Lukaşenko ilə Priqojin arasında hansı gizli əlaqə var? – “20 ildən artıq davam edən şəxsi münasibət…”

“Vaqner” geri çəkilsə də, Rusiyada ab-hava gərgin olaraq qalır. Hadisələrin yenidən baş verəcəyi, bu dəfə daha gərgin vəziyyətin yaşanacağına dair müzakirələr getdikcə güclənir.

İndi əsas diqqət Belarus prezidentinin hadisəyə müdaxiləsidir. Aleksandr Lukaşenkonun Priqojini geri çəkilməyə necə razı saldığı, Putinin bacarmadığına necə nail olduğu xüsusilə maraq doğurub.

Bəs Lukaşenko bunu necə bacardı?

Hazırda Rusiyadakı vəziyyəti Globalinfo.az-a dəyərləndirən politoloq Mətin Məmmədli bildirib ki, məsələnin arxasında kimlərin dayanmasından asılı olmayaraq baş verənlər Putinin nüfuzuna ciddi zərbə vurdu:

“Rusiyadakı hadisələr ölkə daxilində hərbi-siyasi böhranın əlamətləri kimi dəyərləndirilməlidir. Bu, hərbi və siyasi elita daxilində parçalanmanın bariz göstəricisidir. Çünki Priqojin və onu müdafiə edənlər Rusiya elitasında olduqca yüksək mövqelərə sahibdirlər. Onların Kreml hakimiyyətinə, Putinə qarşı çıxması təsadüfi və sıradan bir hadisə deyil. Hələ iyunun 23-də baş verənlərdən öncə Priqojin Rusiya müdafiə naziri və Baş Qərargah rəisini sərt ittihamlarla tənqid və təhqir edən açıqlamalar vermişdi. Düşünürəm ki, bu idarəolunan bir prosesdir. Amma tam olaraq Priqojin və Putin arasında bir oyun kimi də başa düşülməməlidir”.

Politoloq elita daxilində Putinin əleyhinə olanların məqsədlərinə çatdıqlarını deyib:

“Hesab edirəm ki, elita daxilində Putinə qarşı olan qüvvələr Priqojini qabağa verməklə ilk növbədə Rusiya Prezidentinə təzyiq göstərmiş oldular. Beləliklə, onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzuna sarsıdıcı zərbə vurdular. Bu qüvvələr əslində öz məqsədlərinə nail oldular. Vaxtı ilə dünyanın ən güclü liderlərindən biri kimi qəbul olunan Putin öz prinsiplərinin əksinə gedərək dövlətə qarşı çıxmış birini və qruplaşmanı bağışladı. Hesab edirəm ki, baş verənlər hələ sona çatmayıb. Rusiya daxilindəki proseslər Ukraynadakı müharibəyə paralel olaraq davam edəcək”.

M.Məmmədli Lukaşenkonun hadisələrdəki mövqeyini dəyərləndirərək, Priqojin və Putin arasındakı rolundan söz açıb:

“Belarus Prezidentinin vasitəçiliyi və nəticədə Priqojinin qərarını dəyişərək geri qayıtması məsələnin digər tərəfidir. Burada iki məqamı qeyd etmək istəyərdim.

Birincisi, Lukaşenko ilə Priqojin arasında 20 ildən artıq davam edən şəxsi münasibət var. Paralel olaraq onun Rusiya prezidenti ilə də yaxın münasibətləri mövcuddur. Beləliklə, hər iki şəxs Lukaşenkoya etibar edib və nəticədə onun vasitəçiliyi uğurlu alınıb. Çevrilişə cəhdin olduğu gün Rusiya güc strukturlarının nümayəndələri də Priqojinlə danışıqlar aparıblar. Amma real nəticə verməyib. Çünki generallarla və güc strukturlarının nümayəndələri ilə danışıqlardan sonra Priqojin geri çəkilsəydi, bu, onun məğlubiyyəti kimi qəbul edilə bilərdi. Amma Lukaşenkonun vasitəçiliyi ilə geri çəkilsə də, Priqjonin öz mövqeyini, gücünü və nüfuzunu Rusiya ictimai rəyində müəyyən mənada qoruyub saxlaya bildi”.

Ayşən Mustafa
Globalinfo.az