Cahangir Əsgərovun gedişi AZAL-da nələri dəyişəcək? – Ekspert açıqladı

Prezident İlham Əliyev Cahangir Əsgərovu AZAL prezidenti vəzifəsindən azad edib. Bu barədə dövlət başçısı sərəncam imzalayıb.

C.Əsgərovun işdən çıxarılması AZAL-ın qiymət siyasətinə və xidmət keyfiyyətinə nə kimi təsir edəcək? Aviabiletlərin tariflərində dəyişiklik olacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, C.Əsgərovun vəzifədən azad edilməsi gözlənilən idi.

“Bir neçə gün öncə AZAL brendinin yenidən qurulması ilə bağlı qərar verilmişdi. Məlum oldu ki, “Buta” oktyabr ayının 1-dən vahid brend altında AZAL-ın tərkibində fəaliyyət göstərəcək. Hələ aylar öncə belə bir ehtimal var idi ki, AZAL-da yeni struktur və idarəetmə dəyişiklikləri gözlənilir. Amma struktur və idarəetmə islahatları olmadan bir kadr dəyişikliyi ilə müsbətə doğru dəyişəcəyinə inam azdır”.

Natiq Cəfərli 

N.Cəfərlinin sözlərinə görə, növbəti gözləntilər ondan ibarətdir ki, idarəetmənin fəlsəfəsi, yanaşması dəyişəcək, bazar daha çox açılacaq:

“Çünki rəsmi rəqəmlər də onu göstərir ki, Azərbaycanda AZAL təyyarə uçuşları üzrə inhisarçıdır. Rəsmi rəqəmlərə görə, bu qurumun bazar payı 50 faizdən çoxdur. Antiinhisar qanunvericiliyinə görə, bazar payı 33 faizdən artıq olan istənilən hər bir şirkətlərdə dəyişiklik olunmalı və antiinhisar qanunvericiliyi işə düşməlidir. Uzun illərdir ki, bu qanunvericilik yerinə yetirilmir.

Yeni rəhbərliyin təyinatından və idarəetmə fəlsəfəsi qəbul olunduqdan sonra əgər AZAL doğrudan da bazardaki inhisarçı mövqeyindən rəqabətli mövqeyə keçmək qərarı verərsə, bazar daha çox açılaraqsa, ən əsası, yerüstü xidmətlərin və boş qalan hava limanlarının idarəedilməsi ilə bağlı yeni qərarlar verilərsə, təbii ki, bu, artıq qiymətlərə də, xidmətlərin keyfiyyətinə də müsbət mənada insanların gözləntisi çərçivəsində cavab verəcək”.

İqtisadçı deyib ki, Azərbaycanda bir neçə hava limanı olsa da, onların hamısı boşdur, fəaliyyət göstərmirlər:

“Lənkəran, Qəbələ, Zaqatala aeroportlarında uçuşlar həyata keçirilmir. Gəncə hava limanından isə əsasən Rusiya istiqamətində azsaylı uçuşlar olur.

Naxçıvan aeroportu yalnız daxili reyslər üçün çalışır. Bunlar büdcənin üzərində yükdür və AZAL-ın balansındadır, onlar da idarəetməni heç kimə vermək istəmirdilər.

Türkiyə, Avropa şirkətləri idarəetmə ilə bağlı danışıqlar aparmışdılar, amma təəssüf ki, qərara bağlanmamışdı. Yeni idarəetmə komandası bu məsələlərdə müsbət irəliləyiş əldə etsə, hava limanlarının idarə edilməsində xarici şirkətlərin iştirakı baş tutarsa, daha çox bazar açılarsa, təbii ki, AZAL-ın da ciddi bir rəqabətli mühitdə, daha keyfiyyətli və ucuz xidmət göstərməsinə səbəb olacaq. Amma necə deyərlər, yaşayarıq, görərik. Yeni komandanın hansı qərarlar verəcəyi yaxın həftələrdə bilinəcək”.

Zaira Akifqızı
Globalinfo.az