Sərhəddə gərginlik artdı: İrəvandan müharibə bəyanatı – Nələr baş verir?

Fevralın 12-13-də Ermənistanla şərti sərhəddə yaşanan toqquşma və son olaraq mövqelərimizin atəşə tutulması sülh prosesini yenidən sual altında qoyub. Xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə üçtərəfli görüş təklifi, Bakı və İrəvanın da buna razılıq verməsindən sonra belə bir təxribatın yaşanması diqqət çəkib.

Bəzi ekspertlərin fikrincə, Azərbaycanın Zəngəzura hücum edəcəyi ilə bağlı iddiaları ortaya atan Ermənistan və havadarları Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətmək üçün belə bir yola əl atıblar. Lakin bir sıra mütəxəssislər Ermənistanın Azərbaycanla sərhədində təxribatın baş verdiyi əraziyə Rusiya sərhədçilərinin nəzarət etdiyini əsas göstərərk bu işdə Moskvanın əli olduğunu bildirir.

Maraqlıdır, antiterror əməliyyatlarından aylar sonra belə ciddi təxribatın baş verməsi sərhəddəki gərginliyin artmasına, genişmiqyaslı eskalasiyaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, sərhəddə gərginliyin artması riski var:

“Qərb ölkələrinin Cənubi Qafqazda möhkəmlənməsi üçün belə bir ssenarinin mümkünlüyü hər zaman aktual olub. 44 günlük müharibədən sonra baş verən sərhəd toqquşmaları zamanı Ermənistan daim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanı ittiham edirdi. Onlardan uzaqlaşmaq üçün yaşanan gərginlikləri bəhanə kimi istifadə edir, əsas göstərirdi.

Amma Baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı bu tribunadan ilk dəfə idi ki, Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün yetərli olmadığını bildirdi. O, bu sahə üzrə tərəfdaşlıqları genişləndirəcəyini açıqladı. Daha sonra İrəvan KTMT-dən uzaqlaşmağa başladı, iclaslara qatılmadı, Rusiya ilə arasındakı məsafə artdı. Bütün bunlar üçün də Azərbaycanla sərhəddə qarşıdurmanın yaşanması çıxış yolu olaraq görüldü. Qərbin hədəfi isə Cənubi Qafqazda Rusiyanın yerini doldurmaq və burada möhkəmlənməkdir”.

Ekspert İrəvanın Vətən müharibəsindən sonra Rusiyadan asılılığı azaltmaq üçün ciddi hazırlıq görməyə çalışdığını bildirib:

“Hər hansı toqquşma anında İrəvan Moskva və KTMT-nin öhdəliklərini yerinə yetirmədiyini deyəcək. Bu baxımdan sərhəddə təxribat gözlənilən idi. Amma Ermənistan hələ 44 günlük müharibədən sonra Rusiyanı hədəf almaq və onun boşalan yerinə doldurmağı bacaracaq vəziyyətdə deyildi. Lakin ötən il bu sahədə ciddi işlər görüldü. Ermənistan Fransa ilə müqavilə imzaladı, onun dəstəyi ilə Hindistan silahlarını aldı. Həmçinin sərhəddə monitorinq həyata keçirən Avropa İttifaqının müşahidəçi missiyasının sayı artırıldı. İrəvan artıq Rusiyanın zəifləyəcəyi və regiondan çıxacağı halda onun yerini oldura biləcək qüvə tapıb. Fransa, Avropa İttifaqı ölkələri kimi əməkdaşlar hərbi qüvvə və silah dəstəyi baxımıdan boşluğu dolduracaq şəkildə hazırlanıblar”.

A.Nərimanlı sərhəddə yaşanan gərginliyin başlanğıc ola biləcəyini qeyd edib:

“Hazırda iki ölkə arasında proses yekunlaşmağa doğru gedir. Belə olan halda isə təxribatların baş verməsi, eskalasiyanın yaşanması gözləniləndir. Biz yaşanan son təxribatı başlanğıc hesab edə bilərik. Burada ən önəmli hədəflərdən biri bu cür təxribatlar vasitəsilə Azərbaycanı Ermənistana hücum edən tərəf kimi göstərməkdir. Qərbdə bu ideologiya sürətlə yayılır və həmin qüvvələr bunu rəsmi Bakını təcrid etmək üçün istifadə etməyə çalışırlar. Azərbaycanı Qərb platformasında danışıqlar aparmağa məcbur buraxmaq istəyirlər. Əslində, Paşinyanın hökumət iclasında verdiyi bəyanatlardan təxribatların davam edə biləcəyini eşitmiş olduq. Hətta baş nazir Bakının müharibəyə hazırlaşdığını elan etdi. Bu isə beynəlxalq ictimai rəyi öncədən formalaşdırmağa hesablanmış adıdmdır. Bir növ Ermənistan özü üçün “alibi” qazanır. Təxribatlar törədir, özünü cavab addımları atmağa məcbur qalırmış kimi göstərir.

Bu da Ermənistanın KTMT və Rusiyadan uzaqlaşmasına, təhlükəsizlik sektorunda Fransa başda olmaqla Qərb  tərəfaşlarının rolunun artırılmasına hesablanmış həmlədir. Toqquşmanın Brüsseldə üçtərəfli görüş təklifinin səsləndirilməsindən sonra etməsi diqqət çəkir”, – ekspert qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az