İrəvanın inanılmaz oyunu – “Azərbaycan Ordusu “yaxınlaşır”

Erməni politoloq Armen Ovanisyan “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın KTMT iclaslarını boykot siyasətini Azərbaycanın həmin təşkilata daxil olması ehtimalı ilə əlaqələndirib. O iddia edib ki, guya Azərbaycan KTMT-yə qoşulmaq üçün müraciət etməyə hazırlaşır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycanın indiki halda KTMT-yə daxil olması gözlənilmir:

“KTMT NATO-ya alternativ yaradılmış qurumdur. Ermənistanın bu təşkilatdan ayrılacağı haqda fikirlər səsləndirilir. Bu isə daha çox Qərbin atacağı addımlarla bağlıdır. Qərb də öz növbəsində Paşinyanı şirnikləndirib tələyə salmağa çalışır.

Kənan Novruzov

Ermənistanın KTMT-dən çıxması gözləniləndir, lakin Azərbaycanın həmin təşkilata üzv olmağa ehtiyacı yoxdur. Ölkəmiz Türk Dövlətləri Təşkilatının üzvüdür. Ermənistan isə təklənib və onun üçün böyük bloka qoşulmağın əhəmiyyəti var.

Onu da qeyd edim ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması digər tərəfdaş dövlətlərlə də münasibətlərinə təsir edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az