Bakıda konfrans: islamofobiya müzakirə ediləcək

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans 8-9 mart tarixlərində baş tutacaq.

Konfransdan əvvəl keçirilən mətbuat konfransında BMTM-nin idarə heyətinin sədri Fərid Şəfiyev deyib ki, ötən il də belə bir konfrans keçirilib.

“Bu il konfransda daha çox nümayəndə təmsil olunacaq. Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak etməsi gözlənilir. Həmçinin, sözügedən konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də iştirak edəcək. İkinci İslamofobiya konfransı zamanı əsas mövzu ətrafında ciddi müzakirələr, araşdırma təqdimatları və açıq dialoqların aparılması üçün platforma təmin ediləcək”.

O deyib ki, Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycanın yeni xarici siyasət gündəmi formalaşır, Azərbaycan artıq “orta güc” statusuna yiyələnib. “Bu il Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək”.

Fərid Şəfiyev deyib ki, Azərbaycan İslamafobiyanı, onun fəsadlarını illər ərzində hiss edib. “30 illik münaqişə dövründə qərb mediasında, qərb siyasətçiləri tərəfindən Azərbaycana qarşı qərəzli mövqedən çıxış ediblər. Bunun səbəbləri var idi ki, onlardan biri də İslamafobiya ilə, Türkofobiya ilə bağlı idi. Konfransın məqsədi də bu problemi akademik çevrədə müzakirə etməkdir”.

O deyib ki, regionda yeni reallığı qəbul etməyən ölkələr var.

“Bu konfransın keçirilməsində iki məqsəd var, birincisi, beynəlxalq ictimaiyyət İslamafobiya ilə mübarizədə nə edə bilər, digər istiqamət isə akademik çevrədə bu məsələni müzakirə etməkdir”.

Daha sonra Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin rəhbəri Rəvan Həsənov çıxışında deyib ki, Azərbaycan ilk ölkələrdən biridir ki bu məsələni qlobal müstəviyə çıxarıb, beynəlxalq ekspertlərin, beyin mərkəzlərinin müzakirəsini təşkil edib.

“İndi daha çox ekspertlər Azərbaycanın bu təşəbbüsünü təqdir edirlər. İslamafobiya dünyanı, Azərbaycan cəmiyyətini narahat edən mövzudur”.

Brifinqdə qeyd olunub ki, martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri nəzərdə tutulur.

Qeyd edək ki, 15 mart tarixinin “İslamofobiya ilə mübarizə günü” olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.