Azərbaycanda alimlər niyə kasıbdır? – Əsas səbəb

Bir qədər əvvəl ilahiyyatçı-alim, fəlsəfə doktoru Fazil İsmayılovun kirayə qaldığı mənzilin pulunu ödəyə bilmədiyi üçün həmin evdən çıxarılması ictimaiyyətdə müzakirələrə səbəb olub. Hadisədən sonra Heydər Əliyev Fondu alimin 1 illik kirayə haqqını ödəməyi üzərinə götürüb. Həmçinin naşir Şahbaz Xuduoğlunun başlatdığı kampaniya çərçivəsində alim üçün 30 min manatdan çox pul yığılıb.

Maraqlıdır, elm adamları, ölkəmiz üçün ciddi işlər görmüş alimlər niyə dövlətin xüsusi himayəsi altına alınmır? Vaxtaşırı bu cür adamların maddi çətinliklərlə qarşılaşdığının şahidi oluruq. Ayrı-ayrı şəxslər bu məsələdə önə çıxaraq kampaniya başladı. Bəs dövlət, aidiyyəti qurumlar necə? Bu sahədə dövlətin konsepsiyası olmalıdırmı?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa deyib ki, əslində, bu istiqamətdə xüsusi qurumlar fəaliyyət göstərir.

Fazil Mustafa

Deputatın sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu məsələ ətrafında konkret addımlar atmalıdır:

“Təəssüf ki, bu boşluq laqeydlikdən, funksiyaları bilməməkdən yaranır. Çünki əgər bir elm adamı belə vəziyyətə düşürsə, konkret olaraq icra funksiyası hansı qurumdadırsa, məhz onun məsələyə yanaşması vacibdir. Əllərində kifayət qədər vəsait var və bunu həll etmək imkanına sahibdirlər. Buna baxmayaraq, belə bir addımın atılmaması özü də üzücüdür”.

Deputat deyib ki, F.İsmayılov kimi insanlar diqqətdən kənarda saxlanılmamalıdır:

“Tamamilə dəxli olmayan sahələrin adamı qısa müddətdə zənginləşir, amma faydalı işlər görən insanlara əhəmiyyət verən olmur. Bu, üzücü haldır və bunu mütləq diqqətdə saxlamalıyıq ki, müvafiq qurumlar belə hadisələrdə hansısa bir alimin problemlər yaşadığı zaman diqqət ayırsınlar”.

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin sözlərinə görə, ilk növbədə alimlərin yoxsul olma səbəbini araşdırmaq lazımdır:

Dilqəm Əhməd

“Əslində, məsələyə ordan başlamalıyıq ki, ciddi elmi əsərlər yazmış, uğurlar qazanmış alimlərin maddi problem içində yaşamasının səbəbi nədir? Uzağa getmək lazım deyil, qardaş Türkiyədə professor olmuş şəxslər normal həyat yaşayacaq qədər maaş alırlar. Təqaüdləri də onları dolandırmaq gücündədir. Demək, bizdə problem alimlərin maaş azlığıdır. Tanıdığım gənc və orta yaşlı alimlər də bir neçə yerdə işləyirlər. Bəziləri başqalarına elmi işlər, əsərlər yazırlar, hətta elmlər doktoru olub, abituriyent hazırlığı ilə məşğul olanlar var. Yeri gəlmişkən, sonuncular işlədikləri əsas elmi müəssisədən aldıqları maaşdan daha çox hazırlıq keçməklə qazanırlar. Bu baxımdan maaşı verən dövlətdir, yaxşı maaş versə, əlavə dəstəyə, fondların puluna ehtiyac olmaz”.

Tədqiqatçının fikrincə, dövlət rəqabətlilik yaratmalı, nüfuzlu universitetlərdə mühüm işlər görənləri əlavə mükafatlandırmalıdır:

“Son günlər qəribə ziddiyyəti gördük – bir tərəfdən elm günündə təntənəli tədbirlər keçirildi, digər tərəfdən isə bir professorun əsərlərinə sarılıb küçədə yatmasının şahidi olduq. Siz sosial mediada narazı olmayan alim görə bilməzsiniz. Üstəlik, alimlərimiz işlədikləri yerlərdə də azad deyillər. Təsəvvür edin, bir binadan o birinə keçib elmi bir tədbirə qatılanda da icazə alırlar, qol çəkirlər və s. Bəzən alimə heç tədbirlərdə iştirak etmək üçün icazə verilmir. Ən qorxulusu odur ki, universitetdə işləyən müəllimlər “tələbələrimə elmlə məşğul olmamağı tövsiyə edirəm” deyirlər. Bu, artıq fəlakətdir. Kasıb alimin sözü də kəsərli olmaz. Elmlə qazanc vəhdət təşkil etməlidir”.

Zaira Akifqızı
Globalinfo.az