“Məhərrəm ayında yas saxlamaq fars-tacik ənənəsidir – şahları öləndə…” – Tarixçidən səs-küylü müsahibə 

Globalinfo.az tarixçi alim Zaur Əliyevin Məhərrəm ayı və Kərbəla faciəsinin tarixi haqqında müsahibəsini təqdim edir:

– Zaur bəy, hər il Məhərrəm ayı başlayanda Kərbəla hadisələri, İmam Hüseyn və ailəsinin, tərəfdarlarının şəhadətə qovuşması ilə bağlı müzakirələr başlayır. Üstəlik Aşura mərasimlərində islama, dinə aidiyyatı olmayan, insan sağlamlığına zidd ayinlərə şahidlik edirik. Ona görə də Kərbəla hadisələrinin real tarixi, gerçək mahiyyəti haqda danışmağınızı istərdik. Əslində, Kərbəlada nə baş verdi?

– İllərdir insanlar farsların ideoloji təsiri altında günahlara batırlar. Zəncir vururlar, başlarını yarırlar, dizin-dizin sürünürlər, uçan ələmdən istifadə edirlər və s. İmam Hüseyni (ə) anmaq üçün bunlar farslardan (tacik) gəlmədir. İslamda bütün məzhəblərdə, əsasən də şiəlikdə belə bir şey olmayıb. “Məhərrəmlikdə toy etmək olarmı” sualı da müzakirə edilir. Bununla bağlı heç bir fətva, yaxud ruhanilərin rəsmi qərarı yoxdur. Baxdığım bütün səhih mənbələr konkret qeyd edir: “şəriət nöqteyi-nəzərindən Məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil”. Məhərrəm ayında toyun qadağan edilməsinin tarixi farsların (taciklərin) 12-ci əsrdən sonra regiona təsirindən sonra yaranıb. Farslar (taciklər) şahları öləndə ona yaslar saxlayıb, ömür boyu o tarixlərdə xeyir iş etməzdilər. İslamda isə millətlərin ənənəsi yox, Qurani Kərimdə nə əmr buyurulursa, əsas o götürülür. Kərbəla sadəcə üzərində ağlanılanacaq və yalnız qəmginliklə qeyd ediləcək bir mövzu deyil. Əsas odur ki, insanlığa da dərs olan Kərbəla məsələsinin ana fikri dərk edilsin.

Məhərrəmlik ayında Peyğəmbər (s) əfəndimizin varisi İmam Hüseyn (ə) şəhid edilib. İmam da islam aləmi üçün əziz insandır. Xatirəsi sevilən, şəxsiyyətinə hörmət edilən kəsdir. Şəxsən mənim bir alim kimi ideallarımdan biri də İmam Hüseyndir. Çünki mənim tədqiqatlarım və nəticəsinə gəldiyim həqiqət budur ki, Kərbəla hadisəsi azadlıq və quldarlıq arasında bir mübarizədir. Dünyada ağalığa, quldarlığa qarşı yüzlərlə etirazlar edilib, mübarizələr olub. İmam Hüseyn(ə) isə bunların ən yadda qalanıdır. Çünki bu mübarizə ədalətin bərpa edilməsi üçün başlanmış idi, hakimiyyət davası deyildi. Azərbaycanda da tarix boyu aparılan müharibələrdə İmamın azadlıq və ədalət uğrunda apardığı mübarizəni yaşadan insanlar torpaqlarımız uğrunda canlarından keçib, şəhid olublar. Biz bunu tarixin bütün dövrlərində və 44 günlük Vətən müharibəsində də gördük. Bu sevgini 1400 il silmək olmayıb, olmayacaq da. Mən Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan əsgərlərin dilindən İmama aid “Həqiqətən həyat – əqidədən və bunun uğrunda mübarizə aparmaqdan ibarətdir” sözlərini çox eşitmişəm.

– İmam Hüseyn niyə bilə-bilə Kərbəlaya ölümə getdi?

– Kərbəla hadisəsi həm siyasi, həm tarixi, həm də insanlıq cəhətdən önəmli bir olaydır. Həzrət Hüseyn qarşılığında hər nə olursa olsun, həmişə doğrunun və haqqın yanında durmaq barədə insanlığa önəmli bir mesaj çatdırıb. Təsadüfi deyil ki, müasir Hindistanın qurucusu Mahatma Qandi və Afrikanın unudulmaz liderlərindən olan Nelson Mandela daxil olmaqla tarix boyunca bir çox insan Həzrət Hüseynin ədalətsizliyə qarşı duruşunu özlərinə nümunə götürüb. Dinc mübarizə ilə qul xalqını azad insanlara, işğalda olan torpaqları müstəqil dövlətə çevirən M.Qandi öz çıxışlarının birində hind xalqına belə söyləyir: “Mən sizlərə ən gözəl və ən qiymətli bir şeyi ərməğan edirəm. Müqəddəs İmam Hüseyn (ə.s.) Azadlığını!”

Şəxsən mənə görə, Məhərrəm ayı yas və hüzur ayı deyil. Məhərrəm ayı qanın qılınc üzərində qələbəsi ayıdır. İmam azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında “yox” deməyi öyrətdi…

“Həqiqətən həyat – əqidədən və bunun uğrunda mübarizə aparmaqdan ibarətdir” deyən İmam Hüseynin (ə) sözləri Kərbəlanın əsas mahiyyətini açıqlayır. Ədalət və bərabərlik uğrunda mübarizə aparan İmam Hüseyn(ə) özündən sonra böyük bir məktəb yaratdı. Misal üçün, Nəriman Nərimanovun Stalinə məktubuna diqqət verin:

“Bu, Yezidə qarşı mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir. Min illərdir ki, müsəlman kütləsi Məhəmmədin ən sevimli nəvəsi İmam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət, rəğbət əlaməti olaraq bu və ya digər yolla baş verən hadisələrə öz münasibətlərini bildirirlər. Öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıla almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir. İmam Hüseyn tabe olsun və vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O, bunu etmədi, həlak oldu”.

Bundan əlavə, islam peyğəmbəri Həzrəti Məhəmməd (s) dəfələrlə İmam Hüseynin (ə) şəhid ediləcəyini tam təfsilatı ilə bəyan etmişdi. Kərbəla müsibəti barəsində nəinki Həzrət Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də bilirdi.

 – İmam Əli yezidin atası Müaviyə ilə savaşdığı halda niyə İmam Hüseyn yezidlə bənzər formada müharibə etmədi, amma 72 nəfərlə Kufəyə getdi?

– İmam Hüseynin (ə) məhz Yezidə qarşı olan qiyamına gəldikdə, İmam (ə) bu qiyamın səbəbini belə açıqlayır: “Mən nübüvvət evindən və imamət ocağındanam. Mənə mələklər və İlahi rəhməti nazil olur. Allah bizim ailənin vasitəsi ilə fəth edib və bizim istəyimizlə tamamlayır. Yezid isə fasiq, şərabxor, cinayətkar və qatildir. Yezid açıq-aşkar şəkildə istədiyi bütün çirkin əməlləri etməkdən çəkinmir. Mənim kimi bir şəxs heç vaxt onun kimisinə beyət etməz”.

Bəni-Üməyyənin zülm və cinayətindən təngə gəlmiş Kufə camaatı Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə) Yezidlə beyət etməyərək onun hakimiyyətinə qarşı çıxdığını eşitdikdə, İmama məktub yazıb onu özlərinə rəhbər seçdiklərini elan etdilər. İlk məktub hicrətin 60-cı ili, Ramazan ayının onunda İmamın (ə) Məkkədə Yezidin əleyhinə çıxışlar etdiyi zaman əlinə yetişdi. Kufənin tanınmış və görkəmli şəxsiyyətləri ardıcıl şəkildə İmama (ə) məktub yazıb onun Kufəyə gəlməsini və onlarla birlikdə Yezidin xilafətini devirməyi xahiş edirdilər. Hətta bir gündə İmamın əlinə 600 məktub yetişirdi. Nəhayət, 18 min məktub kufəlilər tərəfindən İmama (ə) yazıldı. İmam Hüseyn (ə) kufəlilərin atasına və qardaşına vəfasız qalmalarını bilsə də, bu qədər məktublar yazıb kömək istəyən camaata da etinasız qala bilmədi. Üzərinə böyük bir məsuliyyət düşmüş İmam Hüseyn (ə) əmisi oğlu Müslimi Kufəyə göndərib vəziyyəti öyrənməyi tapşırdı.

Müslim ibn Əqil İraqa yola düşdü. O, Kufə şəhərinə çatdığı zaman camaatın dəstə-dəstə sevinclə onun üzərinə axışdığını gördü. Müslim məscidə daxil olduqda minlərlə kufəli onun arxasınca məscidə girib onunla beyət etdilər. İmam Hüseyn (ə) öz vəzifəsinə əməl etdi. İmamın (ə) Yezidə qarşı qiyam etməsində rol oynayan əsas amillərdən biri Kufə əhlinin İmama (ə) yazdığı məktubları cavabsız qoymamaq idi. Hərçənd ki, kufəlilər İmama (ə) qarşı vəfasız çıxıb onun “Mənə kömək edən bir kişi yoxdurmu?“ fəryadına cavab vermədilər. İmam Hüseynin (ə) qiyamında daha önəmli rol oynayan amillərdən biri də, yaxşılığa əmr etmək və pislikdən çəkindirmək olub. Daha dolğun desək, İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsinin əsl məqsədi xalqı haqqa yönəltmək, islam qanunlarını dirçəltmək və ölkədə islahat işləri aparmaqla zülmün, fəsadın və cinayətlərin kökünü kəsmək olub. Əslində onun (ə) Yezidə beyət etməməsi və kufəlilərin dəvətini qəbul edərək onlara rəhbərlik məsuliyyətini öhdəsinə götürməsi də bu prinsip əsasında həyata keçib.

İmam Hüseyn (ə) Mədinədən hərəkət etdiyi zaman qardaşı Məhəmməd ibn Hənəfiyyəyə belə bir vəsiyyətnamə yazır: “Qoy bütün dünya bilsin ki, mən nə şöhrət üçün, nə fəsad törətmək üçün, nə də istibdada görə qiyam etmədim. Mən islahat üçün ayağa qalxdım, qiyam etdim ki, yaxşılığa əmr edib, pislikdən çəkindirəm. Cəddimin və atamın sözlərini, əməllərini dirçəldim”. Misal üçün, qardaşı İmam Həsən (ə) artıq müharibə etməkdə heç bir fayda görməyib Müaviyə ilə sülhü qəbul etmək məcburiyyətində qaldı. Lakin İmamın (ə) Müaviyə ilə sülh etməsi ona tabe olub cinayətlərini qəbul etmək mənasında deyildi. Bu sülh yalnız atəşkəs xarakteri daşıyırdı. İslamın qorunması və müsəlmanların canının hifz olması naminə İmam Həsən (ə) tərəfindən imzalanmış sülh müqaviləsini İmam Hüseyn (ə) də imzaladı. Bir müddət keçdikdən sonra İmam Həsən (ə) Müaviyənin hiylələri nəticəsində öz arvadı tərəfindən zəhərlənib şəhadətə yetişir. Bununla da ümmətə İmamət və rəhbərlik etmək məsuliyyəti İmam Hüseynin (ə) öhdəsinə düşür.

İmam Hüseyn (ə) İslamın Müaviyə tərəfindən təhrif olunmasını bilsə də, Müaviyə özünü xalqa islamın yeganə qurtuluşçusu kimi tanıtdırırdı. Buna görə də İmam (ə) çalışırdı ki, Müaviyənin hiyləgər simasını xalqa tanıtdırıb, onları cəhalətdən ayıltsın.

İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) vaxtında Müaviyə ilə sülh müqaviləsinə imza atması və xalqın uzun müddət keçməsinə baxmayaraq Müaviyənin riyakarlıqlarına aldanıb onu dindar və xilaskar sanmaları, İmam Hüseynin Müaviyəyə qarşı qiyam etməsinə mane oldu. Buna baxmayaraq, İmam (ə) Müaviyənin törətdikləri cinayətləri camaata anlatmaqla onu el arasında rüsvay etməyə çalışırdı.

– Zaur bəy, İmam Hüseyn Mədinədə qalsa idi, nə baş verərdi?

– Gəlin bu məsələyə tarixi və siyasi tərəfdən baxaq. O zaman Müaviyənin ölüm xəbəri bir çox şəhərlərə, o cümlədən də Mədinə şəhərinə gəlib çatmamışdı. Xalqın bu barədə heç bir məlumatı yox idi. İmamın (ə) bu xəbəri şəhərə yayması və onları Yezidin hökumətinə qarşı ayağa qaldırması üçün uzun zaman tələb olunurdu. Təbiidir ki, hökumət heç bir vaxt bu fürsəti İmamın (ə) ixtiyarına qoymazdı. Müaviyə ölən zaman Mədinə şəhərində Yezidin əsl simasını tanıyan insanlar çox az idi. Camaatın əksəriyyəti Müaviyənin təbliğatı nəticəsində Yezidi xilafətə layiq bilirdilər. Hətta Müaviyə ölümündən qabaq bir çox şəxslərdən Yezidin hakimiyyəti üçün beyət almışdı. Elə bu səbəbə görə də, İmam Hüseyn (ə) Yezidin Mədinə camaatı tərəfindən tanınması üçün bir müddət bu şəhərdə gözləməli idi. Lakin Mədinənin hakimi İmama (ə) vaxt vermir, onu Yezidin hakimiyyətinə beyət etməyə məcbur edirdi. Buna görə İmamın (ə) Mədinəni tərk etməkdən başqa çarəsi qalmamışdı. O zaman Mədinə şəhərinin əhalisi o qədər deyildi ki, onların vasitəsi ilə hökumətin əleyhinə güclü bir qiyam etmək mümkün olsun. Əksinə, bu şəhərin cəmiyyəti Kufə, Bəsrə və Şam kimi şəhərlərlə müqayisədə çox az idi. Əgər İmam Hüseyn (ə) orda qalsa, mütləq şəkildə öldürüləcəkdi. O zaman Bəni-Üməyyənin məşhur adamları, eyni zamanda Mərvan ibn Həkəm və onun xanidanı Mədinədə yaşayırdı. Sözsüz ki, onlar orada böyük qüdrətə malik olduqları üçün İmamın (ə) hər bir fəaliyyətinin qarşısını alıb, çox sakitcəsinə onu şəhid edərdilər.

 – İmam Hüseynin şəhadətindən sonra niyə onun qisasını qardaşı İmam Həsən deyil, illər sonra dostu Muxtar aldı?

– Çünki İmam Həsən(ə) qardaşından öncə Müaviyə onun arvadı ilə gizli danışqlara gedib onu zəhərləmişdi. İmam Hüseyn (ə) uğrunda qiyam edib şəhadətə yetişdiklərindən sonra bu ağır vəzifənin davamını Muxtar Səqəfi öz öhdəsinə götürdü. Muxtar Aşura günü zindanda idi. Buna görə də o, Kərbəlada olmayıb. Müslümün şəhadətindən sonra İbn Ziyad Muxtarı öldürmək niyyətində idi, lakin Əmr ibn Hüreysin vasitəçiliyi ilə onu öldürməkdən çəkindi. Amma onu həbsə atdı. Muxtar Kərbəla hadisəsindən sonra da zindanda qalıb. Əgər o Kərbalada olsaydı mütləq öldürüləcəkdi.

Muxtar İmam Hüseynin (ə) qanının intiqamını almaq üçün başına 24-mindən çox qoşun toplaya bildi. Hicri 66-cı ildə Muxtar İmam Hüseynin (ə) qanını almaq adı ilə qiyam etdi və Kufə şiələri də ona qoşuldu. O, qiyamında iki “Ya Ləsarətil-Hüseyn” və ya “Ya Mənsuru əmit” şüarından istifadə etdi. Bu qiyamda Muxtar Şümr ibn Zil-Cövşən, Xuli ibn Yezid, Ömər bin Səd və Übeydullah ibn Ziyad kimi Kərbəla hadisəsini törədənlərdən bir neçəsini öldürdü. Muxtar qismən də olsa, İmam Hüseynin (ə) intiqamını ala bildi. O, hətta bir gündə Kərbəla qatillərindən 280 nəfəri həlak etdi və cinayət başçılarından bir çoxunun evlərini viran qoydu.

Zaira Akifqızı

Globalinfo.az