Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin nəticələrini nəzərə alaraq Hesablama Palatası bəzi riskləri və diqqətə alınmalı məqamları açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu, Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.
Bu məqamlar aşağıdakılardır:
– Qurumlar tərəfindən dövlət satınalmalarının hazırlıq mərhələsində ehtiyacların düzgün müəyyənləşdirilməməsi və satınalmaların icrası zamanı vəsaitə qənaət olunmaması;
– bəzi qurumlar üzrə daxili idarəetmə və işlərin təşkili ilə bağlı qərarların vaxtında verilməməsi nəticəsində vəsaitlərin icrasının gecikməsi və ya müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
– bəzi sahələr üzrə strateji sənədlərin qəbul edilməməsi və sahə üzrə əsas performans göstəricilərinin çatışmazlığının icra edilmiş vəsaitlə nəticə arasında əlaqənin ölçülməsi imkanlarını məhdudlaşdırması;
– bəzi qurumlar üzrə nəzarət mexanizmlərinin zəif olması fonunda maliyyə hesabatlarında təhriflərə yol verilməsi, həmçinin əvvəlki illərdə büdcə təşkilatı olan qurumların publik hüquqi şəxsə çevrilməsindən sonra maliyyə uçotu və hesabatlılığının yeni çərçivəyə tam uyğun aparılmaması;
– dövlət qurumlarının proqram təminatları və bazalarının inteqrasiyasında çətinliklər və qurulan sistemlərin tam işlək olmaması, başqa sözlə müvafiq proqram təminatının olması fonunda proseslərin idarəedilməsi, o cümlədən uçot və statistikanın rəqəmsal alət vasitəsilə tam dəstəklənməməsi;
– qurumlar tərəfindən büdcədənkənar fəaliyyətdən əldə olunan gəlirlərin reallaşdırılması üçün səlahiyyətləri çərçivəsindən bütün potensialdan istifadə olunmaması;
– layihə smeta sənədlərinin tikinti işlərinin aparılması ilə eyni vaxtda hazırlanmasının layihələrin icrasında uyğunsuzluq hallarına səbəb olması;
– tibb sahəsi üzrə ştatların artımında qeyri-funksional fəaliyyət üzrə heyətə üstünlük verilməsi və funksional fəaliyyət üzrə keyfiyyətli xidmətin təqdim edilməsində risklərin formalaşması;
– dövlət sektoru üzrə ştat sayının optimallaşdırılmasına ehtiyac duyulması.