“BMT Naxçıvandakı “Mamed əminin çayxanası” deyil ki, istədiyini danışasan”

İki gün öncə BMT TŞ-da Qarabağ müzakirələrinin nəticələrinə münasibət birmənalı deyil. Hakimiyyət ideoloqları bunu Ermənistanın tam fiaskosu və Azərbaycanın qələbəsi kimi təqdim edirlər. Xüsusilə xaricdə mənzillənmiş müxalif qruplar isə rəsmi Bakının bu müzakirələrdə passiv qaldığını, erməni hücumları qarşısında müdafiə taktikasını seçdiyini bildirirlər. Onların fikrincə, bu taktika sabah ölkəmizin uğursuzluğu ilə nəticələnə bilər. Azərbaycan gərək bu toplantıda rus sülhməramlılarının Qarabağda yürütdüyü təxribatçı siyasətdən, erməni separatçılarını silahlandırmasından və reinteqrasiya prosesinə mane olmasından da bəhs edərdi. Bu baxımdan BMT TŞ-nın son toplantısını Azərbaycanın aktivinə yazmaq mümkün deyil.

Bəs, bir-birinə zidd bu iki yanaşmanın hansı doğrudur? BMT TŞ-nın Qarabağ müzakirələrində qalib kimdir – biz, yoxsa ermənilər?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, rəsmi Bakının müdafiə taktikasını seçməsi və humanitar böhran iddialarına qarşı arqumentlərdən başqa mövzulara toxunmaması düşünülmüş addım idi:

“Çünki müzakirələrin yalnız humanitar böhran çərçivəsində qalması Azərbaycanın maraqlarına uyğun idi. Bilirsiniz ki, erməni tərəfi bu zamanadək beynəlxalq arenada qaldırdığı bütün müzakirələrdə digər məsələlərlə yanaşı “xalqların öz müqəddəratını təyinetmə” hüququndan da bəhs edirdi. Budəfəki müzakirələr isə sırf “humanitar böhran”la məhdudlaşdı. Azərbaycan öz suverenlik hüquqlarına daxil olan digər məsələlərin ümumiyyətlə müzakirəyə çıxarılmamasında maraqlı idi və bu səbəbdən başqa mövzular açıb, ağrımayan başına dəsmal bağlamadı”.

Şərhçi onu da vurğuladı ki, Azərbaycanın BMT TŞ-da Rusiyanın əleyhinə hansısa fikir səsləndirməməsi də doğru idi:

“Rusiya BMT TŞ-nın 5 daimi üzvündən biridir. Onun səsi həlledici sayılır və rəsmi Bakının bu toplantıda Rusiyanın quyruğunu ayaqlaması siyasi səhv olardı. Görünür, kimlərsə BMT TŞ ilə Naxçıvanda 1990-cu illərdə məşhur olan “Mamed əminin çayxanası”nı dəyişik salıb, Rusiyanı iynələməyi məsləhət görür. Üstəlik, Rusiya hansı səbəbdən olursa olsun, həmin toplantıda səsləndirdiyi fikirlərlə Azərbaycana ən çox dəstək verənlər arasında idi. Onu zorla özümüzə qarşı çevirməyin nə mənası vardı?”.

Həmsöhbətimiz xatırlatdı ki, müzakirələrdə iştirak edən digər dövlətlər də Azərbaycan üçün həssas olan ən incə məqamlar barədə heç bir söz demədilər:

“Əksər dövlətlər açıq şəkildə bildirdilər ki, “humanitar böhran” beynəlxalq hüquq və Azərbaycanın suverenliyi çərçivəsində çözülməlidir. Düzdür, Laçın gömrük keçid məntəqəsinin bağlanmasını qınayanlar da oldu. Ancaq qınayanlar belə Ağdam-Xankəndi yolunun açılmasını da “humanitar böhran”ın aradan qaldırılmasının yollarından biri kimi qəbul etdiklərini gizlətmədilər. Prinsipcə, Azərbaycanın istədiyi də budur. Azərbaycan da Laçın yolunun tamamilə bağlanmasını istəmir. Sadəcə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası üçün Ağdam yoluna üstünlük verilməsini vacib sayır və bu məsələdə kifayət qədər haqlıdır”.

Heydər Oğuz hesab edir ki, BMT TŞ-nın məlum iclasında ilk baxışdan Azərbaycana qarşı səsləndirilmiş kimi görünən bəzi fikirlər əslində bizdən çox, ermənilərin əleyhinə idi:

“Məsələn, BMT TŞ-nın daimi üzvlərinin əksəriyyətinin səsləndirdiyi “humanitar məsələni siyasiləşdirməyin” təklifi daha çox ermənilərə aid idi. Daimi üzvlər sadəcə bu fikirləri Azərbaycanın Laçın yolunu bağlamasından və bunun humanitar böhrana yol açdığını bildirərkən dilə gətirmişdilər. Görünür, bizi tənqid edərkən bu fikirlərin səsləndirilməsi belə bir yanlış qənaətin formalaşmasına yol açıb. Diqqət yetirsək, görərik ki, humanitar məsələni siyasiləşdirən biz yox, ermənilərdir. Belə ki, Azərbaycan Ağdam-Xankəndi yolunu açmaq istədiyini, hətta bu yolun artıq çəkildiyini ifadə edərkən, faktiki sözügedən problemin çözülməsindən yana olduğu əyani şəkildə ortaya qoyurdu. Ermənilər isə Ağdam yolundan imtina etməklə və Laçın qapısının açılması barədə israrlı tələblər irəli sürməklə əslində “humanitar böhran” bəhanələrinin altında siyasi niyyət güddüklərini gizlətmirdilər. Adama deyərlər, acından ölürsənsə, sənin üçün çörəyin hansı qapıdan gəlməsinin nə fərqi var? Qismətinə düşəni götür, ye və acından ölmə. Əgər illah da həmin çörəyin Ermənistandan gəlməsini istəyirsənsə, deməli, qarnın qurdludur, başqa fikirlər beynindən keçirirsən”.

Həmsöbhətimiz diplomatlarımızın danışıqlarda məhz bu məqamı qabartmasının daha doğru olacağını düşünür və BMT-dəki daimi nümayəndəmizin erməni ad günlərindən, onların toyda, bayramda dadlı tort, peçenye yeməsindən danışmasından özünün də xoşlanmadığını etiraf etdi:

“Açığı, bu fikirlər diplomatik ritorikaya uyğun gəlmirdi. Üstəlik, daimi nümayəndəmiz Yaşar Əliyev bunu anidən səsləndirməmişdi ki, deyək; dili sürüşdü. Adam neçə gün oturub facebookun qabağında, erməni seqmentini incələyib, guya tutarlı dəlillər tapıb. Təsəvvür edin, BMT-nin rəsmi saytında həmin toplantıda səsləndirilən fikirlərin təqdimatına baxıram, Yaşar bəyin bəhs etdiyimiz arqumentlər onun çıxışına salınmayıb. Görünür, BMT çalışanları da bu arqumentləri diplomatik ifadə tərzinə uyğun görmədiklərindən ixtisara salmağı məsləhət biliblər”.

Siyasi şərhçi Azərbaycan diplomatlarının BMT TŞ-dakı bu mütəvazi uğura arxayın olmamalarını, əksinə, bundan sonra daha aktiv çalışmalarını arzu edir:

“Ermənilərin “humanitar böhran” iddiaları ilə BMT TŞ-na müraciət etməsi məkrli niyyətlərindən doğur. Dünya dövlətləri erməni separatçılarının 30 illik səylərinə baxmayaraq, Qarabağ məsələsində ölkələrin ərazi bütövlüyü prinsipini əsas götürdü və 44 günlük müharibədə onlara arzuladıqları dəstəyi vermədilər. Artıq onlar da başa düşürlər ki, mövcud reallıqlar dəyişmədikcə, öz istəklərini reallaşdıra bilməyəcəklər. Odur ki, yalançı gündəm formalaşdıraraq, məsələni “biz Azərbaycanın tərkibində yaşaya bilmərik, əks halda soyqırıma məruz qalarıq” müstəvisinə gətirməyə çalışırlar. Bir növ, “xalqların öz müqəddəratını təyinetmə” hüququndan yararlanma üçün tutarlı bəhanə axtarırlar”.

Heydər Oğuzun fikrincə, bir sıra beynəlxalq hüquqi sənədlərdə öz əksini tapan bu prinsip əslində ərazi bütövlüyündən kənar məsələ kimi götürülmür:

“Üstəlik, bu hüququn əldə olunmasında xarici təsir faktoru istisna edilir. Görünür, məhz bu səbəbdən Ermənistan sözdə də olsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Məqsəd Qarabağ separatçılığının daxili zərurətdən doğduğunu göstərmək üçündür. Belə görünür ki, sabah ermənilər beynəlxalq arenada Qarabağ sakinlərinin daxili istəkləri kimi bu arqumenti bizim qarşımıza qoyub, ya yüksək səviyyəli muxtariyyət, ya da tamamilə müstəqillik ideyası ilə çıxış etməyə çalışırlar. Qarabağdakı “humanitar böhran” komediyası da buna xidmət edir və Azərbaycan ermənilərin həmin bəhanələrini vaxtında çürütməlidir. Məhz bu səbəbdən də diplomatlarımızın üzərinə bundan sonra daha artıq məsuliyyət yükü düşəcək”.

Ayşən Mustafa
Globalinfo.az