“Avropa təcavüzə nə Ukraynada, nə də Hind-Sakit Okean hövzəsində dözəcək”

“Avropa Ukraynada, yaxud Hind-Sakit Okean hövzəsində təcavüzə dözməyəcək”.

Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O, Avropa İttifaqının 2016-cı ildə Çinin mübahisəli Cənubi Çin Dənizinə olan ərazi iddialarını rədd edən arbitraj qərarına dəstəyini yenidən vurğulayıb.

Von der Leyen Filippin prezidenti Ferdinand Markos Jr. ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib. Bu çıxış Manilada Avropa ilə Filippin arasında ticarət, iqtisadi və təhlükəsizlik münasibətlərini genişləndirməyə yönəlik görüşlərin ardınca baş verib.

Liderlər elan ediblər ki, 2017-ci ildə Markosun sələfi Rodrigo Dutertenin rəhbərliyi altında dalana dirənmiş azad ticarət razılaşması üzərində 27 millətlik blokla Filippin arasındakı danışıqlar bərpa olunacaq.

Avtoritar liderlərin “öz hədələrindən əmələ keçməyə hazır olduqlarını” göstərən Rusiyanın Ukraynaya hərbi müdaxiləsini misal gətirən Ursula von der Leyen təhlükəsizlik əməkdaşlığının vacibliyini vurğulayıb.

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq nizamın əsaslarını silkələyib,” Avropa Komissiyasının Prezidenti deyib.

“Bu, BMT xartiyasına, ərazi bütövlüyü və suverenliyi rəhbər tutan beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir.”

“Məhz buna görə Avropa Ukraynanın təcavüzkara qarşı cəsur mübarizəsini dəstəkləyir, çünki zordan qeyri-qanuni istifadə nə Ukraynada, nə də Hind-Sakit Okean hövzəsində yolverilməzdir.”

Von der Leyen əlavə edib ki, qaydalara əsaslanan nizama hədələr hamı üçün təhlükə törədir.

“Buna görə də biz Hind-Sakit Okean hövzəsində artan gərginliklərdən narahatıq,” deyə o, Avropa İttifaqının azad və açıq hövzə tərəfdarı olduğunu bəyan edib.

Onun üstü-örtülü ritorikası son zamanlar Çinin regionda aqressiv davranışından narahatlıq ifadə edən ABŞ liderlərinin sentimentlərinə əks-səda verib.

Çinin adını çəkməsə də, Ursula von der Leyen Avropa İttifaqının BMT tribunalının Çinin bütün su hövzəsinə iddiasını rədd edən qərarını tanıdığını bildirib.

Çin arbitraj məhkəməsinin qərarını cəfəng adlandıraraq ona riayət etməməkdə davam edir.

Ursula von der Leyen bildirib ki, hökm beynəlxalq öhdəlik gücünə sahibdir və mübahisələrin dinc yolla həll olunmasına baza yaradır.