Bu, təsdiqini taparsa, “Azərsu” rəhbərliyini 14 il həbs gözləyir

Hesablama Palatasının açıqladığı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələri ciddi müzakirələrə səbəb olub.

Ümumi dəyəri 72,02 mln. ABŞ dolları olan layihənin düzgün icra edilmədiyi, kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirilmənin aparılmadığı və s. kimi neqativ hallar üzə çıxıb. Məlumata görə, qurğu zəmanət sınaqları keçirilmədən istismara qəbul edilib.

Palatanın rəyinə əsasən bu isə Qurğunun hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüz edir.

Rəydə daha sonra deyilir ki, xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər üzə çıxıb. Bu isə Qurğunun su təmizləmə qabiliyyətini yararsız edib.

Bəs buna görə cavabdeh şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkündürmü? Hüquqi müstəvidə hansı addımlar atılmalıdır?

Nəticənin qanunauyğunluğunun müəyyən edilməsi və ümumi prosesi Globalinfo.az-a şərh edən hüquqşünas Şamil Paşayev mövcud vəziyyətdə hansı addımların atılmasının vacibliyindən söz açıb:

“Hesablama Palatasının həyata keçirdiyi yoxlama nəticəsində dövlət hesabına ayrılan vəsaitin düzgün xərclənməməsi, israf edilməsi, yaxud mənimsənilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd etdiyimiz kimi mənimsəmə və israf edilmədə məbləğ 500 min manatdan yuxarı olduqda bu küllü miqdarda ziyan vurmaqla cinayətin törədilməsi hesab edilir, 10 ildən 14 ilə kimi müddətdə azadlıqdan məhrum edilmə ilə cəzalandırılma mümkündür. Əgər Hesablama Palatası belə bir yoxlama həyata keçiribsə, bu barədə rəy Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməli, araşdırma aparılmalı, fakt öz əksini tapdığı təqdirdə Cinayət Məcəlləsinin 179-cu maddəsinin 4-cü hissəsi ilə cinayət işi başladılmalıdır.

Vəsaitin xərclənməsinə görə məsuliyyət daşıyan, buna nəzarət etməli olan, keyfiyyətsiz avadanlığın quraşdırılması və məhsuldan istifadə edilməsinə cavabdeh olan şəxslərin kimliyi müəyyənləşdirilməlidir. Layihənin icraçısı, podratçısı, mühasibi, direktoru, meneceri, pulun doğru istiqamətdə xərclənməsinə cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər həyata keçirilməlidir”.

Hüquqşünas cinayəti törədənin vəzifəli şəxs olduğu müəyyən edildikdə əlavə maddələrlə də ittiham edilə biləcəyini söyləyib:

“Bu hərəkətlərə yol verənlərin vəzifəli şəxs olduqları müəyyən edildikdə, onların qulluq mənafeyinin əleyhinə törədilən cinayətlər kateqoriyasına aid olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə əlavə ittiham irəli sürülə bilər. Nəzərə alaq ki, “Azərsu” səhmdar cəmiyyətidir və orada çalışanlar da müəyyən vəzifəsi olan şəxslərdir. Eyni zamanda burada dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin də əlamətləri ola bilər. Bu kimi əməllərdə cinayət işinin istintaqı zamanı başqa maddələrin olması da mümkündür. Təbi ki, bunlar hamısı prokurorluğun apardığı araşdırma nəticəsində öz təsdiqini taparsa, şəxslərə ittiham vermək olar”.

Qeyd edək ki, ümumi vəsaitdə kreditin məbləği 43,5 mln. ABŞ dolları (60,4%), Azərbaycan tərəfinin payının məbləği isə 28,52 mln. ABŞ dolları (39,6%) müəyyən edilib.

Ayşən Mustafa

Globalinfo.az