə belə fikrin hökmranlığı Ermənistan hakimiyyəti üçün təhdid yaradır. Təsadüfi deyil ki, məhz indiki hakimiyyət erməni mentalitetində streotiplərin məhvinin tərəfdarı kimi çıxış edir. Bu da məntiqi olaraq hakimiyyəti az öncə qeyd edilən qrupdan uzaqlaşdırır. Üstəlik, mövcud millətçi ideologiyanın dəstəklənməsi, İrəvanın son 100 ildəki taleyinin dəyişməməsinə şərait yaradaraq, Moskvadan uzaqlaşması ehtimallarını da azaldır. Bunu isə Ermənistan rəhbərliyində heç kim istəmir.

Nikolyan hadisəsində təzad yaradan məqamlar da çoxdur. Təzadlar məhz hadisənin arxasında birbaşa Ermənistan rəhbərliyinin dayanması iddiasını gündəmdən çıxarır (lakin bu təhlükəsizlik məsələsinə zəmanət məsuliyyətindən onu xilas etmir – red.). Əksinə, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan israrla öz hakimiyyətini bütün vasitələrlə gücləndirməyə çalışır. Hətta bunun üçün o, müəyyən avtoritar üsullardan da yararlanır ki, bunun da bəhrəsini Paşinyan 3 il öncəki rəqiblərini əhəmiyyətli dərəcədə zəifləməsi ilə görür. Bir sözlə, beynəlxalq səviyyəli tədbirlər Ermənistan hökumətinə əhali arasında öz təbliğatını gücləndirmək və özünün necə güclü olduğunu sübut etmək üçün lazımdır. Xüsusilə erməni baş nazirin bu işi hökumətdəki ən qərbyönlü şəxs sayılan müşaviri Araik Arutyunyana tapşırması da İrəvanın sonuncu təxribatda maraqlı olmadığını təxmin etməyə imkan verir. Yəni baş verən təxribat Ermənistan hakimiyyətinə nə əhali qarşısında, nə beynəlxalq ictimaiyyət önündə, nə də Azərbaycanla danışıqlar masasında heç bir üstünlük qazandırmır.

Əslində bayraq insidenti təxribatın arxasında başqa güclərin dayanması ehtimalını artırır. Açıq mənbələrdən əldə edilən məlumatlara baxsaq, Nikolyanın uzun müddət mövcud hakimiyyətə çalışdığını görərik. Bu isə zəhmətinin qarşılığı yaxşı verilən stilistin niyə sahibinə indi xəyanət etməsi məsələsini gündəmə gətirir. Görünür, erməni stilist hakimiyyətin daxilində və ya xaricdəki hansısa güc tərəfindən ya təhdid edilib, ya da elə uzun illər yatmış hücrə nümayəndəsi kimi onlarla çalışıb. Qeyd edilən variantlardan birincisi İrəvanın bayraq insidentindən sonra başlatdığı təbliğatda əsas tezis rolunu oynayıb.

Əgər məsələyə bu məntiqlə yanaşsaq, o zaman bayraq insidentinin əsas səbəbinin hadisədən bir müddət əvvələ getdiyini və ümumilikdə planlaşdırılan sistemli əməliyyatın tərkib hissəsi olduğunu görərik. Məsələ orasındadır ki, son iki həftədə Ermənistan hökumətinə xüsusilə Rusiya və onun ölkə daxilindəki təsir agentlərindən təzyiqlər pik həddə çatıb. Bu təzyiqləri gücləndirən əsas məsələ isə Ermənistanın NATO-nun cari ildə keçiriləcək KFOR və “Birləşmiş Qılınc” təliminə qoşulacağıdır. Bunun üzərinə bir də ABŞ-ın Avropadakı Quru Qoşunlarının baş qərargah rəisinin şəxsi heyət hazırlığı üzrə müavini briqada general Patrik Ellisin İrəvana səfəri, ardınca isə Ermənistan müdafiə naziri Suren Papikyanın NATO-nun Avropadakı qoşunlarının baş qərargahını ziyarət etməsini gəlin. Yəni Ermənistan faktiki olaraq bu addımı ilə NATO standartlarının Ermənistanda tətbiqinə start verib. Bu isə İrəvanın KTMT-dən ayrılması, faktiki olaraq Rusiyadan tam üz çevirməsinin əsas mərhələsi anlamına gəlir. Rusiyaya indiyə qədər ən ağır həmləsini edən Paşinyana Moskvadan bunun siyasi nəticələrinin olacağı barədə xəbərdarlıq gəlmişdi. Görünür məhz bu xəbərdarlığın nəticəsi əvvəla, sərhəddə Azərbaycanla toqquşmanın qızışdırılması, daha sonra isə Nikolyanın vasitəsilə gerçəkləşdirilən bayraq insidenti oldu. Xüsusilə Bakı ilə İrəvan arasında son dönəmlərdə uğurla gedən sərhəd razılaşdırılması məsələsinin Dığ kəndini Moskvaya bağlı qüvvələrin kütləvi ziyarətləri və erməni hərbçilərin müəmmalı davranışı nəticəsində pozulması, bütün oxları məhz Kremlə tərəf istiqamətləndirib.

Ən qəribə məqam isə Paşinyanın həftənin əvvəlində həm Dığ insidenti, həm də digər məsələlərlə bağlı verdiyi açıqlamalarda 5-ci kolon və ordu daxilində xainlərin olması ehtimalını dilə gətirməsi olub. Görünür, İrəvan da artıq prosesin kim tərəfindən aparıldığını yaxşı başa düşür və baş nazirin açıqlaması tezliklə bu qüvvələrin sıradan çıxarılma əməliyyatının başlayacağını göstərir. Bu isə öz növbəsində Moskvanı həddən artıq narahat edir. Ən azından son 3 ay ərzində ölkədə ümumilikdə 5-ə yaxın generala qarşı ya cinayət işi açılıb, ya da həbs edilib ki, onların da Rusiya ilə birbaşa əlaqəsi mövcuddur. Kremli qorxudan isə bundan sonra başladılacaq prosesin ordunun daxilindəki aktiv təsir vasitələrini sıradan çıxaracağıdır. Dolayısı yolla, bu, Rusiyanın Ermənistandakı mövcudluğunun əsas rıçağını məhv etmək deməkdir. Ona isə Moskva müqavimət göstərir.

Hadisələrin belə tərzdə formalaşması bayraq insidentinin niyə sistemli əməliyyat olduğunu aydınlaşdırmağa kömək edir. Görünür, Moskva İrəvandakı hibrid savaşını maksimum həddə çatdırıb. Savaşın aktivləşməsi tezliklə Paşinyana qarşı növbəti təxribatların da yaşanacağı anlamına gəlməlidir. Hər bir halda Moskva mövcud təxribatlarla Ermənistan cəmiyyəti ilə hökuməti arasındakı uçurumu, eləcə də erməni cəmiyyətinin özünün daxilindəki parçalanmanı xeyli dərinləşdirəcək. Bu isə Paşinyanın çevrilişinə hazırlığın artıq start götürməsi deməkdir.

İlkin Həsənov
Globalinfo.az