Rəsmən “savaş elanı” dedilər – Qafqazda yeni irimiqyaslı müharibə başlayır?

Bir müddətdir, separatçı Cənubi Osetiya “respublikası”nın parlamentində Rusiyaya birləşmək məsələsi müzakirə edilir. Gürcüstan XİN isə bildirib ki, Cənubi Osetiyanın Rusiyaya birləşməsi Gürcüstana müharibə elanı demək olacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Cənubi Osetiya 2008-ci ildə Rusiya tərəfindən işğal olunub:

“1992-2008-ci il aralığında faktiki olaraq Rusiya burada separatizmi dəstəkləyərək Gürcüstanın nəzarətindən çıxartmış, öz sülhməramlı kontingentini yerləşdirmişdi. 2008-ci ildə Gürcüstanın Qərb və NATO ilə yaxınlaşmasını bəhanə edərək 5 günlük savaşa başlamış və iki ərazini –  Abxaziya və Cənubi Osetiyanı işğal etmişdi. Onlar hazırda Rusiya ərazisi kimi idarə olunurlar. Bütün proseslər Moskvadan verilən göstərişlər hesabına həyata keçirilir. Rusiyanın Ukraynada işğal etdiyi ərazilərlə Cənubi Osetiya və Abxaziyanın fərqi yoxdur. Sadəcə Ukrayna ərazisindəki hissələr “referendum” vasitəsilə ilhaq olundu. Abxaziya və Cənubi Osetiyada bu proses həyata keçirilməyib”.

Politoloqun fikrincə, Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi prosesinə start verilməsinin müəyyən səbəbləri var:

“Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri inkişaf edir. O cümlədən namizəd üzvlüyü statusu da təsdiq olunub. Gürcüstan vətəndaşlarının Avropaya gediş-gəlişində viza sərbəstliyi təmin edilib. Rəsmi Tbilisinin NATO-ya üzvlüklə bağlı fəaliyyəti Rusiyanı narahat edir. Bu onun “qırmızı xətt”idir. Bu qəbildən açıqlamaların verilməsinin NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfəri ilə eyni vaxta düşməsi təsadüfi sayılmamalı, Alyansın Baş katibinin bölgəyə səfərinə Rusiyanın verdiyi cavab kimi qiymətləndirilməlidir. Görünür, Moskva NATO ilə Cənubi Qafqazda və digər bölgələrdə geosiyasi rəqabətdə bütün variantlara hazırdır”.

Oqtay Qasımov qeyd edib ki, Rusiya Gürcüstanın davranışlarına diqqət edəcək:

“Cənubi Osetiyanın Rusiyaya birləşdirilmək istiqamətindəki müraciəti hələ gözləniləcək. Gürcüstanın davranışından asılı olaraq proses ya tezləşdiriləcək, ya da müəyyən qədər ləngiyəcək. Bütün hallarda rəsmi Moskva həmin iki ərazini ilhaq etmək niyyətindədir. Osetiya iki hissəyə bölünüb: şimalı Rusiya, cənubu isə Gürcüstandadır. Bu iki Osetiyanın birləşdirilməsi ilə bağlı uzun müddətdir siyasi fikir cərəyanları da mövcuddur. Rusiya yaxın perspektivdə Cənubi Osetiyanı özünə birləşdirməyəcək. Birləşdirsə belə, Moskva və Tbilisi arasında irimiqyaslı münaqişə olmayacaq, çünki Gürcüstanın Rusiyanın hərb maşınları qarşısında dayanmaq imkanı məhduddur. Tbilisi məsələni diplomatik, hüquqi yolla həll etməyə çalışacaq. Beynəlxalq təşkilatlara şikayət etməsi, məsələyə beynəlxalq məhkəmədə baxılması da istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az