Ordumuzla bağlı xoşagəlməz xəbərlər yayılır: Zəngəzurda nələr baş verir – VİDEO

***
12:10

Ermənistan Azərbaycanla bağlı dezinformasiyaları kəskin artırıb. Xüsusilə son iki gün ərzində sosial şəbəkələrdə bu barədə aktivlik müşahidə edilir. Erməni ekspertləri dezinformasiyaların daha çox Teleqramda yayıldığını bildiriblər. Belə informasiyaların yayımı özəlliklə yeni yaradılan kanallar vasitəsilə həyata keçirilməyə başlanıb ki, onların da kimə məxsus olduğu hələlik qaranlıq qalır.

Globalinfo.az xəbər verir ki, bu gün Ermənistanın informasiya təhlükəsizliyi üzrə əsas mütəxəssislərindən sayılan Samvel Martirosyan da bəyanat yayıb. Martirosyan bəyanatında dezinformasiyaların çoxaldığını söyləməklə bərabər, bunun birbaşa Azərbaycandan qaynaqlandığına şübhə ilə yanaşdığını bildirib. Erməni ekspert belə məlumatların yayılmasının daha çox Azərbaycan və Türkiyəyə bağlı olmayan kanallarla əlaqəli olduğunu qeyd edib.

Maraqlı məqam isə Ermənistandan Azərbaycanla bağlı dezinformasiyaların son iki gündə artması olub. Belə ki, dünən Ermənistan hərbçisinin itməsi, daha sonra isə ordumuz tərəfindən girov götürülməsi haqda sosial şəbəkələrdə yayılan məlumat Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmən təkzib edilib. Əslində, Bakının mövqeyini Ermənistan Müdafiə Nazirliyi də dolayısı olaraq təsdiqləyib. Rəsmi İrəvan hərbçisinin itdiyini bildirsə də, onun Azərbaycan tərəfindən əsir alınması iddiasına reaksiya verməyib. Bu açıqlamaya rəğmən, Ermənistan sosial şəbəkələrində hərbçinin Azərbaycana əsir düşməsi barədə məlumat heç bir mənbəyə istinad edilmədən bilərəkdən tirajlanıb. Xüsusilə başladılan qaralama kampaniyasında Ermənistan hakimiyyətinə yaxın bir sıra Teleqram kanallarının iştirak etməsi də diqqət çəkib.

Bununla belə Ermənistan hərbçisinin itməsi xəbərinin dezinformasiya olduğunu Avropa Birliyinin Azərbaycanla sərhədə yerləşdirdiyi müşahidə missiyasının heç bir reaksiya verməməsi də təsdiqləyib. Təsadüfi deyil ki, bu gün məlumat yayan rusiyayönlü “Hraparak” qəzeti Avropa Birliyinin müşahidə missiyasını səssizlikdə günahlandırıb. Üstəlik, rusiyayönlü mətbuat mövcud situasiyadan Ermənistan hakimiyyətinə hücum üçün istifadə edib və onun missiya qərarının artıq fiaskoya məruz qaldığını təbliğ etməyə başlayıb.

Ümumilikdə hərbçi ilə bağlı məlumatın dezinformasiya olduğunu bu gün Ermənistanın özü hərbçinin tapılması xəbəri ilə təsdiqləmiş olub. Lakin maraqlı məqam Müdafiə Nazirliyinin yaydığı məlumatın yenə fərqli baxışlara sahib media qurumları tərəfindən fərqli cür verilməsi olub. Belə ki, hakimiyyətin nəzarətindəki media qurumları sadəcə press-relizi verməklə kifayətləndikləri halda, müxalif media orqanları bu dəfə valı dəyişdirərək, “əsir götürülmüş” hərbçini “oğurlanmış” hərbçi kimi təqdim etməyə başlayıblar.

Diqqət çəkən məqam Ermənistanda bu cür dezinformasiyaların xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərindən dərhal sonra yayılmağa başlanması olub. Belə ki, Moskvada olan Mirzoyan KTMT missiyasının Ermənistanda yerləşdirilməsinin hələ gündəmdə olduğunu söyləsə də, görünür, bu cavab Kremli qane etməyib. Belə ki, erməni baş diplomatın verdiyi digər bəyanatlar, o cümlədən Qarabağda rus sülhməramlılar haqda fikirləri Ermənistan iqtidarının Rusiya ilə bağlı mövqeyində dəyişiklik olmadığını ortaya qoyub. Məhz Mirzoyanın Moskvadan qayıtmasından sonra rusiyayönlü media qurumlarının aktivliyi artıb. Buna əsas nümunələrdən biri dünən adıçəkilən qruplar tərəfindən heç bir rəsmi mənbəyə istinad etmədən Azərbaycanın Zəngəzurda Rusiya hərbçilərini atəşə məruz qoyaraq, iki nəfəri yaralaması ilə bağlı yaydığı saxta xəbər ola bilər. Yenə də diqqət çəkən məqam bu dezinformasiya dalğasına Paşinyanın nəzarətindəki bir sıra məşhur kanalların da qoşulması olub.

“Caliber” yazır ki, ötən gün ermənilər guya Rusiya hərbçilərinin Azərbaycan tərəfi ilə əlaqə saxladığını, “əsir götürülən” erməni əsgərin qaytarılmasını istədiklərini, Azərbaycan Ordusunun buna razılaşdığını iddia etmişdilər. Bildirirdilər ki, guya Rusiya hərbçiləri “əsir götürülən ermənini” təhvil almaq üçün gələrkən, Azərbaycan Ordusunun bölmələri “qatı duman səbəbindən” onları da seçə bilməyib və atəş açıb, nəticədə iki rus əsgər yaralanıb, ardınca isə ərazini tərk etməyə məcbur olublar. Hətta bəzi erməni “mənbələri” rus əsgərlərin öldüyünü də iddia etmişdi.

Məlumata görə, 21 mart saat 15:00 radələrində “Patriot” UAZ-ı ilə erməni əsgəri axtarmaq üçün əraziyə yaxınlaşan Rusiya əsgərlərinə doğrudan da atəş açılıb, ancaq bu, erməni postunun yaxınlığında baş verib. Həmin müddətdə Azərbaycan Ordusuna Qaragöl istiqamətində atəş açmamaq barədə verilən əmr qüvvədə olub.

Görünən odur ki, Moskva artıq Ermənistanla bağlı qəti addımlar atılması barədə qərarını verib. Kremlin özəlliklə Bakı və İrəvan arasındakı prosesə nəzarəti itirməsi, eləcə də onun Qərbdəki opponentlərinin sürətlə Ermənistanın siyasi sisteminə nüfuz etməyə başlaması Moskvada təşvişi artırır. Dezinformasiyaların yayılması ilə Moskva təkcə Ermənistan ictimaiyyəti daxilində qorxu yaradıb, iqtidarın dayaqlarını zəiflətməyə çalışmır, eləcə də özünün forpostundakı itmiş nüfuzunu bərpa etməyə cəhd edir. Bu isə öz növbəsində Moskvanın Cənubi Qafqazda genişmiqyaslı informasiya savaşı başlatdığını deməyə əsas verir. Son proseslər isə bu kampaniyanın hələ uzun müddət davam edəcəyini və bölgə üçün çox təhlükəli vəziyyət yaradacağını göstərir.

İlkin Həsənov
Globalinfo.az