xezer uzaq 11

Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı narahatedici tendensiya davam edir. Rusiyalı tədqiqatçıların araşdırmasına görə, 1993-2025-ci illərdə Xəzər dənizinin səth sahəsi kiçilib, dənizin səviyyəsi isə 1995-ci ildən bəri hər il orta hesabla 10 santimetr azalaraq ümumilikdə təxminən 3 metr enib.

Ümumiyyətlə, Xəzər dənizində su səviyyəsinin azalması həm də ekoloji tarazlıq üçün ciddi risklər yaradır. Mütəxəssislər bildirirlər ki, dənizin geri çəkilməsi sahilyanı ekosistemlərin məhvinə, biomüxtəlifliyin azalmasına və bir çox canlı növlərinin yaşayış mühitinin daralmasına səbəb ola bilər. Bu proses balıq ehtiyatlarına, xüsusilə də nərəkimilər kimi qiymətli növlərin populyasiyasına mənfi təsir göstərir. Eyni zamanda, dəniz dibinin açılması nəticəsində duz və toz hissəciklərinin havaya qalxması ətraf mühitə və insanların sağlamlığına əlavə təhlükələr yarada bilər.

Su səviyyəsinin azalması iqlim dəyişikliklərinin regiona təsirinin daha da gücləndiyini göstərən əsas göstəricilərdən biri hesab olunur. Bu vəziyyət sahilyanı ərazilərdə iqtisadi fəaliyyətə, o cümlədən balıqçılıq və turizm sahələrinə də mənfi təsir edə bilər. Ekoloqlar hesab edirlər ki, Xəzərin qorunması üçün region ölkələrinin birgə fəaliyyət göstərməsi, iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi və ekoloji monitorinqin davamlı aparılması xüsusi əhəmiyyət daşıyır. Bütün hallarda Xəzərin mühafizəsi yalnız ətraf mühitin deyil, həm də regionun sosial-iqtisadi və ekoloji təhlükəsizliyinin qorunmasının vacib tərkib hissəsidir.

 Xəzər dənizinin səviyyəsinin enməsi ekosistemə və Azərbaycanın sahilboyu ərazilərinə hansı əsas təsirləri göstərir? Bu prosesin qarşısını almaq, təsirlərini azaltmaq üçün hansı addımlar atılmalıdır?

 Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu proses Azərbaycan üçün həm ciddi ekoloji, həm də iqtisadi problemdir:

 Dəniz səviyyəsinin azalması sahil xəttini dəyişdirir, təbii tarazlığı pozur və müxtəlif sahələrə mənfi təsir göstərir. Əsas təsirlərdən biri su ekosistemlərinin deqradasiyasıdır. Dayaz körfəzlər, bataqlıqlar və qamışlıqlar quruyur. Halbuki bu ərazilər balıqların kürütökmə, quşların isə yuvalama məkanlarıdır. Nəticədə biomüxtəliflik azalır. Digər mühüm problem balıq ehtiyatlarının azalmasıdır. Xüsusilə nərəkimilər və digər qiymətli balıq növlərinin yaşayış və çoxalma şəraiti pisləşir. Eyni zamanda, Xəzər suitisinin yaşayış mühiti daralır. Onsuz da sayı sürətlə azalan bu növ əlavə ekoloji təzyiqlərlə üzləşdiyi üçün onun qorunması daha da çətinləşir”.

 Ekoloq bildirib ki, dəniz səviyyəsinin enməsi suyun duzluluğuna və temperatur rejiminə də təsir göstərir:

 “Buxarlanmanın artması nəticəsində suyun duzluluğu yüksəlir, temperatur rejimi dəyişir. Bu isə planktonlardan başlayaraq bütün qida zəncirinə mənfi təsir göstərən amillərdən biridir. Sahilboyu landşaft da ciddi şəkildə dəyişir. Yeni quru sahələri yaranır, bəzi limanlar və balıqçılıq infrastrukturu dayazlaşdığı üçün normal fəaliyyət göstərməkdə çətinlik çəkir. Digər bir problem quruyan dəniz dibindən qalxan toz və duz fırtınalarıdır. Küləkli havalarda bu toz və duz kənd təsərrüfatına, bitki örtüyünə və insanların sağlamlığına mənfi təsir göstərə bilər. Bütün bunlar turizm və iqtisadi fəaliyyətə də zərbə vurur. Çimərliklər, marinalar və digər sahil infrastrukturu yeni sahil xəttinə uyğun şəkildə yenidən layihələndirilməli və uyğunlaşdırılmalıdır”.

 Ekspertin sözlərinə görə, bu prosesi tamamilə dayandırmaq mümkün olmasa da, təsirlərini azaltmaq mümkündür:

 “Çünki əsas səbəblərdən biri iqlim dəyişikliyi nəticəsində buxarlanmanın artmasıdır. Digər tərəfdən, Xəzərə tökülən çayların su axını da azalır. Burada ilk növbədə Volqa çayını qeyd etmək lazımdır. Xəzərə daxil olan suyun təxminən 80 faizi Volqanın payına düşür. Kür çayının da rolu az deyil. Hər iki çayda axının azalması Xəzərin qidalanmasına mənfi təsir göstərir. Bu problemlərin təsirlərini azaltmaq üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə Xəzəryanı beş dövlət vahid elmi monitorinq sistemi yaratmalı və birgə fəaliyyət proqramı hazırlamalıdır. Kür, Volqa və digər çay hövzələrində sudan daha səmərəli istifadə edilməli, su itkiləri minimuma endirilməlidir. Bu, Xəzəri qidalandıran çayların imkanlarının daha səmərəli istifadə olunmasına kömək edə bilər.

 İqlim dəyişikliyinin təsirlərini azaltmaq mümkündür. Bunun üçün enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və meşələrin qorunması mühüm əhəmiyyət daşıyır. Həssas sahil ekosistemləri, bataqlıqlar və qamışlıqlar mühafizə olunmalı, mümkün olan yerlərdə bərpa edilməlidir. Bu, həm biomüxtəlifliyin, həm də bir çox canlı növlərinin yaşayış areallarının qorunmasına xidmət edəcək. Limanlar, balıqçılıq obyektləri və digər sahil infrastrukturu yeni sahil xəttinə uyğunlaşdırılmalıdır. Eyni zamanda, balıq ehtiyatlarının qorunması üçün qanunsuz ovçuluğa qarşı nəzarət gücləndirilməli, süni balıq artırma proqramları genişləndirilməlidir. Toz və duz fırtınalarının təsirini azaltmaq məqsədilə quruyan sahələrdə yaşıllaşdırma, qamışlıqların salınması və digər meliorativ tədbirlər həyata keçirilməlidir. Bitki örtüyü torpağı möhkəmləndirərək toz və duzun küləklə yayılmasının qarşısını qismən ala bilər. Nəhayət, peyk müşahidələri və erkən xəbərdarlıq sistemləri daha da təkmilləşdirilməlidir. Bu, Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklərin davamlı izlənilməsinə və risklərin vaxtında qiymətləndirilməsinə imkan verəcək”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: ekologiya və ətraf mühitin mühafizəsi.

media 900x333 1

Ləman İmran
Globalinfo.az

Paylaş: