Kremldən Paşinyanla bağlı son qərar: Ermənistanda çevriliş hazırlığı başladı – Oliqarxlar hərəkətə keçdi

Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında Bakı ilə İrəvan arasında aparılan sülh prosesi ilə bağlı bəyanatı onsuz da bölgədə gərgin olan vəziyyəti bir qədər də qəlizləşdirdi. Moskvada yaxşı başa düşürlər ki, Cənubi Qafqazda proseslərin inkişafı heç də onun arzuladığı məcrada inkişaf etmir. Bu isə tezliklə regionda II Qarabağ müharibəsindən sonra yaranmış balansın tam olaraq Rusiyanın əleyhinə pozulması ilə nəticələnə bilər. Pozulacaq balans isə Rusiyanın özünün arxa bağçası saydığı bölgəni itirməsinə gətirib çıxaracaq və Kremlin supergüc statusunun üzərindən xətt çəkəcək. Ona görə də Lavrovun son bəyanatı məhz bu prosesi dayandırmağa hədəflənib ki, bununla da bağlı artıq Moskva hərəkətə keçməyə başlayıb.

KTMT-nin İrəvan sammiti ərəfəsində yaşananlar da Rusiyanın Ermənistanla bağlı yekun qərar vermək ərəfəsində olduğunu göstərdi. Məhz bu sammitdən sonra Moskvaya qarşı İrəvanda təbliğat kampaniyası maksimal həddə yüksəldi ki, bu da Lavrovun bəyanatının mahiyyətini anlamağa kömək edir. Rusiya baş diplomatının açıqlamalarından da göründüyü kimi, Moskvanın mesajı Bakıdan çox məhz İrəvanadır. Belə ki, Lavrov dolayısı yolla Paşinyanı ittiham edən bəyanat səsləndirməklə Qarabağ ətrafında yaranan situasiyaya görə bütün məsuliyyəti onun üzərinə yükləməyə çalışır. Bu da son iki ildə Moskvanın rusiyayönlü müxalifət vasitəsilə apardığı qeyri-rəsmi siyasəti rəsmiləşdirməsi anlamına gəlir. Yəni Kreml Ermənistanda iqtidarın sayəsində ona qarşı yönləndirilən ittihamlardan xilas olaraq, Bakı ilə danışıqların detallarını ictimaiyyətə sızdırmaqla şübhələr formalaşdırır və bütün oxları hakimiyyətə tərəf yönəltməyə çalışır. Detalların açıqlanmasına daima qarşı çıxan Rusiya diplomatiyasının indiki dönəmdə özünə xas olmayan bu taktikanı seçməsi də Moskvanın vəziyyətinin heç də yaxşı olmadığını və Kremldə artıq Paşinyanla bağlı yekun qərarın qəbul edildiyini göstərir.

Diqqət çəkən məqam Lavrovun bəyanatının ardınca İrəvanda Azərbaycan Milli Məclisinin 8 noyabrda qəbul etdiyi deklarasiyaya cavab olaraq Ermənistan Blokunun deputatları tərəfindən adekvat addımın atılması ilə bağlı parlamentdə müzakirələr başlatması idi. Doğrudur, parlament Bakı ilə bağlı bəyanat qəbul etmədi və bu işdə əsas rolu məhz Paşinyanın Mülki Müqavilə Partiyası görsə də, müxalifətin bəyanatındakı “Dağlıq Qarabağ Respublikası” və “Şuşa bəyanatı” kimi ifadələrə iqtidarın qarşı çıxması prosesin sifarişçisi olan Moskvaya yeni imkanlar yaratmış oldu. Bu baxımdan Paşinyan administrasiyasına qarşı iclasdan sonra hücumların genişlənməsi təsadüfi deyil. Belə həmlə etməklə Ermənistan iqtidarının əslində Qarabağdan imtina etməsi ilə bağlı Moskva ictimaiyyətdə bilərəkdən neqativ fon yaradaraq, onu gələcək günlərdə erməni baş nazirinə qarşı əsas kimi istifadə etmək üçün zəmin formalaşdırır. Bu isə Paşinyana qarşı tezliklə daha sərt şəkildə hücumların yaşanacağını təxmin etməyə imkan verir.

Maraqlı məqam isə baş verənlər fonunda Robert Köçəryanın Ermənistan Blokundan qopmaların sayının artmasıdır. Təkcə son bir il ərzində 7 deputat itirən Köçəryan üçün çox çətin situasiya formalaşıb. Məhz bu amil həm də Kremldə Köçəryan variantının səssiz şəkildə rəfə qaldırılması ehtimallarını artırır. Köçəryanın yox olması Moskvanın maraqlarına uyğundur ki, bunu da Putinin 2018-ci il inqilabından sonrakı etdiyi həmlələr də sübuta yetirir. Əgər Köçəryanın komandasından ayrılanlara nəzər yetirsək, onların mühüm simalar olduğunu görmək olar. Xüsusilə Vahe Akopyanın Oyanan Ermənistan Partiyasının iki deputatı ilə Blokdan uzaqlaşması, Kremlin planlarının daha böyük olmasını deməyə əsas verir. Hakimiyyətin uzun müddətdir ələ keçirmək üçün mübarizə apardığı Zəngəzur Mis Molibden Kombinatının sahibi olan Akopyan çox zəngin olmaqla bərabər mühüm oliqarxdır və onun Zəngəzurda nüfuzu həddən artıq yüksəkdir. Üstəlik, Akopyanın rusiyayönlü oliqarx Qagik Çarukyanla çox yaxın dostluğu var ki, bu da siyasətçinin qəbul etdiyi qərarda Kremlin də rolunun olduğunu təxmin etməyə imkan verir. Digər tərəfdən, Moskva təkcə Akopyanla yox, artıq digər oliqarxlarla da danışıqlar aparır. Bu işdə Rusiyaya Paşinyanın öz komandası daxilindən yeni güclər çıxararaq, özünə qarşı potensial təhdidləri balanslaşdırmağa cəhd etməsi də kömək olur. Məhz bu addım Paşinyanı inqilab zamanı dəstəkləyən oliqarxlarla qarşı-qarşıya gətirir ki, buna da ən böyük sübut məhz Xaçatur Sukiasyana qarşı noyabrda istintaq prosesinin başlaması göstərilə bilər. Bütün baş verənlər Moskvada iqtidara qarşı üçüncü gücün yaradılması prosesinin gücləndiyini göstərir ki, yuxarıda adı çəkilən oliqarxlar da onun ən böyük həlqələrini təşkil edə bilər. Dolayısı yolla bu, Ruben Vardanyan və ya Kremlin seçəcəyi hər hansı başqa biri (eks-ombudsman Arman Tatoyan da ola bilər – İ.H.) üçün komandanın formalaşdırılması anlamına, yəni İrəvanda Paşinyanın devrilməsi üçün proseslərin sürətləndirilməsi mənasına gəlir. Vardanyanın Həyat Üçün Ölkə Partiyasının gələn il İrəvanda keçiriləcək meriya seçkisinə aktiv hazırlaşdığı məlumatının ortaya çıxması da buna sübut ola bilər.

Belə gedişat Rusiyanın artıq Qarabağ və Ermənistan arasında seçim etməsinə də işarə ola bilər. Kremlə görə indiki zamanda onun üçün əsas prioritet Qarabağdan çox Ermənistanda mövcudluğunu saxlamaqdır ki, bu da onun Cənubi Qafqazda qalmasına şərait yaradacaq. Görünən odur ki, Rusiyada həm də İrəvanın yekun niyyəti haqqında xəbərdardırlar və Paşinyanın Bakı qarşısında Qərb paytaxtlarında aparılan danışıqlar zamanı ictimaiyyətə açıqlanmayan öhdəliklər götürməsindən şübhələnirlər. Lavrovun son bəyanatında bilərəkdən Praqa görüşünü ironiyalı şəkildə xatırlatması da bu baxımdan təsadüfi sayıla bilməz.

Lakin Paşinyan da asanlıqla təslim olmaq fikrində deyil. Əslində Lavrovun bəyanatı Ermənistan iqtidarı üçün yeni problemlər yaradır, amma İrəvan yaranmış gərginliyi fürsətə çevirmək niyyətində olduğunu göstərir. Bu işdə isə Paşinyana seçdiyi doğru taktika yardımçı olur. Soçi görüşündən öncə “Rusiyanın Qarabağla bağlı təkliflərini dəstəkləyirik” deyən Paşinyan məhz bu bəyanatı sayəsində Moskva üçün çətin situasiya yaratmış olub. Ona görə də mətbuat konfransında Qarabağı Azərbaycan ərazisi adlandıran Lavrov dolayısı yolla Paşinyana Rusiya əleyhinə istifadə etməsi üçün effektiv rıçaqlar da verib. Bundan isə Ermənistan baş naziri artıq istifadə etməyə başlayıb. Təsadüfi deyil ki, məhz müxalifətin təşkil etdiyi dinləmələrdə hakimiyyətə qarşı səsləndirilən ittihamlara Mülki Müqavilə Partiyasından olan qərbyönlü deputat Eduard Ağacanyan sadəcə “Moskvanı təkliflərini dəstəkləyirik” cavabını verməklə kifayətlənib.

Əslində Paşinyan belə həmlə etməklə həm də ictimaiyyət daxilində dayaqlarını gücləndirmək imkanı qazanır. Nəticədə manipulyasiya üçün böyük imkan qazanan erməni baş nazir məhz bu gedişlə Qarabağdan imtina üçün effektiv əsaslar əldə edəcək. Yəni xalq qarşısına çıxacaq Paşinyan Qarabağda artıq onları heç kimin müdafiə etmədiyini, Rusiyanın isə onları satdığı görüntüsü yarada biləcək ki, bu da Nikola hərtərəfli sərf edir. Üstəlik, bu addım sayəsində Paşinyan həm Rusiyanın dayaqlarını zəiflədib, özünə təhdidi əhəmiyyətli miqdarda azaltmaq şansı əldə edəcək, həm də Bakı ilə müqavilə imzalamaq üçün dayanıqlı əsaslar əldə etmiş olacaq. Sonuncu məqamı iqtidar deputatlarının və mətbuatının “Ermənistan öz təhlükəsizliyini Qarabağa qurban verməyəcək” tezisi əsasında başlatdığı təbliğat da sübuta yetirir. Görünür, İrəvanda belə təbliğat sayəsində Paşinyan 2018-ci ildən sonra başlatdığı ictimaiyyət daxilində parçalanma prosesini sürətləndirmək istəyir ki, bunun da II Qarabağ müharibəsindən sonra effektiv olmaq imkanları yüksəkdir. Ermənistan cəmiyyətinin bu savaşdan sonra depressiya yaşadığı nəzərə alınarsa, o zaman ictimaiyyətdə Paşinyanın Qarabağdan imtina tezisinə dəstək çıxanların sayı da yetərli qədər olacaq.

Son sorğuların nəticələri də Nikolun seçdiyi taktikanın işə yaradığını göstərir. Hətta II Qarabağ müharibəsinin nəticəsinə baxmayaraq, Ermənistanda əhali arasında hələ də əsas dəstək sahibi Mülki Müqavilə Partiyası sayılır. Düzdür, 2018-ci illə müqayisədə partiyanın ölkə daxilindəki reytinqi ən azı 3 dəfə azalıb. Bununla belə mövcud situasiya inqilabı həyata keçirən ermənilərin bir qisminin heç də onu  buraxmaq niyyətində olmadığını göstərir. Məhz belə yanaşma Paşinyana imkan verir ki, daimi olaraq ictimaiyyətə indiki situasiya ilə keçmiş arasında seçimi təklif edərək, onları nəzarətdə saxlasın. Bunu Rusiyada yaxşı başa düşdükləri üçün əsas yatırımı keçmişə yox, daha çox alternativ gücün yaradılmasına edirlər. Moskvanın addımlarının nə dərəcədə uğurlu olması hələlik şübhəli olaraq qalır. Bununla belə Paşinyan da Kremlin niyyətini başa düşdüyü üçün ona mane olmağa çalışır.

Hər bir halda bütün cəhdlərinə baxmayaraq, Ermənistanın hakim dairələri də Rusiyanın qarşısını almaqdan ötrü istifadə etdikləri arqumentlərin uzun müddət işə yaramayacağını bilirlər. Paşinyanı hazırda narahat edən əsas məqam xarici təhdiddən daha çox ölkənin iqtisadi stabilliyinin təmin edilməsi məsələsidir. Ukrayna müharibəsindən sonra bu məsələ İrəvan üçün bir az da aktuallaşıb. Üstəlik, Rusiyanın təcrid edilməsi ilə birgə onunla eyni uçuruma getmək istəməyən Paşinyan məhz bunun üçün alternativlər axtarır. Cari ildə Ermənistanda yüksək iqtisadi artım qeydə alınsa da bu daha çox ölkəyə Rusiyadakı səfərbərliklə əlaqədar axın edən rusların hesabına mümkün olub. Lakin onların İrəvanda daimi məskunlaşmaq istəməməsi və ölkəni daha çox tranzit kimi istifadə edəcəyi ehtimalı növbəti illərdə bu artımın azalacağı təhdidini yaradır. Bu isə İrəvan üçün arzuolunmazdır. Onsuz da rəsmi rəqəmlərə görə, ölkə əhalisinin 26 faizi yoxsulluq səviyyəsində yaşayır və qeyd alınacaq istənilən geriləmə, dövlətin sosial müavinətlər üçün gəlirlərini azalda bilər ki, bu da yoxsul ermənilərin sayında bir qədər də artıma gətirib çıxaracaq. Üstəlik, dolların durmadan bahalaşması da erməni biznesmenlər üçün şəraiti çətinləşdirir. Bu da mütləq şəkildə ictimaiyyət daxilində özünü göstərəcək ki, bu amildən Moskvanın istifadə etməsi qaçılmaz olacaq. İndidən çıxış yolu axtaran Paşinyan da əsas alternativin Rusiyadan kənarda olduğunu bilir. Bu isə ona Azərbaycanla yaxınlaşmaqdan başqa çarə buraxmır.

Ona görə də İrəvan Qarabağdan imtina taktikasını seçməklə prosesdən maksimal şəkildə kənarlaşaraq, Moskva ilə Bakını qarşı-qarşıya qoymaq görüntüsü yaratmağa çalışır. Məhz bu görüntü Paşinyana Ermənistan daxilində dayaqlarını gücləndirmək və sülh müqaviləsinə imza atmaq imkanı verir. Bu isə istənilən halda Bakı üçün sərfəli məqamdır. Çünki Ermənistanın Qarabağdan rəsmi şəkildə imtinası Bakını sülhməramlıların bölgədən çıxmasını tələb etməsi üçün mühüm şərait formalaşdırmış olur. Nəticədə növbəti mərhələdə İrəvana Rusiyanı Ermənistandan çıxarması üçün prosesi başlatmaq imkanı verilir.

Moskva isə olanları yaxşı başa düşdüyü üçün məhz indidən hərəkətə keçir. Kreml Qərblə yaşanan soyuq müharibə fonunda Ermənistan elitasının tam dəyişdirilməsi zamanının çatdığını görür. Bu isə növbəti mərhələdə İrəvanda aktiv proseslərin yaşanması ehtimalını artıracaq. 1998-ci il teraktına bənzər situasiyanın yaşanması ehtimalı da böyükdür. Bununla belə, Moskvanın İrəvanda uğuru Qarabağdakı proseslərin yekun nəticəsindən asılı olacaq. Qarabağdakı oyunların taleyini Moskvadan çox Bakı müəyyən edir. Onun isə hələlik Paşinyanla Moskva arasında yaşanan qarşıdurmada ikinciyə  üstünlük verəcəyi inandırıcı görünmür.

İlkin Həsənov
Xüsusi olaraq Globalinfo.az üçün