Deputatın təkliflərinin detalları açıldı: Həsənquliyev hansı vacib prosesin anonsunu verdi?

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı Azərbaycanda iqtisadi rayonların bazasında 15 yeni region yaradılmasını və regionların məclislərinin olmasını təklif edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının indiki Ali Məclisinin “Məclis” , Azərbaycan Respublikasının Milli Məclisinin isə “Ali Məclis” adlandırılmalı olduğunu vurğulayıb.

Q.Həsənquliyevin MM-in iclasında idarəçiliklə bağlı təklifi anons sayıla bilərmi? Təcrübəyə istinadən deyə bilərik ki, bu cür təklif sonra reallığa çevrilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Qüdrət Həsənquliyevin mahiyyət etibarilə konstitusiya islahatlarını nəzərdə tutan təklifləri yeni deyil:

“Nəzərinizə çatdırım ki, BAXCP daha öncə həm ayrılıqda, həm də “İslahat” seçki blokunun digər üzvləri ilə birlikdə konstitusiya islahatları təşəbbüsü ilə çıxış edib və bununla bağlı təkliflərini konkret müddəalara əlavə və dəyişikliklər qeyd olunmaqla, paket halında həm ictimaiyyətin, həm də Milli Məclisin müzakirəsinə təqdim edib. 44 günlük müharibədən və ölkənin suverenliyinin tam bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra, məlum olduğu kimi, islahatların təməl prinsipləri və fəlsəfəsi ilə bağlı ümumi mənzərə, regiondakı reallıqlar dəyişib və bu baxımdan, daha öncə təklif olunan konstitusiya islahatları ilə bağlı müəyyən yeniliklərə ehtiyac yaranıb. Digər tərəfdən, məlum olduğu kimi, 04 fevral 2021-ci il tarixdə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib və sözügedən əsasnamə ilə xüsusi nümayəndəliklərə geniş səlahiyyətlər verilib. Artıq ölkənin bir sıra iqtisadi və inzibati ərazi subyektlərində prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Dövlət başçısı öz çıxışlarında xüsusi nümayəndəlik institutunun özünü doğruldacağı təqdirdə, idarəçilik sistemində həyata keçirilən islahatlar çərçivəsində bu mexanizmlərdən istifadə oluna biləcəyini bildirib. Qüdrət Həsənquliyevin təklifləri də, qənaətimə görə, Azərbaycan Prezidentinin idarəçilik sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı səsləndirdiyi fikirlərə münasibətdə irəli sürülub və BAXCP sədri islahat prosesinə dəstək məqsədilə öz ehtimallarını irəli sürüb”.

Elçin Mirzəbəyli 

Politoloqun fikrincə, hazırda ölkədə 14 iqtisadi rayon var və bu rayonlar, şübhəsiz ki, təkcə iqtisadi amillər nəzərə alınmaqla təşkil edilməyib:

“Doğrusu, Qüdrət bəyin, nə üçün 15 iqtisadi rayondan söz açdığı barədə məlumatlı deyiləm. Ola bilsin ki, bu fikir, bəzi iqtisadi rayonların tərkibində 7, bəzilərində isə daha az inzibati ərazi subyektlərinin olması və idarəçiliyin asanlaşdırılması üçün bölgüyə yenidən baxılması niyyəti ilə səsləndirilib.

İqtisadi rayonların əsasında regional idarəçilik mexanizmlərinin yaradılması isə dövlət idarəçilik sistemində səmərəliliyin artırılması, dövlət idarəçilik institutlarının saxlanılması üçün sərf olunan maliyyə yükünün azaldılması və effektivliyinin yüksəldilməsi, həmçinin mərkəzi icra strukturlarının üzərinə düşən yükün bərabər şəkildə paylanılmasına xidmət edir. Regional idarəçilik institutlarının məclislərinin formalaşması ilə bağlı təkli isə, çox güman ki, vətəndaşların dövlət idarəçilik institutlarının təşkilində, idarə olunmasında iştiraklarının artırılması və məsuliyyətin bölüşdürülməsi xarakteri daşıyır. Məlum olduğu kimi ölkəmizdəki bələdiyyələrin statusu və bu istiqamətdə mövcud olan mexanizmlər, onların ciddi bir təsisata çevrilmələrinə imkan vermir və təəssüf ki, bəzi hallarda formal xarakter daşıyır. Regionların məclislərini təşkil etməklə isə vətəndaşların yerli idarəçiliyin təşkil edilməsində iştiraklarına real məzmun vermək mümkündür. Region rəhbərlərinin məclis üzvləri tərəfindən seçilməsi isə onların hesabatlılığının artırılmasına və şəffaflığın təmin edilməsinə yönəlmiş bir təklifdir”.

E.Mirzəbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının idarəçilik sistemində Azərbaycan Respublikasının dövlət idarəçiliyi və hakimiyyət bölgüsü ilə ziddiyyət təşkil edən çoxsaylı məqamlar var:

“Əvvəla, qeyd edim ki, muxtar respublikanın seçkili orqanının Ali Məclis adlandırılması hüquqi baxımdan da doğru deyil. Bu ad, SSRİ dövründən miras qalıb. Bəlli olduğu kimi həmin dövrdə muxtar respublikaya daxil olan inzibati ərazi subyektlərində yerli məclislər – xalq deputatları sovetləri fəaliyyət göstərirdi. Yəni məclislərin sayı çox olduğu üçün də muxtar respublikanın ali seçkili orqanı “Ali Məclis” adlanırdı. “Ali Məclis” daha yüksək statuslu seçkili orqan deməkdir. Azərbaycan Respublikasında ən yüksək seçkili orqan Milli Məclisdir. Məhz bu hüquqi məntiqlə də Naxçıvan MR-in seçkili orqanı “Məclis” adlandırılmalıdır. Muxtar respublikanın idarəçilik sistemində mövcud olan ziddiyyətlərdən biri də Naxçıvan MR-in ali vəzifəli şəxsinin Ali Məclisin sədri olmasıdır. Məlum olduğu kimi Azərbaycanda parlament idarəçilik sistemi mövcud deyil. Və ölkə konstitusiyasının fəlsəfəsinə uyğun olaraq da, Naxçıvan MR-in ali vəzifəli şəxsi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyətinin rəhbəri – Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmalıdır. Zənnimcə, bu ziddiyyətin də aradan qaldırılması zəruridir.

Əgər ölkədə Qüdrət bəyin təklif etdiyi kimi, 15, yaxud 14 regional idarəçilik subyektləri yaradılarsa və onların Məclisləri formalaşarsa, bu zaman şübhəsiz ki, Azərbaycan Respublikasının ali qanunvericilik orqanı da Ali Məclis adlandırılmalıdır. Yəni bütün Məclislərin üzərində duran, məclislərin alisi…”.

Safura Bənnayeva
Globalinfo.az