Paşinyan erməniləri Türkiyəyə qarşı bu silahdan məhrum edir: “100 illik plan” sıradan çıxarılır

Baş nazir Nikol Paşinyanın sonuncu çıxışında “erməni soyqırımı” iddiası ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda ciddi narazılıqla qarşılanıb. Paşinyanın “erməni soyqırımı” ifadəsi əvəzinə “böyük fəlakət” deməsi xüsusi diqqət çəkib. 

O, soyqırımı nəticəsində milyondan çox erməninin qətlə yetirildiyi iddiasına aydınlıq gətirilməsi, ölənlərin konkret siyahısının dəqiqləşdirilməsinə ehtiyac olduğunu açıqlayıb. Bu məsələ Ermənistan ictimaiyyətində soyqrımı iddialarından imtina kimi dəyərləndirilir. Məsələnin Türkiyə ilə münasibətlərin bərpa edilməsi prosesində Ankaranın tələbi ilə yerinə yetirildiyi deyilir.

“Erməni soyqrımı” iddiasından həqiqətən imtina edilə bilərmi? Türkiyə ilə əlaqələrin formalaşması üçün İrəvanın bu istiqamətdə nə kimi qərarlar qəbul etməsi gözlənilir?

Politoloq Turab Rzayev Globalinfo.az-a açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətlərin bərpasında maraqlıdır:

“Nikol Paşinyan hakimiyyəti daha çox iqtisadi əlaqələrin bərpasını istəyir. Çünki Ermənistan regionda blokada şəraitindədir. Qonşu ölkələr İran və Rusiya ilə münasibətləri də həmişə hamar olmur. Bu səbəblə Ermənistan iqtisadi vəziyyətini inkişaf etdirmək, blokadanı yüngülləşdirmək istəyir. Həmçinin Rusiya ilə münasibətlərinin gərginləşəcəyi ehtimalına görə Qərbə yaxınlaşmaq üçün iqtisadi və siyasi xətt axtarır. Bu məqamda isə ən uyğun variant Qərb ailəsi və NATO üzvü sayılan Türkiyədir. Sonuncu Tbilisi səfərində də açıq şəkildə dedi ki, Ermənistanın Azərbaycan və Türkiyəyə daha çox ehtiyacı var”.

Politoloq İrəvanın münasibətlərin normallaşması prosesi çərçivəsində Ankaraya bir sıra jestlər ünvanladığını deyib:

“Aydındır ki, Nikol Paşinyan münasibətlərin bərpası istiqamətində müəyyən addımlar atır. Dərsliklərdən Ağrı dağı ilə bağlı məsələnin çıxarılması, “erməni soyqırımı” ittihamlarında yumuşalmaya gedilməsi də bu xətt üzrə görülən işlərdir. Amma proses gözlənilən qədər asan olmayacaq. Burada bəzi nüanslar var ki, iki ölkə arasında yaxınlaşmanı çətinləşdirir. Bunlardan ilki ölkədaxili müxalifətdir. Həmin kəsim prosesi açıq şəkildə sabotaj etməyə çalışır. Onlar Paşinyanı soyqırımı ittihamları ilə bağlı mövqeyinə görə ölən “1,5 milyon erməni”nin ruhuna hörmətsizlikdə günahlandırırlar. Deyəcəklər ki, İrəvan hakimiyyəti dünyada ən güclü olan “erməni kartı”nı xalqın əlindən almaq istəyir”.

Politoloq bildirib ki, Ermənistan cəmiyyəti kifayət qədər şovinist və faşist ruhdadır: 

“Dünya üzərində yaşayan erməniləri birləşdirən iki güclü vasitə var: “erməni soyqrımı” iddiası və kilsə. Nəzərə alsaq ki, dinin rolu cəmiyyətdə getdikcə azalır, belə olan halda ən böyük birləşdirici faktor kimi soyqırımı məsələsi qalır. Bu əllərindən çıxarsa, o zaman böyük boşluq yarana bilər. Xaricdəki erməni lobbisi bu məsələni bəhanə edərək təşkilatlanır. Yaşadıqları ölkələrin parlamentləri qarşısında məsələ qaldırırlar. Soyqırımı iddiasının aradan qaldırılması, erməni lobbi təşkilatlarını mənasız birliyə çevirəcək”.

Ayşən Mustafa

Globalinfo.az