Simonyanın yeni savaş və sülhməramlılar təşvişi – “Tələ qurulub…”

Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifəti ölkəni yeni müharibəyə və Rusiya-Belarus ittifaqına sürükləməkdə ittiham edib.

Sitat:

“Siz sülhməramlıları gətirib sonra da “keçmiş hakimiyyət belə bir vəziyyəti yaradıb və biz öz təhlükəsizliyimizi təkbaşına təmin edə bilmərik” demək istəyirsiniz”.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Ermənistanda siyasi gərginlik pik həddə çatıb:

“Tərəflər açıq ittihamlar irəli sürür. Paşinyanın komandası müxalifətin hakimiyyət dəyişikliyi etmək istəyində olduğunu bildirir. Eyni zamanda, müxalifətin Rusiya ilə əlaqəsinin mümkünlüyündən danışırlar. Rusiya və Belarus bir ittifaq yaratdı və Ermənistanın da belə bir ittifaqda birləşəcəyinə eyham vururlar”.

Politoloqun sözlərinə görə, aksiyalar genişləndikcə müxalifət Azərbaycana qarşı daha kəskin çıxışlar edəcək:

“Paşinyan siyasətində böyük dəyişikliklər etməlidir. Hazırda ona siyasi tələ hazırlanır. Qarşısını almasa, uzunmüddətli aksiyalarla zəiflətməyə çalışacaqlar. Güc tətbiq etsə, dinc mitinqi zorla yatırmaqda ittiham edəcəklər”.

T.Rzayev qeyd edib ki, indiki halda Ermənistan Rusiya-Belarus ittifaqına daxil ola bilməz:

“Çünki iqtidar müxalifəti elə bu planlarda ittiham edir. Bunun üçün ilk növbədə müxalifət hakimiyyətə gəlməlidir”.

Safura Bənnayeva
Globalinfo.az