Bilirsən, Ramiz müəllim, həyatdır, olur…

Onun personası hər zaman diqqət mərkəzində olub. Medianın gündəmindən düşməyib. İctimaiyyətin marağından kənarda qalmayıb. 1995-ci ildən üzü bəri Ramiz Mehdiyev Azərbaycan siyasətinin lider isimlərindən olub.

Saray intriqalarının ssenaristi, hakimiyyətdaxili teatrların rejissoru, siyasət orkestrinin dirijoru olub. 2019-cu ildə Prezident Administrasiyası rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra da dirijor çubuğunu yerə qoymaq istəmirdi. Onu PA-dan hörmətlə yola saldılar. AMEA-nın prezidenti postuna gəlməsi üçün fövqəladə toplantı keçirildi. Seçki oldu, R.Mehdiyev quruma rəhbər seçdirildi. Bundan sonra da idarəçiliyə müdaxilə edirdi. Yəqin unutmamısınız, bir qrup məmuru AMEA-dakı kabinetinə yığıb, müşavirə keçirmişdi. Hətta elə nazirlər var idi, vaxtaşırı onu Elmlər Akademiyasının binasında ziyarət edirdilər. Tövsiyə və tapşırıq alırdılar.

R.Mehdiyev vəzifədən çıxarılan gün. Oktyabr, 2019-cu il

Əliqulu Balaoğlanoviç personajının sözləri ilə desək, Mehdiyevin əli telefon aparatında olmasa idi, kimlərəsə tapşırıq, göstəriş verməsə idi, özünü narahat hiss edərdi. Ona görə də Milli Elmlər Akademiyası prezidenti postundan ikiəlli yapışıb qalmışdı. Axırda onu AMEA-nın binasından zorla çıxardılar. Aylarla müqavimət göstərdi. Dirəşdi. Hakimiyyətə savaş açdı, məqalələr yazdı.

Hər şey pandemiya vaxtı sərt karatın qaydalarını pozaraq, nəvəsinə toy etməsindən sonra başladı. O toy, Mehdiyevin 50 illik karyerasına tutulan toy kimi tarixə düşdü. Kürəkəni, onun qudası 15 sutka həbs cəzası aldı, toya gələn məşhur qonaqlar cərimələndi, bəzilərinin polis idarəsində çəkilən şəkilləri ictimailəşdirildi.

İyulun 20-də yayılan məlumata görə Ramiz Mehdiyevin adı AMEA-nın prezidentləri siyahısından silinib. Qurumun saytında yer alan siyahıda onun adına rast gəlinməyib. Özü bunu belə qiymətləndirib:

“Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır. “Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”.

Sosial şəbəkələrdə bu hadisəyə qiymət əsasən belədir: “Vaxtilə çox adları siyahılardan silmisən, indi bu yaşda qabağına çıxır”.

R.Mehdiyev nazir olacaq, deputat seçiləcək, vəzifəyə təyin ediləcək, karyerada yüksələcək bir çoxlarını siyahıya salıb, siyahıdan çıxaran əsas adam olub. 30 ilə yaxın bu proses onun iradəsi və idarəçiliyi altında gedib. Çox haqsızlıqlar etdiyinə dair iddialara rast gəlinir. Deyilir ki, xeyli layiqli, savadlı, milli kadrların taleyini qaraldıb.

Fikir verin, 85 yaşda özü bu cür hadisələrlə üzləşir. Adı mötəbər siyahıdan silinir. Etiraz edir, bunu özbaşınalıqdır, qanunsuzluq adlandırır. İnsanlar isə deyir ki, zamanında onun etdikləri həm də allahsızlıq olub. Haqsız yerə neçə insanın həyatına müdaxilə edib, uğur yolunu kəsib.  Həyat bu yaşda ona səpdiklərini biçdirir, etdiklərini yaşadır. Tərs kimi, gənc deyil, səhvini düzəltmək üçün çalışsın. Ya da qisas almaq üçün mübarizə aparasan. Nə etsə də nafilə…

Ramiz Mehdiyevin son 4 ilə yaxın müddətdə yaşadıqları əsl ibrətlik olaydır. Dərs çıxarılması lazım olan gerçək həyat hekayəsidir. Artıq bu səhvlərini düzəltmək iqtidarında deyil. Elə yaşamaq, elə işləmək lazımdır ki, vəzifədən gedəndə “keçmiş olsun”, öləndə “Allah rəhmət eləsin” deyənin çox olsun.

Tahir Turan
Globalinfo.az