Qafqaz çalxalanır: böyük müharibə hazırlığı – Azərbaycanla bağlı qorxunc plan

Cənubi Qafqazda nəhəng güclər üz-üzədirlər. İran, Rusiya, Avropa, ABŞ, Türkiyə, Çin – bunların arasında bölgədə nüfuz və mövqe savaşı gedir. Amma əsas ziddiyyət İran, Rusiya və Qərb üçbucağındadır.

Bir çox yerli ekspertlərin rəylərində bildirilir ki, Fransanın, Almaniyanın Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqeyi əslində Ermənistana canıyananlıqdan irəli gəlmir. Ermənistanın guya Türkiyə və Azərbaycan tərəfindən təzyiqlərə, təhdidlərə məruz qaldığını əsas göstərərək, bəhanə edərək, bölgəyə hərbi kontingent çıxarmaq – hədəf budur. Ötən aylarda bunun ilkin əlamətləri boy verdi. Aİ-nin Monitorinq Missiyası adı altında Ermənistanda peyda olan məlum dəstəni nəzərdə tuturam.

Azərbaycan diplomatiyasının ən uğurlu addımlarından biri 2020-ci ilin 10 noyabr Bəyannaməsinin imzalanmasıdır. Həmin sənədin müvafiq bəndinə əsasən Rusiya sülhməramlıları müvəqqəti olaraq Qarabağa yerləşdi.

Bu, dahiyanə addım idi. Bu addımla Qərbin bəlli dairələrini oyundankənar vəziyyətə saldıq. Bir gedişlə onları mat etdik. İlk gündən demişəm, indi də o fikirdə qalıram: Rusiya sülhməramlılarının Qarabağa yerləşməsi həmin vaxt daha çox Azərbaycana lazım idi. Yoxsa Putinin nəyinə lazım idi 1960 nəfərlik hərbi kontingenti Qarabağa göndərsin? Ruslar gəlməsəydi, sülhyaratma missiyasını Fransa, Almaniya, yaxud bir başqa Avropa ölkəsi icra edəcəkdi. Yəni proses Qərbin nəzarətinə keçəcəkdi. Onları 100 il burdan çıxarmaq mümkün olmazdı. Ən əsası, nə Xankəndini azad edilə bilərdik, nə antiterror tədbiri keçirib, separatizmin kökünü kəsmək mümkün olardı.

Artıq ruslar Qarabağı tərk edib, ölkələrinə dönür. Çünki onlara ehtiyac qalmayıb. Ağdamda yerləşən Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini başa vuracaq. Nəyi monitorinq edəcəklər? Məsələ bitib.

Fikir verin, bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin adından belə bir məlumat tirajlandı ki, guya Azərbaycan Zəngəzura hücuma hazırlaşır. Məlumat “Politiko” nəşri vasitəsilə dünyaya yayıldı. “Politiko” həmin xəbəri E.Blinkenlə bu haqda söhbət edən konqresmenə istinadən yaymışdı. Sonradan dövlət katibinin adından yayılan şərh rəsmi şəkildə təkzib olundu. Amma nə olsun, artıq ilkin informasiya öz işini görmüşdü.

Bunun ardından Avropa təsisatları eyni məzmunlu məlumatı dövriyyəyə buraxdılar. Azərbaycanın Ermənistana qarşı “etnik təmizləmə” tezisinin yanına “Azərbaycan Ermənistana hücuma hazırlaşır” təxribatçı fikri əlavə edildi. Bununla da beynəlxalq ictimaiyyətdə fikir formalaşdırıb, ölkəmizə qarşı təzyiqlərin miqyasını çoxaltmaq niyyəti güdülür.

Qərb Cənubi Qafqazı “nifaq almasına” çevirmək istiqamətində var gücü ilə çalışır. Azərbaycan regionda əsas separatizm ocağını söndürüb. Qarabağ işğaldan azad edilib. Xankəndidəki qondarma rejim buraxılıb. Onun başında dayanmış bir neçə müharibə cinayətkarı Bakıda istintaq altındadır. İki gün sonra Xankəndidə hərbi parad – Zəfər yürüşü təşkil ediləcək. Bölgə son 200 ildə indiki qədər sabit və təhlükəsiz olmayıb. Hətta İran və Rusiya kimi ölkələr burdakı sakitliyi, sabitliyi pozmaqda maraqlı görünmürlər. Qərb isə bu durumdan narahatdır, köhnə yaranı qaşıyıb, qan çıxarmaq, yenidən qarşıdurma yaratmaq üçün əlindən gələni artıqlaması ilə edir.

Prosesin başında Fransa ilə Almaniyadır. Onların qərəzi, ədalətsizliyi sərhəd tanımır. Fransa və Almaniya Avropa Birliyinin aparıcı ölkələridir. Adətən bu cür situasiyalarda sinxron hərəkət edirlər. Hər iki ölkənin xarici işlər nazirlərinin bəyanatları, tezisləri demək olar, üst-üstə düşür.

Yeri gəlmişkən, bu günlərdə Bakıda səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbokun danışığını, rəftarını izlədik. Berbok Ermənistanda özünü necə apardı, Bakıda hansı siyasi tərbiyəsizliyə yol verdi – hər birinə şahid olduq. İş o yerə çatdı ki, bütün diplomatik etiketləri ayaqlar altına alıb, Azərbaycanın BMT tərəfindən tanınan şəhərlərinin adlarını təhrif edərək saxta erməni toponimləri ilə dedi. Xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransında Berbokun bu “yanlışlarını” düzəltməli oldu. Əslində cənab Bayramovun bu müdaxiləsi Berbokun timsalında Almaniya diplomatiyasının üzünə vurulan tərs şillə idi.

Düşünün, bütün bu diplomatik həyasızlıqlar Bakıda, bizim meydançada edilir. Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri özünü Avropa Birliyinin “motoru” sayan, demokratik ölkə elan edən Almaniyanın naziri tərəfindən şübhə altına alınır. Bu, açıq şəkildə separatizmin dəstəklənməsi, işğala hüquqi don geyindirməyə cəhddir.

Bunlar sıradan qərəz deyil. Bu, hiyləgər, qərəzli siyasətin tərkib hissəsidir –  Azərbaycana təzyiqi artırmaq, iradəsini sındırmaq və tutduğu yoldan sapdırmaq. Qərb Cənubi Qafqazda hegemonluğu ələ alıb, təşəbbüsü götürüb, diktə edən gücə çevrilməyə çalışır.

Bəzi iddialara görə, Fransa və Almaniya aysberqin görünən tərəfidir. Bütün bunların arxasında ABŞ-ın dayandığı iddiaları var. Yuxarıda Blinkenin adından yayılan o xəbəri boşuna xatırlatmadım. Mesaj verilib, indi o mesaj üzərindən çoxbaşlı kombinasiya qurulur. Bir neçə planın olduğu təxmin edilir.

Birincisi, Azərbaycana intensiv təzyiq göstərərək zəif salmağa, müharibədəki müəzzəm qələbəsini kiçiltməyə, özlərindən asılı vəziyyətə salmağa çalışırlar.

İkincisi, Türkiyənin bölgədə təsirini azaltmağa çalışırlar. Ankaranı proseslərdən kənara çıxarmaq üçün iş gedir. Türkiyə artıq Cənubi Qafqazda və Mərkəzi Asiyada söz və güc sahibinə çevrilməkdədir. Ankara bir neçə platformada bu iki bölgədə rahat siyasət yürütmək imkanları əldə edib. Türk Dövlətləri Təşkilatı platformasında Mərkəzi Asiyada mövqelərini möhkəmlədib. Hansı ki, bu, bütövlükdə Türk Dünyası üçün mühümdür. Xatırladaq ki, Türkiyə Osmanlı dövründən İran amilinə görə Mərkəzi Asiyaya çıxış əldə edə bilməyib. İndi onun üçün qızıl şans yaranıb və maksimum dəyərləndirmək istəyir. Bu məsələdə də Azərbaycan ona lazmi dəstəyi verməkdədir. Türkiyə ilə Mərkəzi Asiya arasında ən etibarlı, təbii körpü Azərbaycandır.

Türkiyənin Cənubi Qafqazda mövqe qazanması son illər Azərbaycanla daha da yaxınlaşması ilə bağlıdır. Strateji müttəfiqlik iki türk dövlətini vahid maraqlar ətrafında birləşdirir. Əliyev-Ərdoğan dostluğu, qardaşlığı Ankaranın regionda manevr imkanlarını xeyli artırıb. Üstəlik, Türkiyənin “3+3” formatında təmsilçiliyi onu regionda aparıcı gücə çevirəcək. Ağ Ev və Pentaqon isə açılmaqda olan bu yeni səhifəni Türkiyənin, eləcə də Azərbaycanın üzünə qapatmaqda israrlı görünürlər.

Amma Qərbin uzaq perspektivdə əsas hədəfi İran və Rusiyadır. Bu iki qədim rəqibi ilə haqq-hesab çəkmək üçün regionda qarışıqlığın davam etməsinə çalışır. İranı, Rusiyanı zəiflədərək Cənubi Qafqazı, Mərkəzi Asiyanı tam ələ almaq –  Qərbin ana planı bu ola bilərmi? Tamamilə mümkündür.

Azərbaycanı Ukraynaya çevirə bilməyən güclər başımıza Qəzza qəzası gətirməkdə maraqlıdırlar. İki bölgədə hazırda müharibə gedir. Ukrayna-Rusiya və HƏMAS-İsrail savaşları hansısa emosional qərarların nəticəsi deyil. Heç xalqların müharibəsi də deyil. Bunlar illərdir işlənib hazırlanmış planların ortaya çıxardığı acı gerçəklikdir. Yaxın Şərqin, Avrasiyanın yenidən bölüşdürülməsidir. Yeni dünya düzəninə keçidin əsas hissəsidir.

Azərbaycan bu çirkin, qanlı planlara alət olmamaq yolunu tutub. Böyük güclərin poliqonuna çevrilməyi əngəlləmək indi əsas hədəfdir. Bu yolda daha inamlı addımlamaq üçün isə ortaya həm ağıl, həm iradə qoyulub. İnşallah, dediyimiz və istədiyimiz olacaq.

Hər zaman o fikirdə olmuşam ki, Qarabağın işğaldan azad olunması, Azərbaycanın quzeyinin bütövləşməsi həm də Qərbin dərin güclərinin razılığı ilə baş tutub. Bu fikrimdə sona kimi qalmağı çox istəyərdim…

Azər Ayxan
Globalinfo.az