“Heydər Əliyevlə bağlı müraciəti göstərib dedi ki…” – Zakir Sərdarovun vəfatının ildönümüdür

1999-cu il dekabrın 14 də respublika ictimaiyyətinə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının qurucularından və məşhur “91”-lərdən biri, görkəmli tarixçi vətənpərvər alim və dəyərli ictimai-siyasi Xadimi Zakir Həsən oğlu Sərdarov ömrünün 58-ci ilində dünyasını dəyişərək əbədiyyətə qovuşmuşdur. Onun qısa, lakin olduqca mənalı və səmərəli həyat yolu Xalqımızın yaddaşında və qəlbində daim yaşayacaqdır.

Vəfatından 22 il keçməsinə baxmayaraq, Zakir Sərdarov sanki bu gün də bizimlə yaşayır fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyev onun Yeni Azərbaycan Partiyasının yaradılmasındakı əməyini yüksək qiymətləndirmiş, onu özünün ən yaxın silahdaşlarından bizi kimi yüksək qiymətləndirmişdir.

Zakir müəllim 1941-ci il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıq Pəyə kəndində qulluqçu ailəsində anadan olmuşdur. Onun Azərbaycan cəmiyyəti üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində valideyinlərinin böyük rolu olmuşdur. Atası Həsən kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə milli təəssübkeşliyi ilə tanınmışdır. Qaraqoyunlu dərəsində nüfuzlu Əfəndilər nəslindən olan anası Züleyxa xanım Azərbaycan qadınına məxsus ismətli, namuslu ailəcanlı bir ana olmuşdur. Zakir Sərdarov belə bir zəhmətkeş ailədə böyümüş, həmin mühitdə orta təhsilini bitirdikdən sonra başqa gənclər kimi o da gələcək taleyini Azərbaycanın paytaxtı olan qaynar Bakı mühitinə qovuşdurmuşdur.

Zakir Sərdarovun elmi, ictimai-siyasi fəaliyyətinin formalaşmasında 1971-1984-cü illərdə “Gənc müəllim” qəzetində baş redaktor vəzifəsində yüksək həvəslə yazıb- yaratması mühüm rol oynamışdır. Bunun nəticəsidir ki, o, ömrünün sonuna qədər ADPU- da tarix fakültəsində yüksək səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1988-1993-cü illərdə Azərbaycanın həyatında baş verən təlatümlü ictimai-siyasi hadisələr Zakir müəllimə böyük təsir göstərmiş və o, Azərbaycanı gözləyən böyük fəlakətlərin qarşısının alınacaq məqsədilə xalqın sağlam qürrələrini Ümummilli lider Heydər Əliyevin ətrafında birləşməsi ideyasını irəli sürmüşdür. Onun bu mütərəqqi ideyalarının Heydər Əliyeva xüsusi rəğbətinin qarşılığında o zamankı bədnam respublika rəhbərliyinin göstərişi ilə dəfələrlə təqiblərə, tutqulara məruz qalmışdır. Lakin bunlara baxmayaraq, Ulu Öndərin Bakıya gəlişindən sonra o, siyasi fəaliyyətində YAP-ın yaradıcılarından və fəallarından biri kimi daim dövlətçilik maraqlarının keşiyində duraraq Heydər Əliyevin ən sadiq silahdaşlarından biri olmuşdur. 1-ci çağırış Bakı şəhəri Nəsimi rayonu 26 saylı seçki dairəsindən ictimaiyyətin Zakir Sərdarova olan böyük rəğbəti nəticəsində Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Zakir müəllim qısa müddətdə deputatlıq fəaliyyətində çox böyük işlər görmüş, Nəsimi rayon zəhmətkeşlərinin problemlərinin həllinə çalışmış, Milli Məclisdə İnsan hüquqları komissiyasının üzvü kimi bu sahədə qanunvericilik aktlarının formalaşmasında fəal iştirak etmişdir.

Zakir Sərdarov ADPU-da gərgin elmi pedaqoji fəaliyyəti ilə yanaşı, respublikanın ictimai-siyasi həyatında çox yaxından iştirak edirdi. Hələ 1992-ci ilin əvvəllərində Azərbaycanda baş verən böyük ictimai fəlakətlər onu dərindən düşündürürdü Hər dəfə universitetdə görüşəndə onu çox fikirli və qayğılı görürdüm. O mənə deyərdi ki, Heydər Əliyevi Bakıya gətirmək mümkün olaydı, Azərbaycanı bu fəlakətdən ancaq o qurtara bilər. Biz nəyin bahasına olursa-olsun Heydər Əliyevi Azərbaycanın rəhbərliyinə gətirməyə nail olmalıyıq.

1992-ci ilin oktyabrın əvvəli idi. Zakir müəllim məni işlədiyim Azərbaycan dilçiliyi kafedrasından koridora çağırdı. Qoluma girib söhbət edə-edə kafedralarına apardı. Sonra qovluğundan bir neçə səhifəlik əlyazma kağız çıxardı. Dedi ki, bu barədə hələ heç kimə bir kəlmə söz söyləməyim. Söhbət əsasında məlum oldu ki, o zaman mətbuat sahəsində fəaliyyət göstərən Sirus Təbrizli Azərbaycanın bu ağır günündə Heydər Əliyevi Bakıya dəvət etmək üçün müraciət mətni hazırlamışdır. Həmin mətni bir az redaktə etmək lazımdır. Biz təxminən, 3 saat o müraciət mətninin üzərində işlədik. Müraciətin ilk variantında bədii üslub üstünlük təşkil edirdi. Heydər Əliyev böyük ictimai-siyasi dövlət xadimi kimi Azərbaycan tarixində təkrarlanmaz şəxsiyyətdir. Onu kiminləsə müqayisə etmək həqiqətə uyğun olmazdı. Tarix Heydər Əliyevi dahi şəxsiyyət kimi yetirmişdir. Beləliklə, biz müraciətin mətni üzərində üç saat müddətində gərgin redaktə işi apardıq. Bu müraciətlə Heydər Əliyevi inandırmağa çalışırdıq ki, respublikamızda vəziyyət gün-gündən ağırlaşır, mövcud iqtidar ictimai-siyasi vəziyyətə tam nəzarət edə bilmir, idarəetmədə özbaşınalıq hökm sürür, Azərbaycanın milli sərvətləri yerli və xarici qüvvələr tərəfindən talan edilir, fərsiz kadr siyasəti ölkəni iflic vəziyyətə salır; 20 yanvar, Xocalı, Şuşa, Laçın, faciələrini törədənlər cəzasız qalır. Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxara biləcək yeganə güclü siyasi lider Heydər Əliyevdir. Müraciətin son variantı oxunduqdan sonra 91 vətənpərvər ziyalının imzası ilə 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində dərc edildi.

“Səs” qəzetində dərc olunan həmin müraciət o zaman Naxçıvanda yaşayan və fəaliyyət göstərən Heydər Əliyevə böyük təsir göstərmişdir. O, ziyalıların müraciətinə cavabında yazırdı:

“Hörmətli ziyalılar! 16 oktyabr 1992-ci il tarixli müraciətlə ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuatdan televiziyasından Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan, aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatlığı haqlıdır və təqdirəlayiqdir”

Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı “Səs” qəzetinin 6 noyabr 1992-ci il tarixli nömrəsində dərc edilən günü Zakir müəllimin və mənim sevincimizin həddi-hüdudu yox idi. Çünki həmin cavabında Heydər Əliyev yaradılacaq Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirmişdir. Zakir müəllim bu hadisəni həm özünün, həm də ümumilikdə Azərbaycan ziyalılarının böyük qələbəsi hesab edirdi.

Tarix bu qələbəni Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin rəhbərliyi altında yaradılması və ümumxalq partiyasına çevrilməsi ilə, Heydər Əliyevin ən sivil demokratik yolla hakimiyyətə gəlməsi ilə, Azərbaycanı düşdüyü fəlakətdən qurtarması ilə, sabitliyin və inkişafın bərpası ilə, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin onun böyük siyasətini uğurla davam etdirməsi ilə, 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında Azərbaycan Torpaqlarının 30 illik erməni işğalından azad olunması ilə və s. çoxlu sayda uğurlarımızla bir daha sübut etdi.

Zakir Sərdarov ictimai-siyasi fəaliyyətlə yanaşı bir tarixçi alim kimi bir-birindən qiymətli elmi əsərlər yazıb nəşr etdirmişdir. 1960-1990-cı illərdə dövrünü əhatə edən “Heydər Əliyev erməni mətbuatında” adlı əsərində bütün dünyada fəaliyyət göstərən erməni garagüruhçularına tutarlı cavab vermişdir. Bundan əlavə, onun “Əliyevçilik-Azərbaycançılıq”, “Hardasız, insanlar”, “Heydər Əliyev və milli mübarizə tariximiz” adlı kitablarında Azərbaycan tarixinin ayrı-ayrı qaranlıq səhifələri işıqlandırılmışdır.

“Heydər Əliyev və milli mübarizə tariximiz” adlı kitabında ermənilərin XIX əsrdən bəri azərbaycanlılara qarşı törətdikləri soyqırım və onun mərhələləri, Azərbaycan torpaqlarının işğalı prosesi müxtəlif mənbələr, arxiv sənədləri, Azərbaycanda, Rusiyada və Ermənistanda dərc edilən əsərlər və dövri mətbuat materialları əsasında geniş şərh edilmişdir. Z.Sərdarov xalqımıza qarşı yönəldilmiş hücumların və torpaqlarımızın işğalının qarşısının alınmasında Heydər Əliyevin tarixi xidmətlərini böyük qürur hissi ilə qələmə almış, müstəqil Azərbaycan dövlətinin yaradılması və möhkəmləndirilməsində onun misilsiz rolunu, xilaskarlıq missiyasını əsl qəhrəmanlıq nümunəsi kimi yüksək dəyərləndirmişdir. Kitabda erməni mətbuatında Heydər Əliyev şəxsiyyətinə, onun uzun illər boyu düşmənə rahatlıq verməyən siyasi fəaliyyətinə həsr olunmuş məqalələrə geniş yer verilmiş qisasçılıq hissinə qapılmış erməni müəllifləri tarixi faktlar və sənədlər əsasında susdurulmuşdur.

Zakir müəllimin şəxsiyyətində bir çox ideal keyfiyyətlər cəmlənmişdir. Buna görə də dostları, yoldaşları, həmkarları onun haqqında bir sıra təşbehlər yazmışlar: ictimai-siyasi dövlət xadimi, məntiqli qələm sahibi, ləyaqətin təcəssümü, nümunəvi ictimai xadim, dəyərli insan, ləyaqətin və həqiqətin simvolu, insanlığın Zakir zirvəsi, vətənpərvər alim və s. bu təşbehlərin hər biri Zakir Sərdarov haqqında deyilmiş real faktlardır.

Zakir müəllim 58 illik ömür yolunu o qədər şərəfli, mənalı, səmərəli, keçirmişdir ki, onun həyat və fəaliyyətinin hansı səhifəsini açırsan aç orada zəngin bir ömür yolunun izlərini görürsən. O, vətən üçün Vətənpərvər bir alim, pedaqoq, ictimai-siyasi xadim, xalq üçün elinə-obasına sadiq, ədalətli, sülhsevər, igid, cəsur, mərd bir oğul, qohum-qardaş üçün istiqanlı, canıyanan, öz köməyini heç vaxt əsirgəməyən bir insan, həyat yoldaşı Leyla xanım üçün etibarlı, sədaqətli, cəfakeş bir ailə başçısı, övladları üçün mehriban, gülərüz, qayğıkeş, öyüd-nəsihət verən bir ata idi.

Hər il dekabrın 14-də respublika ictimaiyyəti ilə birlikdə Zakir müəllimin yaxın el-oba adamları, dostları, həmkarları ailə üzvləri, övladları, nəvələri onun vəfatının il dönümünü dərin hüznlə, kədərlə anırlar. Bu dərin hüzn və kədərin içərisində bir böyük təsəlli də vardır: nə yaxşı ki, bu dünyada Zakir Həsən oğlu Sərdarov yaşamışdır, o bir vətənpərvər alim, ictimai-siyasi xadim, pedaqoq, sədaqətli dost, ailə başçısı, bu dünyada qoyub getdiyi 4 xoşbəxt övladın xoşbəxt atası idi.

Zakir müəllimin qısa və şərəfli həyat yolu-ədalət əminamanlıq, insanpərvərlik, mənəvi ucalıq yolu idi. Onun idealı özü üçün yox, xalq üçün yaşamaq, zəhmətkeş insanlara yaxın olmaq cəmiyyətin tərəqqisi naminə əlindən gələni əsirgəməmək idi.

Eşq olsun belə ömür yoluna!

Allahverdi Hacıyev
ADPU-nin dosenti,
Əməkdar müəllim,
91-lərin üzvü.

Globalinfo.az