Tehranı tərk edən Azərbaycan rəhbərinə təyyarədə zəng gəldi: dəhşətli hadisənin ŞOK detalları – VİDEO

Tehran

1992-ci ildə Şuşa, ardından Laçın rayonunun ermənilər tərəfindən işğal olunması hər il anım günlərində müzakirə edilir. Bildirilir ki, bu iki rayonun ermənilər tərəfindən işğal edilməsində hakimiyyət uğurunda mübarizə aparan siyasi qüvvələrin rolu olub.

Həmin dövrdə Azərbaycanda hərbi-siyasi qarışıqlıq, hərc-mərclik hökm sürürdü. 1992-ci ilin martın 6-da istefaya göndərilən Ayaz Mütəllibov həmin il may ayında qanunsuz şəkildə iqtidara qayıtmağa cəhd göstərdi. Mayın 14-də Ali Sovetin sessiyası çağırıldı, A.Mütəllibov hakimiyyətə qayıtdığını elan etdi.

Əsas müxalifət təşkilatı olan AXC buna qarşı hərəkətə keçdi. Xalq Cəbhəsinin Səbail rayonu ərazisindəki qərargahının qarşısında mitinq başladı. 15 may günü mitinqə çıxanlar Ali Sovetin (indiki Milli Məclis-red.) binasına doğru yürüşə başladılar. Hərbi texnikanın, silahlı qrupların müşayiəti ilə parlament binasına hücum edildi. Ayaz Mütəllibov ölkədən qaçdı, hakimiyyəti AXC götürdü.

Həmin proseslərdə iştirakçı olmuş Əməkdar jurnalist Azər Ayxan Globalinfo.az saytına maraqlı faktlar danışıb:

Tehran

Azər Ayxan

“1992-ci ilin mart ayının 6-da AXC-nin təşəbbüsü və təzyiqi ilə Ayaz Mütəllibov istefaya məcbur edildi. O, Xocalı soyqırımının qarşısını almamaqda günahlandırılırdı. Məclis onun istefasını səs çoxluğu ilə qəbul etdi. Ardından Ali Sovetə yeni sədr seçildi. Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov səsvermə yolu ilə Ali Sovetin sədri oldu. O, həm də prezident səlahiyyətlərini icra edirdi. O vaxt konstitusiyaya görə prezident hər hansı səbəbdən vəzifəsini icra edə bilməyəndə, səlahiyyətləri Ali Sovet sədrinə keçirdi. Hakimiyyət boşluğu yaranmışdı. Təkliflər səslənirdi ki, prezident üsul-idarəsi ləğv edilsin, Dövlət Şurası yaradılsın. Amma bu təklif keçmədi. Prezident seçkisi təyin edildi. AXC-nin namizədi Əbülfəz Elçibəyi oldu. Digər namizədlərdən yadımda qalanlar bunlardır: Yaqub Məmmədov, İlyas İsmayılov, Nizami Süleymanov, Rafiq Turabxanoğlu, Etibar Məmmədov. Etibar Məmmədov seçkiyə az qalmış namizədliyini geri götürdü”.

Azər Ayxan deyib ki, aprelin sonları, mayın əvvəli cəbhədə vəziyyət daha da gərginləşdi:

“Ermənilər Şuşanı intensiv atəşə tuturdular. Alınmaz qala olan Şuşa üzərindən iyrənc oyunlar başlamışdı. Mütəllibov klanı, Rusiyaya bağlı digər qüvvələr Şuşanı qurban verib, hakimiyyəti ələ almağa çalışırdılar. Düşünürdülər, Şuşa işğal olunsa, məsuliyyət AXC-nin üzərində qalar, xalq bu təşkilata inanmaz, onun dalınca getməz, beləcə, seçki pozular, vəziyyət dəyişər, bunlar da iqtidarı götürər. AXC isə bütün məsuliyyətin o vaxtkı hakimiyyətin üstündə qalmasına çalışırdı. Beləcə, bu mənasız rəqabət Azərbaycanı daha dəhşətli təhlükələrə sürükləyirdi”.

Azər Ayxanın sözlərinə görə, Xalq Cəbhəsi Şuşanın müdafiəsini üzərinə götürmüşdü:

Tehran

15 may, 1992-ci il. Ali Sovetin qarşısı.

“Yadımdadır, Əbülfəz Elçibəy AXC sədri kimi Xalq Cəbhəsinin silahlı dəstələrinə Şuşanın müdafiəsi ilə bağlı göstəriş vermişdi. Onun imzaladığı sənəd dövlət radiosundan dəfələrlə oxundu. Burda bir məqamı qeyd etməyi vacib sayıram. Aprelin 30-da Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov şəhid oldu. Onun aradan götürülməsi haqda iddialar bu gün də səsləndirilir. Ramiz bəy əslən şuşalı idi, AXC-nin üzvü olub. Nüfuzlu, vətənpərvər döyüşçü idi. Onun ölümündən sonra döyüşçülər arasında çaşqınlıq və ruh düşkünlüyü yarandı. Eləcə də Şuşanın müdafiəsi zəiflədi”.

A.Ayxan bir başqa məqama da aydınlıq gətirdi:

“Həmin ərəfədə Yaqub Məmmədov Ermənistanla danışıqlar aparırdı. İran bu danışıqlarda aktivlik göstərirdi. Növbəti görüş Tehrana salınmışdı. Yaqub Məmmədovla Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan mayın 8-də görüşdü. Elə həmin gün Şuşa işğal edildi. Yaqub Məmmədov sonralar deyirdi ki, danışıqları başa çatdırıb, təyyarə ilə Bakıya dönərkən Şuşanın ermənilər tərəfindən işğal edildiyi xəbərini alıb. Tragikomik vəziyyət idi. Əslində onda Ermənistanda da ikihakimiyyətlilik hökm sürüdü. Qarabağ klanı mərkəzi hakimiyyətin tapşırıq və göstərişlərini saya salmırdı. Beləcə, Şuşa işğal edildi. Bundan təxminən 10 gün sonra Laçın da düşmənin nəzarətinə keçdi. Hakimiyyət uğrunda savaş, məsuliyyətsizlik, təcrübəsizlik, koordinasiyanın olmaması, hakimiyyət hərisliyi Azərbaycana və xalqa çox baha başa gəldi”.

A.Ayxan A.Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdinin qarşısının alınmasında AXC-nin rolunun danılmaz olduğunu deyib: “Amma bu proses özü də başqa problem yaratdı. AXC-ə bağlı silahlı dəstələr cəbhəni tərk edib, Bakıya üz tutdu. Onların bu hərəkəti cəbhədə qüvvələr nisbətinin ermənilərin xeyrinə dəyişməsinə səbəb oldu”.

Laçın alayının keçmiş komandiri Arif Paşayev insanların bu mövzuda qəribə yanaşma ortaya qoyduğunu bildirib:

Şəkilin açıqlaması yoxdur.

Arif Paşayev

“Mən həmin hadisələrin içində olmuşam. Birincisi, AXC üzvü olaraq rəhbərlikdə olsam da, hərbiyə gələn zaman partiyadan çıxdım. Çünki burada siyasi partiyanın üzvü olmaq qadağan idi. İkincisi də, AXC üzvü Şuşanın müdafiəsini necə öz üzərinə götürə bilərdi ki? Orada olan zabitlərin hamısı Rusiyaya bağlı idi. Bunların da AXC ilə heç bir əlaqəsi olmayıb. Şəhərin müdafiəsinə məsul adam Elbrus Orucov, baş qərargah rəisi də Şahin Musayev idi. Məhz Musayevin əmri ilə şəhər boşaldılıb. Adam rus kəşfiyyatına işləyirdi. Onu da həbs etmək istəyən zaman qaçıb Rusiyaya getdi, hazırda da orada yaşayır. Bunların bəyəm AXC-yə dəxli olub? Ümumiyyətlə, AXC kim idi ki, şəhərin müdafiəsini öz üzərinə götürsün? Əmin olun ki, elə bir şey olmayıb”.

A.Paşanın sözlərinə görə, istənilən halda bir hadisə baş verdikdə konkret real hakimiyyətin məsuliyyəti olur:

“Məsələ burasındadır ki, o zaman Elbrus 4-cü istiqamət üzrə Şuşa, Laçın, Zəngilan, Qubadlı rayonlarının komendantı təyin olunmuşdu. Adamın da birbaşa rəisi Şahin Musayevin olduğu faktdır. Bəzi məsələyə insanlar çox radikal yanaşır, ifrata varır. O vaxt Azərbaycan Milli Ordusunun zəif olması heç kəsə sirr deyil. Çünki yeni yaradılmışdı, koordinasiya yox səviyyəsində idi. Ermənilər öncədən silahlandırılmışdı, elə 900 nəfərə yaxın alpinist döyüşçülər gəlmişdi. Ermənistan tərəfindən şəhərə hücum edən şəxslər on minə yaxın idi. Orada da yalnız erməni deyildi, həm də ruslar çoxluq təşkil edirdi”.

Alay komandiri deyib ki, xəyanət olmasa belə, Şuşanı qorumaq mümkün olmayacaqdı:

“Xəyanətsiz halda sadəcə, şəhəri daha bir müddət artıq saxlamaq olardı. Amma işğalın qarşısı alınmayacaqdı, çünki ermənilər necə lazımdır, silahlandırılmışdılar. Təsəvvür edin, təxminən 1500 nəfər bizdə, on min nəfər isə onlar tərəfindən döyüşürdü. Bu fərqlə əməliyyat mümkün deyildi. Şuşanın işğalından sonra Laçının müdafiəsi ümumiyyətlə mümkün deyildi. Çünki birinin məğlubiyyəti digərinə də yol açırdı. Burada hərbi baxımdan dəyərləndirmə aparılmalıdır. Siyasi tərəfdən dəyərləndirdikdə ortaya tamam başqa mənzərə çıxır. O torpaqda yaşayan hər bir kişinin yaxınlarının qəbri, xatirələri, evi var. Kim hansısa siyasi partiyaya görə vətənini, qəbiristanlığını qurban verər axı?! Yanaşma yanlışdır! Mən döyüşçüyəm. Mənim üçün min dənə siyasi partiya Vətənin bir ovuc torpağına dəyməz. Əsas bu gün Azərbaycan xalqı, Ordumuz, Ali Baş Komandan möhtəşəm qələbə əldə etdi. Hamımız töhmətdən qurtardıq”.

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Şuşa və Laçının 28 illik işğalı dönəmi birmənalı şəkildə AXC-Müsavat xəyanətinin nəticəsi və bu antimilli qruplaşma tərəfindən qəsdən törədilən cinayətdir.

Tehran

Bəhruz Məhərrəmov

Onun sözlərinə görə, AXC-Müsavat antimilli qruplaşması Şuşa daxil olmaqla bütövlükdə Qarabağ və Şərqi Zəngəzura hakimiyyət naminə qurban kimi baxırdılar və o zamankı mövcud iqtidarın devrilməsi naminə təcavüzkar Ermənistanla sinxron fəaliyyətdən çəkinmirdilər:

“Möhtərəm Prezidentin ötən ilin mayın 10-da Şuşadan Azərbaycan xalqına tarixi müraciətində də deyildiyi kimi, “AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı”. Ölkənin həmrəy olaraq qəsbkara qarşı birləşməli olduğu bir vaxtda antimilli ünsürlər çətin durumda hakimiyyətə gəlmək üçün fürsət kimi baxırdılar. AXC-Müsavata bağlı dairələrin talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya və xaosda ehtiva olunan məqsədli hərəkətləri son nəticədə milli maraqların tapdalanması hesabına onları iqtidara daşıdı, daha doğrusu, öncə çevrilişlə de-fakto, ardınca isə saxtalaşdırılmış seçkilərlə de-yure olaraq hakimiyyəti zəbt etdilər. Şuşa və Laçın da məhz bu ünsürlərin hakimiyyəti naminə qurban verilmişdi.

Tehran

17 may, 1992-ci il. Əbülfəz Elçibəy Ali Sovetin qarşısında mitinqdə danışır

Dövlət başçısının təbirincə desək, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Prezident İlham Əliyev ötən ilki çıxışında və bu il mayın 10-u Şuşada birinci yaşayış kompleksinin açılışında sakinlərlə görüşündə də ifadə etdiyi kimi, hər kəsə bəllidir ki, Şuşa alınmaz qaladır və Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Lakin indi özünü “Milli Şura” adlandıran dərnəyin kökündə dayanan ünsürlərə o zaman Şuşanın müdafiə olunması yox, düşmənə təhvil verilməsi gərək idi ki, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi üçün yol açılsın. Üstəlik, Şuşa hələ son deyildi və ölkədə vəziyyətin daha da ağırlaşdırılması, xalqın o zamankı hakimiyyətə qəzəbinin daha da körüklənməsi üçün o zaman “Dağlıq Qarabağ” adlanan ərazinin Ermənistanla birbaşa əlaqəsi təmin olunmalı idi. Bu mənada Şuşanın verilməsi ilə həm də Laçının taleyi həll olunmuş oldu. Yəni Şuşanın işğalı AXC-Müsavat çütlüyünün cinayətlərinin birinci hissəsi, Laçın isə cinayətlərin ikinci pərdəsi hesab olunmalıdır”.

Deputat deyib ki, bu başıpozuqların xəyanətləri Laçınla da bitməyib:

“Bu dəfə cinayətlərini ələ keçirdikləri iqtidarı qorumaq üçün davam etdirdilər ki, bu da bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun işğalına yol açmışdı. Digər tərəfdən, İlham Əliyevin də bildirdiyi kimi, “heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi”.

Zaira Akifqızı
Globalinfo.az