Xameneinin yeni prezident namizədi o ola bilər

Helikopter qəzasında həlak olan İbrahim Rəisindən sonra İranda kimin prezident olacağı əsas müzakirə mövzusudur. Eyni zamanda daxili-siyasi intriqa fonunda ali rəhbərin yerinə hansı şəxsin seçiləcəyi də müzakirə mövzusudur. Hələlik Rəisinin səlahiyyətlərini iki ay müddətində Birinci vitse-prezident Məhəmməd Moxbər icra edəcək və bundan sonra seçkilər keçiriləcək.

Globalinfo.az xəbər verir ki, “Orbeli” Analitik Mərkəzinin eksperti Edvard Berudjanyan İranda güc piramidasının zirvəsində ruhani liderin dayandığını bildirib.

“Rəisi İranın görkəmli liderlərindən biri idi. O, İrandakı radikal qanadın nümayəndəsi kimi geniş populyarlıq qazanmışdı. Bu, o deməkdir ki, mühafizəkarların mövqeyi güclü olaraq qalır. Bu qanadın digər nümayəndəsi isə artıq 2013-cü il seçkilərində prezidentliyə namizəd olmuş İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafdır. Ona görə də, parlament sədrinin prezidentlik yarışında iştirakı istisna olunmamalıdır. Yeri gəlmişkən, vitse-prezident Məhəmməd Moxbər  özü də gücünü sınaya bilər. Digər tərəfdən, bəzi ekspertlər artıq Ali Rəhbərin oğlu Müctəba Xameneinin namizədliyi barədə də danışmağa başlayıblar. Bununla belə, hesab edirəm ki, Xameneinin namizədi  İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni ola bilər. Təbii ki, bu məsələdə son sözü hələ ali rəhbər deməlidir”.

Edvard Berudjanyan qarşıdan gələn seçkilərdə “islahatçılar”ın nümayəndəsinin qalib olacağına inanmadığını deyib.

“İndi hakim elitada mühafizəkarlığa böyük tələbat var və xarici vəziyyət də buna təkan verir. Regiondakı ağır vəziyyət İran siyasətini daha qapalı və vahid olmağa vadar edir”, – ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az