ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda futbol üzrə dünya çempionatının final matçından əvvəl rəngarəng bağlanış mərasimi keçirilib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, mərasim planlaşdırılandan 10 dəqiqə gec başlayıb.
Gecikməyə səbəb ABŞ Prezidenti Donald Trampın oyuna gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi olub. Meydana ABŞ-dan hər biri təxminən 50 nəfərdən ibarət olan üç qrup çıxaraq stadionda “ürək döyüntüsü” ritmini canlandırıb. Zərb alətləri ifaçıları qızılı, qara və mavi rəngli geyimlərdə olublar. Meydançaya qara-qızılı rənglərdə böyük örtük sərilib, mərkəz dairəsində isə futbol topu formasında səhnə quraşdırılıb. Örtük üzərində ABŞ-ın ən məşhur simvolları, o cümlədən Azadlıq Heykəli və Empayr Steyt Binasının təsvirləri əks olunub.
Səhnəyə ilk çıxan ifaçı tanınmış amerikalı bloqer IShowSpeed olub. O, onlarla rəqqasın müşayiəti ilə “Champions” mahnısını ifa edib. Sənətçi qeyri-rəsmi üslubda ağ kostyum geyinib. IShowSpeed çıxışına qızılı futbol topunu havaya atmaqla başlayıb, ifasının sonunda isə topu yenidən tutaraq nömrəsini başa vurub. Komandaların isinmə hərəkətlərindən əvvəl rəsmi proqram Post Malone və Swae Leenin birgə çıxışı ilə yekunlaşıb. Onlar tamaşaçılar qarşısında birgə ifa ilə çıxış edərək final öncəsi şounun rəsmi hissəsini başa çatdırıblar.
Bağlanış mərasimindən sonra futbolçular üçün ənənəvi mərhələ başlayıb və komandalar isinmə hərəkətləri üçün meydana çıxıblar. Qısa fasilədən sonra isə dünya çempionatının bağlanış mərasiminin ikinci hissəsi keçirilib.
ABŞ-ın dövlət himnini müğənni Cennifer Hadson ifa edib. Ardınca mavi kostyumlarda səhnəyə çıxan Robbi Uilyams, Laura Pausini və Nikol Şerzinger Beynəlxalq Futbol Federasiyasının (FİFA) turnir üçün rəsmi himni olan “Desire” mahnısını səsləndiriblər. Bu zaman meydanın mərkəzində dünya çempionatında iştirak edən bütün ölkələrin bayraqlarını tutan könüllülər toplaşıblar.
Daha sonra Dünya Kubokunun təqdimat mərasimi keçirilib. Kuboku ispaniyalı Andres İnyesta və argentinalı Mario Kempes məşhur Louis Vuitton şirkətinin xüsusi hazırladığı çamadanda meydana gətiriblər.
Bundan sonra səhnəyə Hollivud ulduzu Tom Kruz çıxaraq təbrik nitqi ilə çıxış edib. “48 ölkə, üç ev sahibi dövlət bu turnirin möhtəşəmliyinin şahidi oldu. Dünyanın hər yerində insanlar sevinc və ümid anlarını bölüşdülər və bu çempionatı heç vaxt unutmayacaqlar. Futbol hamının başa düşdüyü dildə danışır. Bu, insanları birləşdirən gücdür, rəqibləri dosta çevirir və bizə ortaq dəyərləri xatırladır. Bu hekayə hamımıza məxsusdur”, – deyə Kruz bildirib.
Canlı yayım zamanı final oyununu izləmək üçün stadiona gələn ABŞ Prezidenti Donald Tramp da nümayiş etdirilib. Qarşılaşmanın başlanğıcını isə tanınmış amerikalı rinq-anonsçular, qardaşlar Maykl və Bryus Baffer elan ediblər.
Pop ulduzu Madonna və Castin Biber 2026-cı il futbol üzrə dünya çempionatının final oyununda fasilə zamanı minlərlə azarkeşi əyləndiriblər. Madonna məşhur “Music” mahnısını ifa edib. Müğənninin səhnəyə arenanın altındakı tunellərdən çıxaraq gəldiyi görüntülənib. Castin Biber, BTS və Şakira da möhtəşəm çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar.
