WhatsApp Image 2024 03 01 at 10.04.56

Ukraynadakı müharibədə intensiv döyüşlər davam edir. Ölkə Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Xarkov vilayətinə yeni hücuma start verdiyini açıqlayıb. Döyüşlərin şiddətləndiyi ərəfədə Çindən münaqişənin həlli ilə bağlı fikirlər səsləndirilir.

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Ukrayna müharibəsi dünya siyasi gedişinin nəticəsidir:

“Beynəlxalq aləmdə Rusiya-Ukrayna müharibəsini yaradan səbəblər araşdırılmır. Bu gün Rusiya Ukraynada müharibəyə başlamaqla dünyanı siyasi, iqtisadi düzənində xaos yaratdı. Prosesin reallaşmasının səbəbləri var. Birləşmiş Ştatlar başda olmaqla NATO bloku Rusiyanı və Çini düşmən elan edib. Rusiyanı hərbi, Çini isə iqtisadi gücünə görə özlərinə rəqib hesab edirlər. Ona görə də Kremli dünya siyasi arenasından zəiflədib, çıxartmaq üçün Ukrayna müharibəsi başladı. Əslində bu elə NATO-Rusiya müharibəsidir. Rəsmi Moskva özünü müdafiə etmək üçün əməliyyatlara başladı. Çünki açıq şəkildə bəyan etmişdilər ki, NATO-nun sərhədlərə doğru irəliləməsi Rusiya üçün birbaşa təhlükədir. Lakin bu çağırışlara məhəl qoyulmadı və Ukraynada “rəngli inqilab” adı altında dövlət çevrilişi etdi. Ukrayna klonlaşdırılaraq Rusiya əleyhinə kökləndi”.

Politoloqun sözlərinə görə, hazırda NATO Ukrayna ərazisində Rusiyaya məğlub oldu:

“Ukraynanın 20 faiz ərazisi itirilib, Xarkov və Odessa istiqamətində sürətli əməliyyatlar gedir. Yaxın vaxtlarda həmin ərazilərin Rusiyanın nəzarətinə keçməsi istisna edilmir.

Ümumiyyətlə, müharibə uzun zaman davam edəcək. Onun sülh yolu ilə həlli üçün situasiya yaranmalıdır. Bunu Ukraynanın hakim dairələri həyata keçirməlidir. Kiyev Qoşulmama Hərəkatının üzvü olmalıdır. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski müstəqil deyil, xalqın rəhbəri kimi yox, ABŞ-ın Ukraynadakı rezidenti kimi davranır”.

A.Məsiyev qeyd edir ki, Qərbin düşmən elan etdiyi iki ölkə – Rusiya və Çin bir-biri ilə əməkdaşlıqda maraqlıdır:

“Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi xaos Çinin mövqeyinə uyğun deyil. Dünyada stabillik yaranarsa, iqtisadiyyatda sürətlə inkişaf edəcək. Bu səbəbdən rəsmi Pekin iki ölkə arasında münasibətlərin normallaşmasını istəyir. Ukrayna da məsələnin sülh yolu ilə həllində maraqlıdırsa, Rusiyanın şərtlərini qəbul etməlidir. İki ölkə arasında danışıqların aparılmasında vasitəçi olmaq istəyən ölkələr sırasında birinci Türkiyə dayanırdı”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: