Putinin 2024-cü il planı: 3 ölkə Ermənistanı bölüşdürür

Ukraynanın Rusiya ilə müharibədə qələbəsinin qeyri-mümkün olduğunu, Avropa İttifaqı və ABŞ-ın regionda baş verən siyasi proseslərdə iştirak etməməsini, Azərbaycan və Türkiyə üçün heç bir maneənin olmadığını nəzərə alsaq, Ermənistan üçün faciəvi perspektiv uzaq görünmür.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Hraçya Qalustyan yazıb.

Onun sözlərinə görə, Putin 2024-cü ildə Rusiyada yenidən prezident seçiləndən sonra Ukraynada daha genişmiqyaslı hücuma keçə bilər.

“Qərb kəşfiyyat orqanları bu haqda xəbərdarlıq edir. Lakin 2024-cü ilə qədər döyüş meydanında vəziyyətin səngiyəcəyi də gözlənilir. Bu, Rusiya üçün faydalı olan “dondurulmuş münaqişə” vəziyyətini yaradır. Digər tərəfdən, Rusiya Qərblə ticarətini davam etdirir, təkcə enerji resurslarının gəlirindən 600 milyard dollar qazanc əldə edib. Nəticə etibarilə, Putini devirə bilmədilər və oyun baş tutmadı. Bu təhlükəlidir, çünki o, yeni əraziləri ilhaq etmək istəyəcək, həm də təkcə Ukraynada, Moldovada və Qazaxıstanda yox. Putin Gürcüstandan yeni ərazilər qopara bilər. Ermənistan üçün də ciddi risklər var və çətin ki, İrəvanın Avropaya inteqrasiyadan imtina etməsi Putin üçün kifayət etsin. Ermənistan Belarus və Rusiya ilə ittifaq dövlətinə daxil olmalıdır. Buna nail olmayana qədər dayanmayacaqlar. Doğrudur, ortada ümumi sərhədlər yoxdur, lakin Gümrüdəki 102-ci hərbi baza Rusiyanın Ermənistanı ələ keçirməsi üçün yetərlidir”, – o deyib.

H.Qalustyan bildirib ki, ABŞ prezident seçkilərinə qərq olacaq, Fransa dünyadakı mövqeyini itirir, üstəlik Aİ və NATO-nun bütün diqqəti Ukraynaya yönəlib.

“Beləliklə, Qərb cəbhəsinin Ermənistana ayırmağa vaxtı olmayacaq. Bu, Kremlin əlini gücləndirir. Eyni zamanda, bu Azərbaycan və Türkiyə üçün də sərfəlidir. İlhaq olunan Ermənistanda onların da payı olacaq. Çünki Rusiya Ermənistanı ilhaq edəndə onlar öz planlarını tətbiq edəcək. Bir zamanlar Qarabağı itirmək haqda danışanda, bu, illuziya kimi görünürdü. Nəticədə itirdik. İndi Ermənistanı itirmək təhlükəsi var və bu, heç də uzaq perspektiv deyil”, – Qalustyan qeyd edib.