“Heç kəs hesab etməsin ki, çirkin fəaliyyətini gizlədə biləcək” – Aydın Mirzəzadə

Globalinfo.az Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə müsahibənin II hissəsini  təqdim edir.

Əvvəlki hissə burda: “Səfirliyimizə hücum anti-Azərbaycan kampaniyasının məntiqi nəticəsi idi” – deputat Aydın Mirzəzadə

– Aydın bəy, ölkədə anti-korrupsiya əməliyyatları keçirilir. 20-30 il vəzifədə kök salmış şəxslər işdən uzaqlaşdırılır. Onların yerinə yeni təyinatlar olur. Paraleldə Azərbaycanın xarici siyasətində və ideoloji konsepsiyasında çox sensasion dəyişikliklərə şahidlik edirik. Baş verənləri necə qiymətləndirirsiniz? Hakimiyyət xüsusilə də daxili siyasətlə bağlı nə planlaşdırır?

– Azərbaycanda dövlətçiliyin inkişafı yeni mərhələyə qədəm qoyur. Bunu bir tərəfdən cəmiyyətimizdə gedən proseslər və fərqli sahələrdə əldə etdiyimiz uğurlarla, digər tərəfdən isə dünyada cərəyan edən hadisələrin Azərbaycan cəmiyyətinə təsiri ilə əlaqələndirmək olar. Azərbaycan 200 il idi ki, öz müstəqilliyini itirmişdi və uzun müddət başqa dövlətlərin tərkibində olmuşdu. İnkişafda isə mərkəzi hakimiyyət bir o qədər maraqlı deyildi. Ancaq Azərbaycanın dəyərli oğul və qızlarının fədakarlığı nəticəsində Azərbaycan müəyyən uğur qazana bilib.

İndiki dövrdə isə daxili və xarici siyasəti özümüz müstəqil sürətdə həll edə bilirik. Kadr dəyişməsi zaman və keyfiyyət məsələsidir. Bu, həm islahatlar, həm yeniliyin tətbiqidir. Eyni zamanda da problemlərin gözünün içinə dik baxa bilməkdir. Biz bütün bunların hamısının cəmini gündəlik həyatımızda da görürük. Cənab prezident də bu məsələlərlə bağlı vaxtaşırı cəmiyyəti məlumatlandırır.

Biz gənc kadrların hazırlığını, dövlətçiliyə bağlılığını və cənab prezidentin verdiyi tapşırıqların öhdəsindən gələ bilmək üçün çalışdıqlarının şahidi oluruq. Bəzən yerinə düşməyənlər də olur. Amma istər-istəməz proses özü həmin insanları kənarlaşdırır.

– Anti-korrupsiya tədbirləri çərçivəsində əməliyyat gedir, həbslər olur, amma piramidanın başında dayanan adama toxunulmur. Burada misal olaraq MTN işində Eldar Mahmudovu, Mədəniyyət Nazirliyində Əbülfəs Qarayevi, Anar Kərimovu, Naxçıvan hadisələri fonunda Vasif Talıbovu qeyd etmək mümkündür. Sizcə, niyə belə olur? Yoxsa bizim bilmədiyimiz hansısa məqam var?

– Vaxtaşırı müəyyən şəxslərə yüksək vəzifə həvalə edilir. Ona ilk növbədə təyin olunduğu sahə ilə ciddi məşğul olmaq, dövləti təmsil etmək, insanların problemini həll etmək tapşırılır. Çox təəssüf ki, onların bir qismi buna əməl etmirlər, etmək istəmirlər.

Heç kəs hesab etməsin ki, çirkin fəaliyyətini gizlədə biləcək. Dövlət elə insanların çikablarını üzə çıxarır və cəzalandırır. Əlbəttə ki, artıq istintaqın gedişində kimin nə dərəcədə günahkar olduğu və necə məsuliyyət daşıdığı məsələləri həll olunur. Görünən ondan ibarətdir ki, dövlət korrupsiyaya göz yummaq niyyətində deyil. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs etdiyi əmələ görə cavab verəcək.

– Son zamanlar referendum olacağı və ardınca parlament seçkilərinin keçiriləcəyi haqda fikirlər irəli sürülür. Sizcə, hazırda bunu şərtləndirən vəziyyət yaranıbmı?

– Vaxtaşırı konstitusiyaya dəyişikliklər edilir və yeni dəyişikliyində olması mümkündür. Amma nə zaman və hansı formada olmasını gələcək göstərəcək.

ABŞ-nın federal və ştatlar konstitusiyası var. Ştatlar konstitusiyası dəfələrlə dəyişib. Bizim də hər dəfə qarşımızda yeni məsələlər durur. Buna uyğun da nələrsə ola bilər.

O ki, qaldı parlament seçkilərinin keçirilməsinə, xatırladım ki, son seçkilərdən cəmi üç il ötüb. Hazırda belə bir seçkinin keçirilməsinə ehtiyac olmadığını düşünürəm. Bununla belə, hər bir seçilmiş deputat öz üzərində çalışmalı, məsuliyyəti daha da artırmalı, seçicilərlə xoş davranmalı, ümumdövlət məsələlərinə daha çox münasibət bildirməlidir. Şadam ki, Milli Məclisin tərkibində belə həmkarlarım çoxdur.

– Siyasi partiyalar Haqqında qanundan sonra müəyyən narazılıqlar var. Bəzi partiyalar beş min imza məsələsi ilə bağlı ciddi narahatdırlar. Beş min imza tələbəni siyasi partiyaların birləşməsi və ya onların bağlanması üçün açıq qapı hesab edirlər. Sizcə, qanundan irəli gələn tələblər siyasi partiyaların fəaliyyətinə mane törədəcək, yoxsa hüquqi yolla bağlanmasına gətirib çıxaracaq?

– Əvvəlki qanun 90-cı illərdə qəbul edilmişdi. 30 il ərzində müəyyən dəyişikliklər edilsə də, yeni qərara ehtiyac var idi. Yeni qanun mahiyyətcə demokratikdir və siyasi partiya sisteminin möhkəmlənməsinə xidmət edir. İstəməzdim ki, bütün diqqət yalnız beş min rəqəminin üzərində dayansın. Orada siyasi partiyaların da fəaliyyəti ilə bağlı çox ciddi tələblər var. Etiraf edək ki, iddia edən bir siyasi partiya üçün beş min imza aşağı rəqəmdir.

Bir partiyanın beş min imzanı böyük problemə çevirməsini anlaya bilmirəm. Normal siyasi partiya həmin o beş min nəfəri bir rayondan da yığa bilər. Bu gün beş min nəfərə görə narahat olan partiyada belə görürəm ki, heç 500 nəfər də yoxdur. Bu da onu göstərir ki, artıq siyasi partiya sistemi yeni tələblərə uyğun olaraq formalaşmalıdır və formalaşıb da.

Bu gün parlamentdə 10-a qədər siyasi partiya fəaliyyət göstərir. Onların heç biri də beş min imzaya etiraz etmədi. Çünki həmin partiyaların müəyyən bir bazası var. Gələcəkdə parlamentə yeni partiyalar da düşə bilər. Narahat olan partiyalar isə problemi özlərində axtarmalıdır, qanunda yox.

Azər Ayxan,

Zaira Akifqızı

Globalinfo.az