Ermənistan kilsələrində xüsusi xidmət göstərən agentlər – Tarixçi faktları açdı

Ermənistanda Paşinyana qarşı aksiyaların təşkilatçıları keşişlərdir. Kilsələrdən verilən tezislər, göstərişlər sülh danışıqlarını pozmağa hesablanıb. Bu həm də o vaxta təsadüf edir ki, Tavuş bölgəsində sərhəd dirəkləri basdırılır – delimitasiya işlərinə başlanılıb.

Qazaxın kəndlərinin minalardan təmizlənməsi və Azərbaycana təhvil verilməsi prosesinin getdiyi vaxtda Ermənistanda etiraz aksiyalarının keçirilməsi təbii proses sayılmır.

Globalinfo.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə hazırda Ermənistanda keçirilən aksiyaların mahiyyətinə diqqət çəkib:

“Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi, eyni zamanda, işğal altında olan kəndlərin Azərbaycana qaytarılması ilə bağlı prosesin başlaması fonunda Ermənistanda süni şəkildə aranı qarışdırmaq, həmçinin kilsə xadimlərinin iştirakı ilə xalqı etiraz aksiyalarına çıxarmaq cəhdləri təsadüfi deyil. Bu məsələdə Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəməyən xarici qüvvələrin çox ciddi təsiri var. Bunu göstərən əsas amillərdən biri uzun illər xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş erməni kilsə xadimlərinin bəzilərinin hazırkı prosesdə təşkilatçı rolunda çıxış etməsidir”.

E.Kəlbizadə bildirib ki, bəzi qüvvələr işğal altında olan kəndlərin azad edilməsinə mane olmağa çalışırlar:

“Digər tərəfdən bölgədəki münaqişələr vasitəsilə region dövlətlərinə təsir imkanlarını qoruyub saxlamaq istəyən müxtəlif ölkələrin Ermənistandakı nüfuz agentləri təxribatçı açıqlamalarla çıxış edirlər. Müxtəlif şayiələr yaymağa çalışırlar. Məqsəd odur ki, Ermənistanda prosesə kütləvi müqavimətin olduğu göstərilsin. Bununla ermənilər uzun illər işğal altında saxladıqları bəzi sərhədboyu ərazilərimizin, kəndlərimizin geri qaytarılması prosesini pozmaq istəyirlər. Təbii ki, bu, effekt verməyəcək. Uzun illərdir Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan nəhayət ki, məğlub edilib. Azərbaycan regionda yeni geosiyasi şərait yaradıb. Bu baxımdan İrəvan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. İki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya prosesi çərçivəsində əyyənləşdirilməlidir”.

Tarixçi qeyd edib ki, Ermənistan işğal müddətində Azərbaycana vurduğu zərərin təzminatını fərqli şəkildə ödəyə bilər:

“Ermənistanda hansı qüvvələrin necə hesab etməsindən asılı olmayaraq, Azərbaycan öz ərazilərini nəzarəti altına almalıdır. Azərbaycan torpaqlarının bir qarışı da Ermənistanın nəzarətində qalmamalıdır. Hətta uzun illər Ermənistanın Azərbaycanın ərazilərini işğal altında saxlaması nəticəsində ölkəyə ciddi ziyan dəyib. Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesindən sonra vurduğu zərərin məbləğinə uyğun təzminat ödəməlidir. Əgər bu mümkün olmayacaqsa, öz ərazisinin müəyyən hissəsini Azərbaycana verməklə bu təzminatı ödəyə bilər”.

Ayşən Mustafa
Globalinfo.az