Gürcüstanda hər şey bundan sonra başlayacaq – Prezident ikinci dəfə bunu edə bilməyəcək 

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər” haqqında qanuna veto qoyub. Bu barədə Zurabişvili özü məlumat verib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

“Xarici agentlər” haqqında qanun yenidən parlementin müzakirəsinə çıxarılacaq? Qanun qəbul edilərsə, xalqın reaksiyası necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, qanun layihəsi parlamentə yenidən təqdim ediləcək:

“Ümumilikdə Gürcüstanda etiraz aksiyaları son zamanlar səngiyib. Bu, xüsusilə Gürcüstan prezidentinin “Xarici agentlər” haqqında qanun layihəsinə veto qoyduqdan sonrakı dövrə təsadüf edir. Amma proseslərin tam olaraq səngiyəcəyini düşünmürəm. Bundan sonra yeni mərhələnin başlanması mümkündür.

Nəzərə almaq lazımdır ki, proses kifayət qədər mürəkkəbdir. Prezidentlə hökumət üz-üzədir. Prezidentin reytinqi azalmaqdadır. Növbəti seçkilərdə prezident dəyişikliyi ehtimalı çoxdur. Yəni deməyim odur ki, əsas proses hələ bundan sonra başlaya bilər.

Gürcüstan qanunlarına görə qanun ikinci müzakirədə qəbul edilə bilər. Çünki bu dəfə prezident veto qoya bilməyəcək. Bu həm də etiraz aksiyalarının yenidən şiddətlənməsi deməkdir”.

Turan Rzayev 

Globalinfo.az