Paşinyan İranı belə mühasirəyə alır – Tehran qəzəbləndi

Türkoloq Varujan Geqamyan Paşinyanın müavininin İrana səfərini və prezident Rəisinin bəyanatlarını təhlil edərkən deyib ki, İran-Ermənistan münasibətləri pisləşir. O, deyib çünki hakimiyyətdə olanlar rəsmi Tehrana düşmən olan Qərb qüvvələrini İran sərhədlərinə yerləşdirməyə çalışırlar.

Geqamyan əlavə edib ki, regionda üç böyük dövlət var: “Rusiya, İran və Türkiyə regionun nəhəng dövlətləridir. Türkiyə bizi məhv etmək istəyir. Rusiya və İranın isə imperiya maraqları var. Əvəzində Ermənistan faktiki olaraq Rusiya və İranla düşmənçilik edir və bununla da Türkiyə üçün asan hədəfə çevrilir”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanın öz təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Rusiyadan uzaqlaşıb Qərblə yaxınlaşması istiqamətində atdığı addımlar, təbii ki, regionun böyük dövlətlərinin ürəyincə deyil və ona dəfələrlə bu barədə xəbərdarlıq edib:

“Xüsusilə Rusiyadan son zamanlar Paşinyan hakimiyyətinə qarşı ciddi xəbərdarlıqlar gəlməkdədir.

15 fevral, 2024-cü il. Mher Qriqoryan İbrahim Rəisi ilə görüşür

Məhz buna görə də indiki Ermənistan iqtidarı xarici siyasətindəki vektorları müəyyən etməkdə çətinlik çəkir və ya üz tutduğu Qərblə tam gücü ilə məhz onların istədiyi səviyyədə münasibətlər yarada bilmir. Onun bu ehtiyatı Qərbdə başa düşülür və buna görə də Paşinyandan daha ciddi addımların atılması hələlik tələb olunmur. Digər tərəfdən Qərb də öz növbəsində indiki şəraitdə Ermənistanın təhlükəsizliyini tam təmin etmək gücündə deyil.

Qərbdən fərqli olaraq regionun aparıcı dövlətləri Ermənistanın getdikcə daha çox onlardan uzaqlaşdığının fərqindədirlər. Həm Rusiyada, həm də İranda yaxşı başa düşürlər ki, Paşinyan hökumətinin Qərb və NATO-ya doğru dreyfinin qarşısı indi alınmasa, sonra gec olacaq. İran Prezidenti Rəisinin Ermənistanın Baş nazirinin müavini ilə görüşdə “Biz problemlərin həlli bəhanəsi ilə regionda xarici qüvvələrin olmasını istəmirik. Çünki regionda xarici qüvvələrin mövcudluğu nəinki heç bir problemi həll etməyəcək, əksinə, daha böyük gərginliklər yaradacaq” deməsini bu qəbildən izah etmək olar. İran tərəfi artıq Ermənistana müvafiq xəbərdarlığını edir. Nəticə çıxarılmasa daha ciddi cəzalar gələ bilər. Təbii ki, qısa bir müddət bu iki qonşu dövlətin münasibətinin pisləşəcəyini gözləmək düzgün deyil. Münasibətlərin müsbətdən mənfiyə doğru dəyişməsi üçün müəyyən zaman tələb olunacaq. Amma əsas məsələ odur ki, həm İranda, həm də Rusiyada artıq həyəcan təbili çalınmağa başlayıb. Digər tərəfdən Ermənistanla ciddi şəkildə danışmağa mane olan proseslər var. Buna Rusiya ilə Ukrayna arasındakı müharibə və Yaxın Şərqdəki qarşıdurmanı nümunə gətirmək olar”.

Turan Rzayev
Globalinfo.az