Baqrat Qalstanyan Tavuşa qayıtdı: Aksiyalar bitir?

“Vətən naminə Tavuş” hərəkatının başçısı olan Baqrat Qalstanyan Tavuşa qayıdıb. Onun burada müxalifət nümayəndələri ilə bir araya gəldiyi deyilir. Ümumiyyətlə, B. Qalstanyanın Baş nazir postuna iddialı olduğu artıq sirr deyil.

B. Qalstanyan Ermənistan Baş naziri ola biləcək? Onun Tavuşa qayıtması nə ilə bağlıdır? Aksiyalar İrəvanda tam yekunlaşdı?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanda son etiraz çıxışları başlayan gündən elə uğursuzluğa məhkum idi:

“Çünki arxiyepskopun siyasi məqsədlər üçün istifadə olunması hadisəsi müasir beynəlxalq münasibətlərdə təsadüfi hallarda istifadə edilən hadisədir. Ona əl atanlar bütün vasitələri bitirəndən sonra dini nümayəndələrə üz tuturlar. Necə ki, insan ölüm ayağında Allahı və din xadimlərini xatırlayır ki, onu o biri dünyaya yola salmaqda yardımçı olsunlar. Ermənistanda da hadisələrin təşkilatçıları son mənzilə yola düşmək ərəfəsində olduqlarını başa düşdükləri üçün din xadimlərinin yardımına əl uzatdılar. Baqrat Qalstanyan da bu işdə onlara lazım olduğundan daha artıq kömək etdi.

Birinci ona görə ki, arxiyepskop siyasi proseslərdə səriştəsiz olduğunu elə Tavuşda büruzə verdi. O, Koçaryan və Sarkisyan tandeminə Ermənistanda nifrət olduğunu bildiyi halda Qarabağ klanı ilə münasibətlərini nəinki gizlətdi, hətta reklam etməyə başladı. Elə ona görə də Tavuşdan İrəvana qədər onu Qarabağ klanı rəhbərlərinin kölgəsi müşayiət etdi. Keçmiş prezidentlər nə qədər pullu olsalar da onlar qeyri-müəyyən olan gələcəyə ciddi maliyyə vəsaiti buraxmaq istəmədilər. Ona görə də onların bu məqsəd üçün ayırdığı vəsait elə İrəvana qədər çatdı”.

Ekspert deyib ki, keşiş İrəvana ayaq qoyan kimi səhvlərini davam etdirməyə başladı:

“Onun ikinci böyük səhvi baş nazir kürsüsünə iddiası oldu. Bu xalq kütlələrinin ona qoşulmasının qarşısını aldı. Proses başlayanda etirazçıların ciddi bir kəsimi onu həqiqətən xalq kütlələrinin mənafeyini düşündüyünü fikirləşirdi. Amma baş nazir olmaq istəməsi onun din xadimi kimi olub-qalan nüfuzunu da aşağı saldı.

İnsanlar düşünürlər ki, yeni baş nazir seçmək lazımdırsa heç olmasa Paşinyana bərabər və ondan üstün olmalıdır. Arxiyepiskop hansı keyfiyyətlərinə görə Paşinyandan üstündür? Təbii ki, onu Paşinyanla heç müqayisə etmək mümkün deyil.

Bütün bunları nəzərə aldıqda artıq Ermənistanda baş verən son hadisələrin artıq söndüyünü müşahidə etmək mümkündür. Düşünürəm ki, axırda Baqrat meydanın ortasında tək qalaraq tutduğu işə peşman olduğunu bəyan edəcək. Deyəcək ki, məni aldadıb oyuna çəkdilər”.

Turan Rzayev 

Globalinfo.az