Xankəndi ilə bağlı 35 illik dəhşət üzə çıxdı – Şahid danışır

Globalinfo.az Xankəndi Pedaqoji İnstitutunun məzunu, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevlə müsahibəni təqdim edir.

Qeyd edək ki, Hikmət Cəmil oğlu Xudiyev 1959-cu ildə Xankəndidə müəllim ailəsində anadan olub. 1977-1981-ci ildə Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsində əyani təhsil alıb. 1981-ci ildə təhsilini bitirdikdən sonra burada Nizami Gəncəvi adına 4 saylı orta və Kərkicahan qəsəbəsindəki 6 saylı səkkizillik məktəbdə tarix müəllimi işləyib. 1984-cü ildə Xankəndi şəhər Daxili İşlər Şöbəsində daxili işlər orqanlarında xidmətə başlayıb. 1984-2005-ci illərdə Xankəndi, Şəki və Bakı şəhərlərində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

– Xankəndi Pedaqoji İnstitutunda təhsil aldığınız illəri necə xatırlayırsınız?

– O illər gəncliyimizin ən gözəl, ülvi, sevgi dolu vaxtları olsa da, həyatımızda erməni millətçiliyinin təzahürləri də əskik deyildi. Xankəndi Pedaqoji İnstitutu mənə çox əziz təhsil ocağıdır. Polkovnik rütbəsinədək ucalmağımın, ikinci ali təhsillə hüquqşünas ixtisasına yiyələnməyimin, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağımın, “Əməkdar jurnalist” fəxri adına layiq görülməyimin, dəyərli dostlar qazanmağımın təməlində Xankəndi Pedaqoji İnstitutu dayanır.

– İnstitutda Azərbaycan və erməni sektorları olub. Erməni tələbə və pedaqoji işçilər vardımı? Onlarla azərbaycanlılar arasında münasibərtlər necə idi?

– Zahirən hər şey yalançı “xalqlar dostluğu” prinsiplərinə uyğun idi. Lakin 1988-ci il hadisələrinə hazırlığın əlamətləri hiss olunurdu.

– Təhsil aldığınız müddətdə nə kimi diqqətçəkən məqamlarla rastlaşmısınız? O illərdən yaddaqalan, unuda bilmədiyiniz xatirələr varmı?

– Kitablara sığmayan xatirələrim var. O vaxtkı Ağdərə rayonunun Marağa kəndində Xankəndi Pedaqoji İnstitutu tələbələrinin cəlb olunduğu üzüm yığımında qızlar üçün “palatka”dan ayaqyolu düzəltmişdilər. Axşamüstü azərbaycanlı qızlar ora daxil olanda erməni tələbələr əvvəlcədən planlaşdırdıqları kimi “palatkaya” bağlanmış ipi dartaraq onu uçurtdular. Azərbaycanlı qızların qürur və ləyaqətinə toxunacaq acınacaqlı və gülünc vəziyyət yarandı. Azərbaycanlı qızlar pərt vəziyyətdə qaldılar. Ermənilər isə gülürdülər. Bu alçaq və əxlaqsız hərəkəti tarix fakültəsinin tələbəsi, ağdamlı Fazil Məhərrəmov eşidən kimi ermənilərin yataq yerinə girdi. Çox keçmədi ki, “leş bir yana, baş bir yana” idi. Bütün kənd hadisə yerinə toplaşmışdı. Ağdamın bu qeyrətli oğlunun – Fazilin qarşısına çıxmağa isə nə bir erməni gədəsində, nə də ordakı erməni müəllimlərində cürət var idi…

– Bildiyim qədərilə Xankəndidə anadan olub, orada böyüyüb, təhsil alıb, çalışmısınız. Şəhərdən sonuncu dəfə nə zaman və necə çıxdınız?

– 1988-ci il sentyabrın 18-də Xankəndi şəhərindəki azərbaycanlıların evini talan edib yandırdılar. Onda mən Xankəndi polisində zabit kimi xidmət edirdim. Səhəri gün ilk dəfə xidməti silah üzərimdə hazır vəziyyətdə anamla Xankəndini tərk etdik. Bir təsadüf hər ikimizi ölümdən xilas etdi. Təbii ki, qarşı tərəfdən də ölən olacaqdı – “Makarov” tipli tapança hazır vəziyyətdə idi. Biz ordan Ağdama gəldik. Ağdam bizlərə qucaq açdı. O ağır anları heç vaxt unutmaram. Bu gün də tam təfsilatı ilə yaza bilmədiyim hadisələrdən sağ-salamat çıxdığım üçün Allaha minnətdaram. Həmin dövrdə respublika sanki sahibsiz idi. Heydər Əliyev kimi dahinin yeri görünürdü.

Hikmət Xudiyev

– Bildiyiniz kimi, Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalandı. Bu qərarı necə dəyərləndirirsiniz? Həmin universitetdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyərdinizmi?

– Məsləhət bilinsə, müvafiq sahədə dövlətimə, xalqıma xidmət etməyə hazıram. Bu Sərəncamı böyük sevinclə qarşıladım. Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı doğma şəhərimizin tezliklə inkişafına təkan verəcək.

Ayşən Mustafa
Globalinfo.az