Antiterror əməliyyatı niyə belə yekunlaşdı? – Narahat sualın arxayın cavabı

2020-ci ilin 9 noyabr tarixində hərbi əməliyyatlar dayandırıldıqdan az sonra ölkədə qələbə coşğusu yarandı. Əhali meydanlara axışdı. Azərbaycan və Türkiyə bayraqları izdihamın başı üzərində dalğalanırdı. Möhtəşəm mənzərə, qürurverici günlər idi.

Paralel bir xətt də boy verirdi. Bəzi siyasi qüvvələr qələbəni gözdən salmaq, əhəmiyyətini azaltmaq üçün xaincəsinə mövqe tutmuşdular.

Təsəvvür edin, Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib, ora bayraq sancıb, Ermənistan kapitulyasiyaya bərabər sənədə imza atıb, Ermənistanda xalq ayağa qalxıb, Paşinyanın ofisinə hücuma keçib, qəzəbli kütlə parlamentin spikerini döyüb, qarşısına çıxan hər şeyi dağıdıb. Azərbaycanın bəzi “uzaqgörən” “təhlilçiləri”, “barışmaz müxalifəti”, inkarçı siyasi dəstəbazları isə dirəşmişdi  ki, bu, məğlubiyyətdir. “Qarabağı Rusiyaya satdılar” deyib, bağırırdılar. Qələbəmizə haram qatmaq üçün əllərindən gələn pisliyi etməkdən çəkinmirdilər.

İllərlə bu siyasət davam etdi. Hər fürsətdə deyirdilər ki, Rusiya sülhməramlı kontingenti Qarabağı işğal etməyə gəlib. Sayı iki minə çatmayan kontingentlə Rusiya guya Qarabağı əlimizdən alacaqmış. Fəqət bu təbliğatları alınmadı. Çünki ortada gerçək QƏLƏBƏ vardı.

Cəmiyyət öz qələbəsinə sahib çıxdı. Kənar ideoloji müdaxilələrə, manipulyasiyalara baxmayaraq insanlarımız “Rusiya Qarabağı işğal etdi” şantajına, provokasiyasına uymadı. Dövlətin, Prezidentin, Ordunun yanında dayanmağa davam etdi.

Türkiyə amili də öz işini gördü. Qardaş ölkənin Azərbaycanın yanında yer alması – müharibənin ilk günündən son dəqiqəsinə kimi bizimlə çiyin-çiyinə dayanması vətəndaşlarımızı həm qürurlandırdı, həm ürəkləndirdi, həm də qələbəyə inandırdı.

İllərdir arzuladıqlarımız gerçək olmuşdu – Türkiyə Qarabağ məsələsində bizə hərtərəfli dəstək göstərirdi. 44 günlük Vətən müharibəsində bunun bəhrəsini tam mənası ilə gördük.

10 noyabr üçtərəfli Bəyannaməsi imzalandıqdan təxminən 3 ay sonra Ağdamda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ideoloji diversantların arqumentlərini əllərindən aldı. 2021-ci ilin 15 iyununda Şuşa Bəyannaməsinin imzalanmasından sonra isə bütün demaqogiyalara, siyasi qeybətlərə, informasiya təxribatlarına nöqtə qoyuldu. Hər kəs anladı ki, bu, sıradan bir qələbə deyil. Arxasında Türkiyənin hərbi-siyasi iradəsinin dayandığı bir gerçəklikdir.

19 sentyabrda başlayan və 20 sentyabr tarixində başa çatan lokal antiterror əməliyyatları zamanı da bu xaric(i) səsləri, notları eşitdik, gördük. Bu dəfə də prosesləri Rusiyaya bağladılar. Guya İlham Əliyev bütün bunları Vladimir Putinin çıxarları üçün edir. Bilirlər ki, Rusiya və Putin Azərbaycan cəmiyyətində mənfi emosiyalar yaradır, işğalla, zorakılıqla assosiasiya edilir. Ona görə də hər dəfə siyasi-ideoloji zəhərlərini Putinin adına, Rusiya amilinə sarılaraq axıdırlar.

Separatçıların təslim olaraq Azərbaycandan yalvarırmışcasına hərbi əməliyyatları dayandırmağı xahiş etmələri yanaşmanı kökündən dəyişib. Onlar şərtlərimizi qəbul etdiklərini açıqlayıblar. Sabah – sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni icmasının nümayəndələri Prezident İlham Əliyevin təyin etdiyi rəsmi şəxslərlə görüşəcəklər. Bakı bu formatı 2 aydır gündəmə çıxarıb. Separatçılar imtina edirdilər. Budur, artıq bu şərti də qəbul etmək məcburiyyətində qalıblar.
İndi cəmiyyəti narahat edən məsələ separatçıların saxta hökuməti və qondarma parlamenti buraxmamalarıdır. Bundan səmimi şəkildə narahatlıq ifadə edənlər də var, vəziyyəti fürsət bilib ideoloji təxribatla məşğul olanlar da.

Mümkündür ki, sabah Yevlax görüşü gedə-gedə, ya da görüş başa çatdıqdan sonra separatçılar qondarma hökuməti və saxta parlamenti buraxdıqlarını elan etsinlər. Bu, növbəti böyük bir prosesin başlanğıcı olacaq. Üstəlik 200 illik erməni işğalının, təxribatının, Güney Qafqazın ən yaşlı münaqişəsinin başa çatması demək olacaq.

2020-ci ildə olduğu kimi, bu qələbədə də Türkiyə yanımızdadır. BMT Baş Assambleyasının toplantısında prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla, Qarabağla bağlı möhtəşəm çıxışı hər şeyi deyir. Yeri gəlmişkən, hörmətli Ərdoğan ABŞ-a səfəri əsnasında mediaya açıqlamasında yeni format haqda danışmışdı. Demişdi ki, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan rəhbərləri dördlü formatda bir araya gəlsinlər. Bu, regionun yeni geopolitik dizaynının anonsudur. Təbii ki, Ərdoğan bu təklifi öncədən İlham Əliyevlə və Vladimir Putinlə razılaşdırıb, sonra dilə gətirib.

Prezident İlham Əliyev və Azərbaycan Ordusu növbəti möhtəşəm qələbəyə imza atdı. Bu qələbə həm də Ermənistanın, onun dinc sakinlərinin, Qarabağdakı erməni əsilli insanların nicatıdır. Bu, Azərbaycanın Xankəndiyə dinc yolla nəzarəti təmin etməsi üçün unikal imkanlar yaradır. Üç rəngli, ay-ulduzlu bayrağımız çox keçmədən Xankəndi səmasında dalğalanacaq.

Böyük bir geopolitik prosesin əsas mərhələsi yekunlaşmaq üzrədir. Qarabağda ədalət bərpa edilməsə, Cənubi Qafqazda sülh olmayacaq. Cənubi Qafqazda əmin-amanlıq yaradılmasa, regionun böyük dövlətlərinin hədəflədikləri nəhəng layihələr həyata vəsiqə qazanmayacaq. Gələcəyin dünyasına yol Azərbaycandan keçir…

Azər Ayxan
Globalinfo.az