ABŞ Azərbaycanı niyə özünün 51-ci ştatı sayır?

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda “dinləmələr” keçirildi.

Bəli, düz oxudunuz: ABŞ Konqresinin Nümayəndələr Palatasında hazırda Azərbaycanda var olmayan bir ərazi vahidi haqda “dinləmələr” keçirilib. Kiçik bir xatırlatma edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuş adıçəkilən ərazi vahidində içərisində olduğu iki yeni (Şərqi Zəngəzur və Qarabağ) iqtisadi rayon yaradılıb. Ümumilikdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 68-ci maddəsinin üçüncü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 4-cü maddəsi əsas tutularaq 1991-ci il 26 noyabr tarixində ləğv edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında var olmayan ərazi vahidi haqda dinləmələrin keçirilməsi bir yana, bu dinləmələrdə çıxış edənlər də diqqət çəkir. Söhbət Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen və USAİD-in Avrasiya və Avropa bürosunun administratorunun müavini Aleksandr Sokolovskiydən gedir.

Əslində, hər üç şəxsin çıxış etməsi belə özlüyündə prosesin arxasında erməni lobbisini dayandığını deməyə əsas verir. Belə ki, Tomas Kin, tədbirin təşkilatçısıdır və bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşərək 2023-cü il sentyabrın 20-də Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatından sonra yaranmış vəziyyəti müzakirə etmişdilər. Bu görüşdən qısa zaman sonra Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda “dinləmələr”in keçirilməsi aydın məsələdir ki, təsadüfi deyil.

ABŞ Konqresi gələn həftə müdafiə büdcəsini səsə qoyacaq

Ceyms Obrayen və Aleksandr Sokolovskinin Konqresdəki çıxışları isə sözün əsl mənasında ürəkbulandırıcıdır. Misal üçün, C.Obrayen açıq şəkildə təhdid edərək deyib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən (1992-ci ildə qəbul edilib – red.) imtinanın müddətini uzatmayacaq.

Ümumiyyətlə, son zamanlar ABŞ rəsmilərinin çıxışları sərtləşməklə birlikdə, həm də ərk halını alıb. Sanki Azərbaycan ABŞ və Konqresi qarşısında öhdəlik götürüb. Görünür, ABŞ rəsmiləri Azərbaycanı 51-ci ştat olaraq görür.

51-ci ştat demişkən əminəm ki, bu gün Azərbaycanda elə şəxslər var ki, xalq referendumu olsa, məmnuniyyətlə gedib bu istiqamətdə səs verərlər. Axı onların aylıq qazancı, habelə aldıqları qrantlar məhz “demokratiyanın beşiyi”ndən gəlir.

Amma əminliklə deyə bilərəm ki, Azərbaycan istəsə belə ABŞ-ın 51-ci ştatı ola bilməz:

Birincisi, Azərbaycanda irqçilik yoxdur. ABŞ standartlarına uyğunlaşmaq üçün ölkəmizdə gündə bir qaradərili şəxs zorakılığa məruz qalmalı, ya da günorta vaxtı polis tərəfindən öldürülməlidir.

İkincisi, Azərbaycanda iri mafioz qruplar, karteller, habelə bunları dəstəkləyəcək siyasətçilər də yoxdur. ABŞ Konqresində oturanların bir çoxu məhz bu şəxslərin çirkli pulları hesabına seçkilərdə qalib gələn şəxslərdir.

Üçüncüsü, Azərbaycan ABŞ-ın 51-ci ştatı olması üçün tarixində həm də soyqırım olmalıdır. Necə ki, ABŞ bir milyondan çox hinduya qarşı soyqırım etdiyi kimi Azərbaycanda ermənilərə qarşı soyqırım etməliydi. Ermənilər isə öz xoşu ilə Azərbaycanı tərk edib.

Nəticə etibarilə Konqres ABŞ-ın günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı. Azərbaycan ABŞ-ın 51-ci ştatı deyil ki, rəsmi Vaşinqton onunla bu tonda danışsın, təhdid etsin.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı