Parlament yeni qanun layihələrini qəbul etdi

Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişir.

Globalinfo.az bildirir ki,, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda pensiya hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir.

Layihəyə əsasən, pensiya hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən ediləcək.

Layihəyə əsasən, həmin şəxslərdən yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi miqdarında əlavə olunmaqla müəyyən edilməsi qaydası ləğv edilir.

Layihəyə əsasən, yuxarıda qeyd edilən şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən ediləcək.

Qüvvədə olan qanuna görə, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.

Globalinfo.az bildirir ki, xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5yaş;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;

Qüvvədə olan qanuna əsasən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişir.

Globalinfo.az bildirir ki,, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq:

-. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

-. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;

-. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;

-. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Qüvvədə olan qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:

-. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

-. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

-. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

-. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.

Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

Layihəyə əsasən, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.

Layihəyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) yuxarıda nəzərdə tutulmuş müddətlərə daxil edilməyəcək.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə qeyd edilib ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatlarını da aid edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Azərbaycanda 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, sığorta stajının müddəti 30 aydan 24 aya endirilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var.

Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Bu gün Milli Məclisin plenar iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Globalinfo.az xəbər verir ki, qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.