Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – Bakıya gələn qatarın SİRRİ

Qazaxıstan Orta Dəhlizin kilid ölkələrindən biridir. Proseslərin mövcud vəziyyətində Prezident Kasım-Comart Tokayevin Azərbaycana səfəri və burada verilən bəyanatlar, Çindən Aktau limanına, ordan isə Bakıya gələn konteyner qatarının rəmzi qarşılanması isə dünyaya açıq bir mesaj kimi dəyərləndirilir.

Belə fikirlər var ki, artıq Zəngəzur dəhlizi – “Turan yolu” işə düşür. Türk Dövlətləri Təşkilatının üç aparıcı ölkəsi (Azərbaycan, Türkiyə və Qazaxıstan) böyük bir layihənin icrası üçün vahid mövqedən çıxış edirlər.

Zəngəzur dəhlizinin İrəvanın mövqeyindən asılı olmayaraq fəaliyyətə başladığını söyləyə bilərikmi? Rusiyanın hazırkı şəraitdə məsələyə münasibəti necədir?

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycanın məsələsi deyil, qlobal bir layihənin təhlükəsizlik paradiqmasını gündəmə gətirir:

“İndi “Bir kəmər, bir yol” layihəsi və COP29 sammiti öncəsi, həmçinin XI Qlobal Bakı Forumunda çox sayda beynəlxalq tərəfdaşların mövqelərini də öyrənmiş olduq. Çin rəsmilərinin səfəri, Azərbaycan Prezidenti ilə görüşlər, Qazaxıstan Prezidentinin Azərbaycana gəlməsi hazırkı situasiyada diqqətçəkən məqamlardandır. Yəqin ki, bir müddət sonra Qırğızıstan və Özbəkistan prezidentlərinin də səfərinə ev sahibliyi edəcəyik”.

Ə.Əlibəyli hazırda böyük qlobal bir prosesə start verildiyini qeyd edib:

“Yəqin ki, bura Türkmənistanın da cəlb edilməsi ilə mahiyyət dəyişəcək. Hətta biz Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən “Sərdar” dostluq yatağının istifadəsi ilə bağlı yaranmış konfliktə də bu məqsədlə son qoymuşduq. Hazırda müzakirə olunan yolun Zəngəzur dəhlizi, yaxud “Turan yolu” adlandırılması xalqlara görə dəyişir. Lakin heç bir fərqi yoxdur. Zəngəzur dəhlizinin açılması Azərbaycanın milli maraqları nöqteyi-nəzərində zəruri və tamamilə leqaldır. Bu dəhlizin qlobal əhəmiyyəti var. Ona görə də qarşısında hansısa gücün tab gətirməsi imkansızdır”.

“Layihəyə əsasən Şanxay limanından yüklərin dövriyyəsi Bakı Beynəlxalq Dəniz Ticarəti limanına doğru istiqamətlənməlidir. Buradan isə Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya daşınması nəzərdə tutulur. Bölgələrdəki müasir yolların heç biri, yəni mövcud kommunikasiyalar bu daşınmanı qarşılayacaq gücdə deyil”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az