Putin müharibənin başa çatacağı vaxtı elan etdi: Qərb sülh masasına oturacaqmı?

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib gec-tez Ukrayna və Rusiya razılığa gələcək”.

“Bilirsiniz necədir, hətta, bugünkü situasiyada qəribə səslənə bilər: onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu, çox vaxt aparacaq, amma olacaq”, – Putin bildirib.

Vəziyyəti indi olduğu kimi saxlamağa hazır olub-olmaması sualını cavablandıran Putin qeyd edib ki, bu, danışıqların mövzusudur:

“Amma hələlik heç kim Rusiya ilə danışıqlar aparmır. Onların nə istədiklərini bilirəm, təkcə görmürəm, həm də nə istədiklərini bilirəm, ancaq onlar bunu necə edəcəklərini anlaya bilmirlər”.

Putin bu çıxışı ilə sülhə nail olmaqmı istəyir? Əgər danışıqlar olarsa, Rusiya sülh masasına otura bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya Prezidenti Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibədə dediyi “gec-tez Ukrayna Rusiya ilə razılığa gələcək” sözünü “gec-tez müharibə danışıqlar masası arxasında bitəcək” kimi də başa düşmək olar:

“Çünki bütün müharibələrin sonu barışıqla bitir. Amma əgər atəşkəsin qısa müddətdə əldə olunması və sülhün tez bir zamanda bərpa edilməsinə gəlincə, heç kim bu barədə proqnoz verə bilmir. Mütəxəssislər müharibənin dayandırılmasının döyüşən tərəflərin deyil, bütün dünya dövlətlərinin mənafeyinə xidmət edəcəyini irəli sürməklə kifayətlənirlər. Müharibəni aparan və qızışdıran tərəflər isə sanki, tökülən qanların hələ də kifayət etmədiyi düşüncəsi ilə yaşayırlar. Təbii ki, müharibə nə zamansa bitəcək və tərəflər öz həyatlarını əvvəlki qaydada olmasa da ona oxşar formada davam etdirəcəklər. Təbii ki, müharibəyə başlayanlar öz məqsədlərinə çatdıqdan və ya bu məqsədlərə çatmağın mümkün olmayacağını başa düşdükdən sonra. Beləliklə, bu məqsədlərin nədən ibarət olduğunu bir daha nəzərdən keçirək:

Amerika və Avropanın Ukrayna müharibəsini alovlandırmaqda məqsədi Rusiyanı zəiflədərək sıradan bir dövlətə çevirmək idi. Yəni Rusiya zəifləyərək elə bir hala düşməlidir ki, on illərlə özünə gələ və qonşu Avropa dövlətlərinə təhlükə yarada bilməsin. Deməli, ABŞ və Avropa İttifaqı Rusiyanın dünya siyasətində yeni bir qütbə çevrilməsinin qarşısını almaq üçün məhz bu yolu uyğun görürlər”.

Politoloq deyib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın digər bölgələrində yeni müharibə ocaqlarının yaranmasını tətikləyib və zamanında Ukraynanı Rusiya ilə müharibəyə təhrik edənlər indi onu silah-sursatla təchiz etməkdə ciddi problem yaşayırlar:

“Üstəlik NATO-nun Avropa ölkələrindən olan üzvləri əllərində və ehtiyatda olan bütün silah-sursatı Ukraynaya verib. Özləri isə Rusiyanın hipotetik hücumu qarşısında müdafiəsiz qalmaqla üzləşirlər. Rusiya-Ukrayna müharibəsində maraqlı olan bir tərəf müharibə ilə əlaqədar qarşıya qoyduğu məqsədinə çata bilmir. Amma onlar bunu başa düşürlərmi? Təbii ki, hələ yox. Deməli, onlar sülh danışıqlarına hələ hazır deyil.

Rusiyaya gəlincə, o, bir qədər üstün mövqedədir. Onun Ukraynaya hücum etməkdə əsas məqsədi bu qonşu və bir vaxtlar qardaş sayılan ölkənin NATO ilə bağlı ambisiyalarının qarşısını almaq və ukraynalıları Avropa xalqları ilə inteqrasiyadan döndərmək idi. İki illik müharibə dövründə Rusiya buna nail oldu? Təbii ki, yox. Amma Kremldə inanırlar ki, yaxın vaxtlarda Ukrayna xalqının əhval-ruhiyyəsini Ukrayna rəhbərliyinin əleyhinə döndərə biləcək. Beləliklə, Rusiya da qarşıya qoyduğu məqsədə çatmayacağını hələ dərk etmir. Putinin və digərlərinin verdikləri bəyanatlara baxmayaraq, tərəflərdən heç biri hələ danışıqlara hazır deyil. Müharibə bu tərəflərin danışıqlara məcbur olacaqları vaxt başa çatacaq. Bu vaxta isə hələ çox var”.

Turan Rzayev
Globalinfo.az