Israil iran livan 900x506 1

“Münaqişənin daha geniş geosiyasi məntiqi İsrailin uzun illərdir izlədiyi “kalamar” doktrinasına əsaslanır. Bu yanaşmaya görə, İran baş rolunu oynayır, onun regional qolları – “Hizbullah”, husi üsyançıları, İraq və Suriyadakı şiə milisləri – isə həmin mərkəzdən qidalanan uzantılardır. Strateji hədəf başı zərərsizləşdirməklə qolları da zəiflətmək və ya sıradan çıxarmaqdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə İsrailin “Hizbullah”a qarşı başlatdığı hərbi əməliyyatları şərh edərkən deyib.

Politoloq bildirib ki, İsrail ordusu “Hizbullah”ın Tehranın təlim və maliyyə dəstəyi olmadan uzunmüddətli fəaliyyət göstərə bilməcəyini açıqlayıb:

“Bu isə onu göstərir ki, strateji hədəf İranın özüdür, Livandakı əməliyyatlar isə əsas məqsədə çatmaq üçün həyata keçirilən “təmizləmə mərhələsi” kimi qiymətləndirilə bilər. İranın daxildən zəiflədilməsi və Ali Rəhbər Ayətullah Xameneinin ölümü ilə bağlı yayılan məlumatlar fonunda “Hizbullah”ın əsas dayaqlarının sarsılması ehtimalı artır.

“Hizbullah”ın indiyədək minlərlə raketdən ibarət arsenalının yalnız məhdud hissəsindən istifadə etməsi və atəşlərin böyük qisminin boş ərazilərə və ya dənizə düşməsi iki ehtimalı gündəmə gətirir: ya təşkilat strateji ehtiyatı qorumağa çalışır, ya da komanda-idarəetmə zəncirində problemlər yaşanır. İranla əlaqələrin zəifləməsi qruplaşmanın döyüş qabiliyyətinə birbaşa təsir göstərir. Livanın cənubunda İsrail artilleriyasının fosfor mərmilərindən istifadə etməsi və yüzlərlə yaşayış məntəqəsinin bombalanması da təşkilatın cavab imkanlarının məhdudluğunu ortaya qoyur.

İranın mərkəz rolunun sıradan çıxması regional qrupları daha müstəqil və eyni zamanda daha gözlənilməz edə bilər. “Hizbullah”ın Livan daxilində sosial dayaqlarını zəiflətməsi – xüsusilə müharibə nəticəsində dəymiş zərərlərin kompensasiya olunmaması – onu təcrid olunmuş və buna görə də radikal addımlar ata bilən aktora çevirər. Təşkilatın arsenalında hələ də minlərlə raket mövcuddur və əgər özünü mühasirədə hiss edərsə, bu silahları maksimum miqyasda işə salmaq təhlükəsi var”.

Politoloq hesab edir ki, münaqişənin ən kritik tərəfi enerji axını və dəniz ticarətinin təhlükə altına düşməsidir:

“Son hadisələr regionun əsas strateji boğaz nöqtələrinin nə qədər həssas olduğunu göstərir. Hörmüz boğazının İran tərəfindən bağlanması ehtimalı artıq real risk kimi qiymətləndirilir. Qətərin LNG istehsalını dayandırması qlobal qaz bazarına ciddi təsir göstərib. Avropada qaz qiymətlərinin 30 faiz artması və Brent markalı neftin 81 dollara yüksəlməsi bunun ilkin əlamətləridir.

Körfəz ölkələrindəki neft infrastrukturuna – BƏƏ-də Cəbəl Əli limanı və Səudiyyə Ərəbistanındakı neft terminallarına – endirilən zərbələr qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid yaradır. Müharibə riskinə görə sığorta haqlarının 25-50 faiz artması isə ticarət axınını daha da çətinləşdirir.

rustem tagizade e1756472670253 900x576 1
Rüstəm Tağızadə

Omanın strateji Duqm limanında İran PUA-larının yanacaq anbarını vurması müharibənin coğrafiyasının genişləndiyini göstərir. Kiprdəki Britaniya hərbi bazasının hədəfə alınması isə qarşıdurmanın artıq Aralıq dənizinə də yayıldığını sübut edir. Fransa və Yunanıstanın adaya əlavə müdafiə sistemləri göndərməsi Avropanın da prosesdən kənarda qala bilməyəcəyi deməkdir.

ABŞ-ın Küveytdəki səfirliyini gərginlik səbəbindən müddətsiz bağlaması və Bəhreyndə yerləşən 5-ci donanma qərargahının hədəfə alınması Vaşinqtonun bölgədəki hərbi mövcudluğunun birbaşa risk altına düşdüyü mənasına gəlir”.

R.Tağızadə əlavə edib ki, İsrail ordusunun Litani çayının şimalındakı yaşayış məntəqələrini vurması ölkənin cənubunda nəzarətin tam bərpa olunmadığını göstərir:

“Livan ordusu Bint Cbeyl bölgəsindən geri çəkilir, yəni dövlət strukturları da münaqişədən kənarda qalmağa çalışır. UNIFIL-in qeyri-vacib personalı təxliyə etməsi isə beynəlxalq qurumların vəziyyəti kritik qiymətləndirdiyini ortaya qoyur.

200-dən çox gəminin Hörmüz boğazında gözləmə mövqeyində qalması qlobal təchizat zəncirlərində yeni tıxanmalar yaradır. Avropa ölkələrinin vətəndaşlarını regiondan təxliyə etməsi isə mümkün yeni qaçqın dalğasının siqnalıdır.

Həm İran istiqamətində, həm də Livan cəbhəsində paralel əməliyyatlar böyük resurs tələb edir. Əgər İranın cavab zərbələri Körfəz ölkələrinin enerji infrastrukturuna daha ciddi zərər vurarsa, qlobal iqtisadi tənəzzül sürətlənə bilər ki, bu da uzunmüddətli müharibə aparan İsrail üçün əlavə yük yaradacaq.

Əgər Tehran rejimi sürətlə zəifləyər və mərkəzi hakimiyyət parçalanarsa, İsrail Livanda “Hizbullah”ı tam tərksilah etmək üçün daha geniş əməliyyata başlaya bilər. Əks halda, müharibə uzanarsa, İsrail fəaliyyətini sərhəd təhlükəsizlik zonasının yaradılması ilə məhdudlaşdırar.

Bu müharibənin 1973-cü ildən bəri Yaxın Şərqdə ən böyük sərhəd və nüfuz dəyişikliklərinə səbəb olması mümkündür. Lakin İranın daxili çöküşü regionda daha böyük xaos – qaçqın böhranı, etnik qarşıdurmalar və hətta strateji silahların nəzarətdən çıxması kimi risklər də yarada bilər. Bu səbəbdən müharibənin sonu sabitlik deyil, daha mürəkkəb və təhlükəli mərhələnin başlanğıcı olar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: