Parlament yeni qanun layihələrini qəbul etdi

Cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakı təmin ediləcək.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.

Həmçinin, layihəyə əsasən, zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllədə nəzərdə tutulmuş qaydada ödəniləcək. məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan Məcəlləyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri artırılır.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi (Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması) ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlər görmək dövlətin vəzifələri sırasına daxil edilir.

Eyni zamanda layihəyə əsasən, cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri sırasından ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək çıxarılır.

Dövlət məişət zorakılığının qarşısının alınması üzrə bu qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etməlidir.

Qeyd edilib ki, ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi verilib.

Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu halda dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -614-1 maddəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə – on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir.

Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -284-2 maddəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü (Dövlətə xəyanət), 276-cı (Casusluq) və ya 284-cü (Dövlət sirrini yayma) maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.

Globalinfo.az bildirir ki,bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə təklif edilən 281-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.

Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.