“Qadınlar həftəsonu işləməsin” çağırışı edən deputatdan yeni açıqlama

Deputat Rauf Əliyevin Milli Məclisdə ölkəmizdə qadınların şənbə və bazar günləri işləməməsini təklif etməsi müzakirələrə səbəb olub. Bir çoxları bunu yalnız qadınlara şamil etməyin doğru olmadığını vurğulayıb.

Məsələni Globalinfo.az-a şərh edən Rauf Əliyev deyib ki, belə analoqlar bütün Avropada mövcuddur.

Onun sözlərinə görə, Avropada iş cümə günü günorta saat 15:00-da bitir:

“Ailə həftəsonunu övladlarına həsr edən zaman onların problemini bilmiş olurlar. Çıxışım ondan ibarətdir ki, çalışan xanımlarımız şənbə-bazar günlərini çalışmasın, vaxtlarını ev işi və öz övladlarına sərf etsinlər. Burada başqa bir məqsəddən söhbət gedə bilməz”.

Deputat bu təklifi övladları bağçaya və məktəbə gedən analara görə etdiyini bildirib:

“Təhsildə proqramlar çox yüklənir. Bu gün 1 və 2-ci siniflərə baxsanız, çantalarının özlərindən ağır olduğunu görərsiniz. Uşaqlar şənbə və bazar günü də dərs oxumaq məcburiyyətində qalırlar. Bəs bunlar nə vaxt dincəlməlidir? Ana həftəsonunu evdə olarsa, həm uşaqların dərsinə yardım edər, həm ev işlərini görər, həm də uşaqları harasa aparmağa vaxt qazanar. Təbii ki, ata da övlada vaxt ayırmalıdır. Amma etiraf edək ki, ev işləri daha çox ananın üzərinə düşür. Demirəm ki, hər ölkənin etdiyini edək. Lakin bizim üçün yaxşı və xeyirli olanı edə bilərik”.

Rauf Əliyev

R.Əliyev deyib ki, onun belə təklif etməkdə məqsədi valideynlərin, xüsusilə də anaların övladlarına daha çox vaxt ayıra bilməsidir:

“Burada kişi və ya qadın hüququ pozulmuş olmur, təklifimiz də bununla bağlı deyil. Əgər valideynlər uşaqlarına daha çox vaxt ayırıb, onlarla təmasda olsalar, uşaqlar da böyüdükdə narkotik və digər pis vərdişlərdən uzaq olarlar. Kişilər təklifimdən inciməsinlər, hüquqlarının pozulduğunu düşünməsinlər. Amma bu məsələdə qadınlara xüsusi güzəştlərin olması daha yaxşı olar. Sözsüz ki, ictimaiyyətin də fikri önəmlidir”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, əslində, qanunda pozitiv ayrı-seçkilik anlayışı var:

“Bu qanun bütün dünyada, hətta Skandinaviya ölkələrində də var. Uşağa əsasən analar baxır. Mən qanunvericilikdə seçim, könüllülük yaratma prinsipinin tərəfdarıyam. Cəmiyyətimizdə uşaqların təlim-tərbiyəsi analar tərəfindən həyata keçirilir. Ona görə də, burada pozitiv ayrı-seçkilik hələ də saxlanılır. İşləyən xanımların bəziləri övladlarını dayəyə əmanət edirlər, çünki səhər saatlarından axşama kimi işdə olurlar. Evə gələndə isə gec olur, bu zaman da uşaqla effektiv ünsiyyət azalmış olur. İki gün istirahət həqiqətən də uşağın rifahına xidmət edəcəksə, bunu etmək olar. Narazılıq edən kişilər bəs həftəsonu uşaqla effektiv vaxt keçirə biləcəkmi? Çünki bəziləri istirahət gününü dostlarına ayırır. Ailələrdə nəzarət mexanizmini qurmaq mümkünsüzdür. Biz yanaşmanı dəyişməliyik”.

Günel Səfərova

G.Səfərova deyib ki, əgər atalar da analar qədər uşaqların dünyaya gəldiyi gündən böyüməsinə qədər ehtiyaclarını təmin edəcək mədəniyyətə, ənənəyə malik olsa idi, o zaman hər iki tərəfə belə bir hüququn verilməsini tələb edərdik:

“Atalar üçün atalıq məzuniyyətinin verilməsini vacib hesab edirəm. Amma dediyim kimi, bu, uşağın saxlanılmasına effektiv xidmət edəcəksə. Bu gün qadınların əksəriyyətinin işsizlik səbəbi uşaq üçün baxılacaq alternativin olmamasıdır. Əvvəl uşaqlara daha çox nənələr baxardı, erkən təlim-tərbiyəni həyata keçirən gözəl nənə-baba institutu var idi. Artıq o da getdikcə azalır. Sabah gedib 700 manat maaş alıb onun 500 manatını dayəyə verib, 200 manata görə işləmək də doğru deyil. Bu məsələləri nəzərə almaq lazımdır. Lakin kişilərin də şənbə-bazar günü istirahət etmək haqqı var və tələb edə bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az