“Səfirliyimizə hücum anti-Azərbaycan kampaniyasının məntiqi nəticəsi idi” – deputat Aydın Mirzəzadə

Globalinfo.az Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə müsahibəni təqdim edir:

 

– Aydın bəy, İranda səfirliyimizə hücum ciddi səs-küy yaratdı. Bunu İran-Azərbaycan münasibətlərinin ən gərgin nöqtəsi saymaq olarmı? Bu terror aktı iki ölkə münasibətlərinə son verəcəkmi?

– İranda səfirliyimizə olunan hücum əslində, indiyə qədər bizə qarşı gedən anti-Azərbaycan kampaniyasının son məntiqi nəticəsi idi. İranda müəyyən müddət idi ki, rəsmi şəxslər, ordu generalları, tanınmış simalar Azərbaycan əleyhinə fikirlər səsləndirir, dövlət müstəqilliyimizi şübhə altına alırdılar. Hətta hədə-qorxu ilə Azərbaycana bəyanatlar verirdilər.

Azərbaycanla sərhəddə İranın xüsusi təyinatlılarının təlim keçməsi, Araz çayının ortasına asma körpülərinin atılması onu göstərir ki, İran Azərbaycana qarşı çox aqressiv bir siyasət yürüdür. Bu baxımdan da səfirliyimizə qarşı edilən hücum hansısa formada gözlənilən idi. Bu prosesin sonunda terror hadisəsinin olması əslində gözlənilən idi. Görünən budur ki, İranın hakim dairələri səfirliyimizin qorunmasında maraqlı olmayıb. Terrorçu dəfələrlə səfirliyimizə hücum edir, insanlarımızı hədəf alır, İranın təhlükəsizlik qüvvələri isə heç bir addım atmır.

Eyni zamanda İran kimi mərkəzləşmiş bir dövlətin vətəndaşının əlinə “Kalaşnikov” avtomatı alıb, hücuma keçməsi onu göstərir ki, ya bu məsələ əvvəldən hazırlanıb, ya da bu məsələyə barmaqarası baxılıb ki, belə faciə baş verib. Əgər bizim orada təhlükəsizlik xidməti işçilərinin qəhrəmanlığı olmasa idi, dəhşət bir nəticə ola bilərdi. Onlarla insan, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin də faciəsinin şahidi ola bilərdik.

– Terror hadisəsindən sonra İran tərəfi Azərbaycandan hələ də üzr istəməyib?

– Təəssüf ki, hadisə baş verdikdən sonra İran hakimiyyət orqanları bunu ört-basdır etməyə, məişət səviyyəli məsələ kimi qiymətləndirməyə və terrorçunu tələsik ruhi dispanserə yerləşdirməklə baş vermiş terroru unutdurmağa çalışırdılar. Haqlı olaraq sual yaranır: nəyə görə hadisə baş verən günü İran prezidenti Azərbaycan prezidentinə zəng edib üzrxahlıq etmədi? Nədən İran parlamentinin sədri Azərbaycan Milli Məclsinin spikerinə zəng etmədi? Niyə Türkiyənin xaricdəki səfirləri həmin ölkələrdəki səfirliklərimizə gəlib həmrəylik bildirsələr də, biz İran tərəfindən bunu görmədik? Nəyə görə, İranın Azərbaycandakı səfirliyi öz təşəbbüsü ilə deyil, Xarici İşlər Nazirliyinin dəvətindən sonra ora getdi?

İran indiyə qədər də Azərbaycandan terror aktına görə üzr istəməyib, Azərbaycanla birgə istintaq aparmağın vacib olduğunu bildirməyib. Bunun özü İranda anti-Azərbaycana kampaniyasının gərginliyini və məqsədyönlülüyünü göstərir. Məqsəd isə aydındır!

Səfirlik əməkdaşlarının Tehrandan çıxarılmasını necə qiymətləndirirsiniz?

– Səfirlik personalının oradan çıxarılması ən doğru addım idi. Bu, bir ölkə üçün çox böyük bir siyasi ittihamdır. Bu o demək idi ki, Azərbaycan İranın siyasətindən çox ciddi narazıdır. Təbrizdəki konsulluğumuzu nəzərə almasaq, hazırda münasibətlərimiz yox səviyyəsindədir. Burada itirən İrandır, Azərbaycan yox. Azərbaycan İransız yaşaya bilər, İran isə Azərbaycansız yaşaya bilməz!

– Hansı səbəblərdən İran Azərbaycansız yaşaya bilməz?

– Azərbaycan İran şirkətləri üçün bir bazar idi. Digər tərəfdən də minlərlə vətəndaşlarımız ora müalicə üçün üz tuturdu. Bunun nəticəsini İran hələ başqa məsələlərdə də görəcək. Azərbaycan hər zaman İrana qarşı istənilən beynəlxalq kampaniyalarda iştirakdan yayınıb. Amma İranın bizə qarşı bu addımı bizim qonşuluğumuza, dostluğumuza son qoydu. İran nəticə çıxarmalı və Azərbaycandan üzr istəməlidir.

– Sizcə, bu terror nəyin cavabı idi? Bir qrup ekspert bunu Azərbaycanın İsraildə səfirlik açmasının cavabı olduğunu deyir. Digərləri iddia edir ki, İsrail və ABŞ Azərbaycan üzərindən İranla bağlı nələrsə planlaşdırır. Digər rəylərdə bildirilir ki, Prezident İlham Əliyev başda olmaqla Güney Azərbaycan mövzusunda səsləndirilən açıq bəyanatlar bu terrorun baş verməsini şərtləndirib.

– Bu deyilənlərin heç birinin əsası yoxdur. Azərbaycanın ABŞ-la, Qərb ölkələri və İsraillə yaxşı münasibətləri var. Amma İranla olan münasibətlərin toplusu, həmin ölkələrlə olan münasibətlərin toplusundan qat-qat böyük və həcmli idi. İran isə bunu qiymətləndirmədi. Eyni zamanda heç bir ölkə bizə irad tuta bilməz ki, niyə biz hansısa dövlətlə əməkdaşlıq edirik?! Müəyyən dairələr belə düşünməklə, səhvə yol verirlər. Azərbaycan Gülüstan-Türkmənçay dövründəki Azərbaycan deyil. Əgər İranın Azərbaycanla hər-hansı narazılığı var idisə, bunu rəsmi kanallarla aydınlaşdırılmalı və müzakirə etməli idi. Sadəcə, İran Azərbaycanı özünün anti-Amerika, anti-İsrail kampaniyasının iştirakçılarından biri kimi görmək istəyirdi.

İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münasibətlərini yaxşı qurub, hərbi-texniki əməkdaşlığımız olub və biz də bunu qiymətləndiririk. Amma niyə 30 illik işğal dövründə İran Ermənistanla sərhədləri bağlamadı? Niyə 30 il müddətində İranın gözü önündə işğal olunmuş torpaqlarımızda dini abidələrin dağıdılmasına, məscidlərdə donuz saxlanmasına etiraz etmədi? İran “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” deyir. Bunlar hamısı göz önündə baş verir.

– Münasibətlərin bərpası üçün ilk addım kim tərəfindən atılmalıdır?

– İlk addım birmənalı olaraq İran tərəfindən atılmalıdır. Çünki terror bizə qarşı törədilib. Səfirliyimizə olan hücum, bizim torpaqlarımıza olunan hücum idi. Bu baxımdan da ilk addımı İran atmalıdır. Azərbaycanın istəyi odur ki, bu anti-kampaniyalara son qoyulsun, səfirlik əməkdaşlarının təhlükəsizliyinə zəmanət verilsin. Digər məsələlər isə İranın daxili işidir. Ermənilərə dəstək olması, Anna Akopyanı məscidə aparması onun daxili işidir və biz buna qarışmırıq. İran hələ bundan sonra kimi və nələr itirdiyini başa düşəcək.

– Sizcə, Azərbaycanın cavabı necə olacaq?

– Azərbaycan öz səfirliyini oradan çıxarmaqla İrana cavabını verdi. İranın Azərbaycan sərhədlərinə yaxın hərbi təlimlərinə, hərbi təlimlərimizlə cavab verdik. İran bunlardan bir nəticə çıxarmalıdır. Dediyim kimi: Azərbaycan İransız yaşaya bilər, İran Azərbaycansız yaşaya bilməz!

– Belə bir fikir və yanaşma var ki, İranın artan təhdidləri fonunda Qərb Azərbaycanla təhdid yox, dəstək dilində danışacaq. Sizcə, İranın Azərbaycana olan təzyiqləri fonunda Qərbin Azərbaycana qarşı münasibəti, ritorikası dəyişəcək?

– İranla münasibətlərin aşağı səviyyəyə düşməsi, Azərbaycanın bundan sonra anti-İran kampaniyası aparacağı və ya İran əleyhinə hansısa koalisiyalara qoşulacağı anlamına gəlmir. Bəli, biz İranla münasibətləri İranın səhvlərinə görə dayandırmışıq. Lakin Qərb və digər ölkələrin Azərbaycana münasibətləri heç də Azərbaycanın İranla münasibətlərinə uyğun olaraq qurulmayıb. Azərbaycan beynəlxalq birlikdə beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət edən ölkədir.

Azərbaycan sülhün, stabilliyin, əməkdaşlığın yaranmasına hörmətlə yanaşan ölkədir. Azərbaycan qısa zamanda beynəlxalq aləmdə böyük hörmət qazanıb. BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq, Qoşulmama Hərəkatının sədriyik. Eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. İranla Azərbaycan münasibətləri yalnız İranla Azərbaycana aiddir.

– Aydın bəy, ölkədə anti-korrupsiya əməliyyatları keçirilir. 20-30 il vəzifədə kök salmış şəxslərin işdən uzaqlaşdırılır. Onların yerinə yeni təyinatlar olur. Paraleldə Azərbaycanın xarici siyasətində və ideoloji konsepsiyasında çox sensasion dəyişikliklərə şahidlik edirik. Baş verənləri necə qiymətləndirirsiniz? Hakimiyyət xüsusilə də daxili siyasətlə bağlı nə planlaşdırır?

Ardı var….

Azər Ayxan,

Zaira Akifqızı