“Çin Rusiya qarşısında tələb qoyurdu ki, Azərbaycanın işğaldakı torpaqları azad edilməlidir” – Sülhəddin Əkbər

 

“Çin və Böyük Britaniya kimi böyük geopolitik oyunçuların yanında artıq Türkiyə, Pakistan kimi oyunçular da ortaya çıxır”

Globalinfo.az Azad Demokratlar Partiyasının sədri (AzDP) Sülhəddin Əkbərlə müsahibəni təqdim edir. S.Əkbər AXC hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutub.

– Sülhəddin bəy, xoş gəlmisiniz.

– Xoş gördük.

– Bildiyiniz kimi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə Moskvada üçtərəfli görüş keçirildi. Görüşlə bağlı hər iki tərəfdən də pozitiv mesajlar gəlir. Bu görüş öncəsi isə biz Vaşinqtonda və Brüsseldə görüşlərin şahidi olduq. Nə baş verir: Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanırmı və ən əsası, müharibə bitirmi?

– Bilirsiniz, bu gün çox əlamətdar bir gündür. Türk qurtuluş savaşının başlandığı gündür. Mustafa Kamal Atatürkün “Bandırma” gəmisi ilə Samsuna ayaq basdığı gündür (Müsahibə 19 may tarixində götürülüb-red.).

Qurtuluş savaşımız davam edir. Tam müstəqillik əldə edənə qədər bu savaş bitməyəcək. Tam müstəqillik də o vaxt əldə ediləcək ki, bunun üçün kifayət qədər milli-strateji gücümüz, hazırlığımız, resurslarımız olsun.

Bu giriş həm də sizin “müharibə bitir, yoxsa yox?” sualının ümumi cavabdır.

Bu gün həm də bilirsiniz “Böyük yeddilik” (G7) ölkələrinin toplantısıdır. Maraqlıdır ki, bu görüş də çox əlamətdar bir yerdə – Yaponiyanın Xirosima şəhərində keçirilir. Xirosima dünya üçün ibrət dərsi götürüləcək bir yerdir. Məlum olduğu kimi ilk nüvə silahı məhz bu şəhərə atılıb. Eyni zamanda, sizin dediyiniz kimi, Moskvada, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi.

Bu konflikt, münaqişə başlayandan və daha sonra müharibə kontekstinə keçəndən sonra mən 30 il ərzində sizin və həmkarlarınızın ünvanlandığı bu suala eyni cavabı vermişəm. Neçə ki, Rusiya Cənubi Qafqazdadır və hərbi varlığını sürdürür, bu münaqişə də davam edəcək. Bu destruktiv güc regionda sülhün olmasını istəmir. Buna görə də onun varlığına son verilməlidir.

– Rusiyanın Cənubi Qafqazdakı varlığına necə son vermək olar?

– Rusiya Ermənistanın razılığı və imzalanan müqavilələr ilə 102-ci hərbi baza vasitəsilə öz varlığını qoruyur. 10 noyabr bəyanatı ilə isə Rusiya sülhməramlıları torpaqlarımızda fəaliyyət göstərir. Rusiya anlayır ki, bu münaqişə həll olunacaqsa, ona nə Ermənistanda, nə də Azərbaycanda ehtiyac qalmayacaq. O zaman Rusiya Silahlı Qüvvələri Azərbaycanı və Ermənistanı tərk etməli olacaq. Xüsusilə Azərbaycanı itirmək Rusiyanın Cənubi Qafqaz və Xəzər regionundakı nüfuzuna, təsir gücünə ciddi zərbə vuracaq. Rusiya bunu bildiyi üçün tamamilə əks istiqamətdə hərəkət edir. Sülhün əldə olunmaması üçün əlindən nə gəlirsə, onu edir. Diqqət edin, ortada 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat var. Rusiya bu bəyanatın maddələrinin icrası üçün çalışmadığı kimi, prosesi daha da gərginləşdirməklə məşğuldur.

Misal üçün, Rusiya “sülhməramlı” qüvvələri təmas xəttində yerləşməklə paralel erməni silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli idi. Bu günə qədər onlar nəinki bunu etməyiblər, tam tərsinə, regiona əlavə erməniləri gətiriblər. Hesab edirəm, Rusiyanın bu məsələdə oynadığı rolu anlamaq üçün onun tarixi roluna hədəflərinə baxmaq lazımdır.

Birinci mərhələdə Rusiya Qacarlar imperiyası ilə apardığı müharibədə qalib gəldi və Gülüstan, Türkmənçay müqavilələri imzalandı. Məhz bu müqavilələr əsasında ermənilər bizim torpaqlarımıza gətirildi.

İkinci mərhələdə erməni vilayəti yaradıldı.

Üçüncü mərhələdə erməni dövləti yaradıldı.

Dördüncü mərhələdə isə həmin erməni dövləti bu günə qədər Azərbaycan torpaqlarının hesabına genişləndirilərək hazırkı vəziyyətini aldı. O cümlədən, həm də Zəngəzur və Qarabağ məsələlərinin əsası qoyuldu. Bu gün də bu strateji plan davam edir. Yəni baxın 18-ci əsirdən başlayan bir plandan biz bəhs edirik. Sizcə, rus bundan imtina edər?

– Amma şərtlər bəzən ənənəvi imperiyaların siyasətini dəyişə bilir. Hazırda belə bir alternativ fikir var ki, Rusiya 2020-ci ildən başlayaraq Cənubi Qafqazla, xüsusilə də Azərbaycanla bağlı siyasətinə korrektə etməyə başlayıb. Yəni daha təmkinli yanaşma sərgiləməyə başlayıb. Bu yanaşmanı dəstəkləyən başlıca fakt isə 44 günlük müharibə zamanı Rusiyanın və prezident Vladimir Putinin təmkinli mövqe sərgiləməsidir. Rusiyanın neytral mövqe tutması bizə müharibədə böyük üstünlük qazandırdı, qələbəmizə mane olmadı. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur?

– Rusiyanın planlarını yaxşı bilməliyik. Baxın, Rusiya imperiyası formaca dəyişsə də, mahiyyətcə dəyişmir. 1917-ci ildə bolşeviklər çevriliş edəndə vizual dəyişiklik olsa da Rusiyanın siyasəti dəyişmədi. 1991-ci ildə Rusiyada “demokratlar” hakimiyyətə gələndə də yenə mahiyyət dəyişmədi. Bunu bilmək lazımdır ki, Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya açıq şəkildə neoimperialist siyasət həyata keçirməyə başladı.

Mən hələ milli təhlükəsizlik nazirinin birinci müavini olanda stolumun üstündə Rusiyanın hərbi, siyasi rəhbərliyində gedən diskussiyalarla bağlı kəşfiyyat informasiyaları vardı. Diskussiyaların ana xətti ondan ibarət idi ki, biz geopolitik savaşı uduzmuşuq və bizə zaman lazımdır. Onlar düşünürdülər ki, güclərini toplayana qədər keçmiş müttəfiq respublikalar təsir dairəsindən çıxmaması üçün bir aralıq geopolitik forma tapılmalı idi. Nəhayət, Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı.

Onlar MDB-ni vaxt udmaq, güclərini yenidən toplamaq və imperiyanı bərpa etmək üçün yaratdılar. Onu da deyim ki, buna da Qərbdən dəstək var idi. Xüsusən də ABŞ bu plana dəstək verdi.

– Qərb, xüsusilə də ABŞ buna niyə dəstək verdi?

– Ata Buş 1991-ci ilin avqustunda Ukrayna parlamentində çıxışında onlara çağırış elədi ki, SSRİ-nin tərkibindən çıxmayın. Yəni onlar suveren dövlətlər birliyi proyektinə dəstək verdi. Çünki Ukrayna həlledicidir. Ukrayna həm ABŞ başda olmaqla kollektiv Qərbin yeni proyektində, həm də Rusiyanın imperiya proyektində həlledici ölkədir.

Rusiya imperiya siyasətindən bu gün də imtina etməyib. 2022-ci ildə SSRİ-nin yaradılmasının 100 illiyində imperiyanı bərpa etmək istəyirdilər. Məhz bu istiqamətdə 2022-ci ilin yanvarında Qazaxıstanın nüfuzlu lideri Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılma planı işə salındı və buna da nail olundu. Azərbaycan isə Rusiya ilə müəyyən anlaşma əldə etdi.

– Azərbaycan isə Rusiya ilə razılaşdı? Söhbət hansı razılıqdan gedir?

– Rusiya-Ukrayna müharibəsi ərəfəsində Azərbaycanla Rusiya arasında saziş imzalanıb. Yəni prinsipcə Azərbaycan bildirdi ki, o, imperiyanın bərpa olunacağı halda buna qarşı çıxmayacaq. Bunun müqabilində Qarabağ məsələsində Rusiyadan güzəşt istədi.

– Siz qeyd edirsiniz ki, Rusiya keçmiş imperiyanı bərpa etmək istəyir. Bu mübahisəli fikirdir. İmperiyanı bərpa etmək necə mümkün ola bilər?

– Rusiyanın imperiya proyektində Ukrayna, Kiyev rus dövləti, imperiyanın tarixi legitimlik mərkəzidir. Ukrayna varsa, imperiya var, Ukrayna yoxsa, imperiya yoxdur.

Keçmiş ABŞ prezidenti Bill Klintonun 1991-ci ildə elan etdiyi dinc demokratik Avropa strategiyasına görə də yeni Avropa təhlükəsizlik sistemində Ukrayna varsa, var. Yoxdursa, bu layihədə yoxdur.

Ukrayna yeni Avropa təhlükəsizlik sisteminin məhək daşı hesab olunur. Hər iki imperiya proyekti üçün Ukrayna mərkəz rolunu oynayır. Ona görə də mən o zaman da düşünürdüm ki, əgər üçüncü bir dünya savaşı olacaqsan və yaxud da ki, yeni dünya nizamı qurulacaqsa həlledici döyüş Ukraynada gedəcək. Çünki tərəflərin hər biri üçün imtina edilməz yer məhz Ukraynadır.

– Tərəflər Ukrayna məsələsində razılıq əldə edə bilməzdilər?

– Xeyr. Əgər bir tərəf soyuq savaşda qalib gəlibsə, o biri tərəf məğlub olubsa və bu şərtləri qəbul edibsə, artıq ona qarşı çıxa bilməzdi. Keçmiş SSRİ Suveren Dövlətlər Birliyinə çevrilməli və yeni şəraitə, şərtlərə uyğunlaşaraq artıq Qərblə düşmən olmamalı idi. Onun yerində demokratik inkişaf yolu tutan, Qərblə sıx əməkdaşlıq edən, öz qonşuları üzərində basqı qurmayan, onlara koloniya, vassal kimi baxmayan bir suveren dövlətlər birliyi qurulmalı idi. Buna hətta Telbot nəzəriyyəsi adı verildi.

Həmişə bu sualı verirlər ki, Qərb niyə SSRİ-nin dağılmasını istəmirdi. Cavab isə çox sadədir. Çünki Qərb heç vaxt istəməz ki, xristian imperiyası parçalansın və yerində türk-müsəlman dövləti Turan yaradılsın.

2013-cü ildə Çinin irəli sürdüyü “Bir kəmər – bir yol” geopolitik proyektinin orta dəhlizinin Azərbaycanın işğal altındakı torpaqlardan keçməsi idi. Çin Rusiya qarşısında tələb qoyurdu ki, bu məsələni həll etsin. Bunun diplomatik və ya hərbi yolla olması Çin üçün o qədər də əhəmiyyətli deyildi. Bu istiqamətdə “Kazan prinsipləri” ortaya çıxmışdı və Azərbaycan buna razılıq vermişdi. Xoşbəxtlikdən Ermənistan razı olmadı və müharibə məsələsi gündəmə gəldi. Çünki bu dəhliz açılmalı idi və bu, Çinin tələbi idi.

Eyni zamanda dəhlizin açılması həm də Böyük Britaniyanın tələbi idi. Çin və Böyük Britaniya kimi böyük geopolitik oyunçuların yanında artıq Türkiyə, Pakistan kimi oyunçular da ortaya çıxır.

Baxın, Türkiyə-Böyük Britaniya, Türkiyə-Çin, Türkiyə-Rusiya münasibətləri və sonra da Türkiyə-İsrail münasibətləri ayrı-ayrılıqda inkişaf edir. Bunlar heç biri səbəbsiz deyil…

– Qeyd etdiniz ki, bütün bunların hamısı böyük bir geopolitik planın tərkib hissəsidir. Bəs bu planda Azərbaycanın yeri nədən ibarətdir?

Ardı var…

Azər Ayxan
Turan Rzayev
Globalinfo.az