“Zəngəzur dəhlizi açılanda İran Azərbaycanın ayağına düşəcək” – Politoloqun rezonans doğuracaq müsahibəsi

Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a geniş müsahibə verib. Müsahibənin birinci hissəsini təqdim edirik.

– Əlimusa bəy, sizcə, Türkiyənin Yunanıstan və Ermənistanla münasibətləri “zəlzələ diplomatiyası” çərçivəsində düzəltməsi uzunmüddətli olacaq?

– Məncə Türkiyə, Yunanıstan və Ermənistan yaxınlaşmaq üçün fürsət axtarırdılar. Ərdoğan da verdiyi sözlərdən geri çəkilmək istəmirdi. Zəlzələ bu yaxınlaşmaya yardım etdi. Türkiyənin Yunanıstanla yaxınlaşmasında maraqlı olan dövlətlərin gücü və təzyiqi daha böyükdür, nəinki Ermənistanla münasibətlərin qurulması üçün olunan təzyiq.

– Ermənistan Konstitusiyasında Türkiyəyə ərazi iddiası ilə bağlı maddə var. Türkiyə ilə münasibətlərin normallaşması üçün Ermənistan konstitusiya dəyişikliyinə getməlidir?

– Ermənilər istəyir ki, əlaqələr yaransın, sonra danışıqlar prosesi başlasın. Amma ərazi iddiaları və qondarma “soyqırımı” mövzusu ortada ola-ola danışıqlar necə baş tuta bilər? Mənə elə gəlir ki, ikinci məsələni də əsas götürürlər. Danışıqlar başlayır, sonra o məsələlər mərhələli şəkildə aradan qaldırılır.

– Azərbaycan prosesdən kənarda qala bilərmi?

– Bu, mümkün deyil. Çünki bu təkcə Türkiyə və Ermənistan dövlət başçılarının öz istəklərindən asılı olan məsələ deyil. Cəmiyyət, xalq, diaspora və s. var. Ermənistan bu gün Ağrı dağın şəklini gerbdən götürüb, sonra danışıqlara getmək variantını seçə bilməz, çünki Paşinyan iqtidarı bu təzyiqlərə davam gətirmək gücündə deyil. Bəlkə danışıqlar başlasa, insanlar bir-birinə bir qədər öyrəşsə, bu də baş verə bilər. Yəni münasibətlərin yaranması prosesi qarşılıqlı güzəştlər nəticəsində olmalıdır. Türkiyə güzəştə gedir, o şərtlərsiz danışıqlara başlamağa imkan yaradır, sonra Ermənistan konstitusiyaya dəyişiklik edir və soyqırım iddiasından vaz keçir və s. Qondarma “erməni soyqırımı” məsələsi uzun müddətdir ki, gündəmdə yoxdur. Bu elə bəlkə yaxınlaşmağa doğru addımlardan biridir. Ona görə düşünürəm ki, danışıqların formatını dəyişiblər.

– Bəs Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsini necə dəyərləndirirsiniz?

– Azərbaycanın Ermənistanla danışıqlara getməsində əsas məqsəd sərhədlərin delimitasiyası və demarkasiyası, eyni zamanda Qarabağın Azərbaycanın yurisdiksiyasında tam təsdiq olunmasıdır. Bundan axı hansı dövlət imtina edə bilər? Azərbaycanın əlavə istəyi təkcə Zəngəzur dəhlizi ilə bağlıdır. Bu da İrandan başqa region aktorlarının demək olar hamısının ürəyincədir.

Rusiya istəyir ki, bu dəhliz onun xidmətində, nəzarətində olsun, həm siyasi, həm iqtisadi gəlirləri özü götürmək istəyir. Bu baxımdan, dəhlizin açılmamasının əsl səbəbkarı Rusiyadır. Ən böyük maneə və bunu istəməyən yeganə dövlət isə İrandır, çünki onun burada dividenti yoxdur. Bu dəhliz Azərbaycanın nüfuzunu artıracaq, Azərbaycan və Türkiyənin, Orta Asiya ölkələrinin münasibətlərini genişləndirəcək. Bu dəhliz Rusiya-Ermənistan, Rusiya-Türkiyə əlaqəsini genişləndirəcək, Azərbaycan-Çin əlaqələrini, Çin mallarının buradan keçib Avropaya getməsini təmin edəcək. Və İrandan gələn yüklərin kəsilməsinə səbəb olacaq. İndi Rusiyaya gedən yüklərin çox hissəsi Qafan dəhlizindən keçib Gürcüstan vasitəsilə Rusiyaya gedir. Buna son qoyulacaq və ümumiyyətlə İrandan Rusiya istiqamətində birbaşa yük keçməyəcək. İran xarici işlər naziri Ermənistanda çıxışı zamanı dedi ki, Qafan dəhlizi bizim bel sütunumuzdur.

– Azərbaycanın İranla sərt ritorikası heç vaxt olmamışdı, birdən-birə ona qarşı sərt ritorikaya keçməsinin səbəbi nə oldu?

– Bunu Qarabağ məsələsi və ya İranın son zaman aktivləşməsi, üzərimizə gəlməsi ilə bağlayırlar. Azərbaycan 30 il idi İranın aqressiyasına təmkinlə yanaşırdı. Bunun səbəbi o idi ki, Azərbaycan nə vaxtsa işğaldakı torpaqları azad edəndə İran bu işə badalaq vura bilməsin. Onu neytrallaşdıra bilsin.

İkincisi, Azərbaycan indi İrana qarşı həm Türkiyə, həm Avropa ölkələri qismində özünə güc, arxa, yoldaş tapıb. Bəzi dövlətlər Azərbaycanın İrana qarşı daha ciddi addımlar atmasını gözləyirlər və bəlkə bizi buna təşviq edilər. Azərbaycan prezidenti nə Saakaşvili, nə də Zelenski deyil ki, hər verilən vədin arxasınca getsin və ölkəsini problemə salsın.

“Ermənistanla sərhədlər mənim qırmızı xəttimdir” fikrini deyən İrana məlumat çatmışdı ki, Azərbaycan Naxçıvana qədər olan sərhədi götürmək, bununla da Qafandan İran və Ermənistan arasındakı yolu bağlamaq istəyir. Zəngəzur dəhlizi açılarsa, İran Azərbaycanın ayağına düşəcək. Deyəcək, “mənə də imkan ver dəhlizdən istifadə edim”. Bu gün Azərbaycana İrandan gələn bütün mallar Astaradan keçir. Amma Zəngəzur dəhlizi açılandan sonra İrana heç bir ehtiyac yoxdur. Hətta Bəndərabasa gələn mallar Gürcüstana gəlib, Batumdan keçəcək. İran beynəlxalq aləmdə təcrid olunmuş vəziyyətə düşəcək. İran yükdaşımalar həyata keçirmək üçün Çinlə münasibətlər yaratmağa çalışacaq, bu isə mümkün olan şey deyil.

– İranın Zəngəzur dəhlizi ilə bağlı müqaviməti hara qədər davam edəcək?

– İranın rıçaqları artıq bitib və sadəcə Ermənistanı qızışdırmaqla məşğuldur. Ermənistan da dəhliz məsələsində razılaşmalı olacaq, çünki burada təkcə Azərbaycan, Türkiyə və Rusiya deyil, Avropa, Böyük Britaniya, İsrail də bunu istəyir. Onlar Ermənistana təsir göstərir. Bütün dünya İran-Ermənistan əlaqələrinin kəsilməsinə tərəfdardır. Buna çalışır. İranın nüvə proqramı ilə bağlı “Hərtərəfli Birgə Fəaliyyət Planı” vardı. İran üçün ABŞ-ın onun üzərindən sanksiyaları götürməsi və maliyyə axınının təmin olunması nə qədər əhəmiyyətlidirsə, Zəngəzur dəhlizi də bir o qədər əhəmiyyətlidir.

– Zəngəzur dəhlizi Azərbaycanı həm iqtisadi-siyasi, həm də ərazi baxımdan böyüdəcək. Azərbaycanın ərazi bütövlüyü mövzusu ortaya gələndə ABŞ, Avropa, Rusiya, İran eyni mövqedən çıxış ediblər. Son 30 ilin acı gerçəkliyi budur. O zaman sual yaranır: niyə Qərb və Rusiya dəhlizin açılmasında maraqlı olsun? Bu dəhliz 100 il öncə deyilmiş “Azərbaycan yeni Turanın açarıdır” siyasi düsturunu az qalsın reallaşdırır. Qərb bölgədə ikinci böyük, qüdrətli türk-müsəlman dövlətinin yaranmasında maraqlı ola bilərmi?

(Davamı olacaq)

Azər Ayxan, Gülnar Səlimova

Globalinfo.az