Bakını təşviş bürüdü: binalar 7-8 ballıq zəlzələyə davam gətirəcəkmi? – Bütün suallara cavab verildi

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra gündəm mövzularından biri də Bakıdakı çoxmərtəbəli binaların keyfiyyətidir. Əksər ekspertlər hesab edirlər ki, paytaxtda bina və həyət evlərinin çoxu normativlərə cavab vermir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov Globalinfo.az-a bildirib ki, 2018-ci il avqustun 1-dən etibarən tikintiyə aid səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə deyib ki, bu məsələ ilə bağlı səlahiyyətli qurum Fövqəladə Hallar Nazirliyidir:

“Tikintiyə icazə aidiyyəti dövlət qurumlarının rəyləri əsasında verilir. Layihələrin ekspertizası FHN tərəfindən aparılır”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Globalinfo.az-a açıqlamasında qeyd edib ki, tikinti norma və qaydalarında, eyni zamanda, məcəllədə layihələndirmə mərhələsində seysmik tələblər kifayət qədər öz əksini tapıb və buna riayət olunur:

“Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir. Sonra bu hesabat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Gördüyünüz kimi, bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir.

2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur”.

Həmçinin qeyd olunub ki, 2019-cu ildə istismara qəbul olunmamış, lakin məskunlaşdırmalar aparılmış binaların sadələşdirilmiş istismara qəbulu haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu:

“Ondan əvvəl də araşdırmalar aparılmışdı. Bir daha dəqiqləşdirəndə biz gördük ki, 500-ə yaxın belə bina və kompleks var. Bəzilərinin heç icazə sənədləri də yox idi. Onların əksəriyyətinin qüsurları aradan qaldırılmaqla istismara qəbulu təmin olundu. Bu zaman çox böyük işlər aparıldı. Elə komplekslər var idi ki, onlar 7-8, hətta 10 binadan ibarət idi. Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb. Bu da onunla əlaqədardır ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə məhkum olunublar. Beləliklə, qüsurları aradan qaldırmağa heç kim yoxdur. Bu binalardakı qüsurları aradan qaldırmadan istismara qəbulu haqqında qərar verilə bilməz. Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq.

Tikinti materialları FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutu tərəfindən yoxlanılır. Tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və s. hamısının sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”.

Nazirliyin verdiyi məlumata əsasən, ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub:

“Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.

Bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır. İkinci növbədə qeyd etmək lazımdır ki, bu müddət ərzində nəzarət mexanizmləri də dəyişib. 2013-cü ildə mənim də müəlliflərindən olduğum “Şəhərsalma və Tikinti Məcəlləsi” Milli Məclisdə qəbul olunub və Prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Bu gün tikinti subyektləri bu məcəllə əsasında fəaliyyət göstərir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir ki, bu da sovet dövründən 2013-cü ilə qədər olan nəzarət formalarından kifayət qədər sərt və daha mükəmməldir. Bizim üçün tikintinin Bakı şəhərinin mərkəzində və ya kənarında, yaxud respublikanın digər yerlərində aparılmasının heç bir fərqi yoxdur. Nəzarət tam olaraq həyata keçirilir”.

Gülnar Səlimova
Globalinfo.az