Mübariz Qurbanlı kəlmeyi-şəhadətini bilmir? – Dini Komitə haqda səs-küylü ittihamlar

Ölkədə İran agentura şəbəkəsinə çalışan müxtəlif dini birləşmələrin aşkarlanması və istintaqa cəlb edilməsi ilə bağlı proses davam edir. Hazırkı vəziyyətdə İrana xidmət edən çox sayda dini birləşmənin olması, amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin buna reaksiya verməməsi isə sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Bu tənqidlər Azərbaycandakı dini qrupların fəaliyyətinin nəzarətdə saxlanılmasının Komitənin məsuliyyətində olması ilə əsaslandırılır.

Hazırda ölkədə dindən təxribat vasitəsi kimi istifadəyə çalışıldığı bir zamanda Komitənin fəaliyyəti niyə kölgədə qalır? Bütün bunları nəzərə alsaq, komitənin fəaliyyətini nə dərəcədə effektiv hesab edə bilərik?

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiya başqanı Tural Abbaslı komitənin fəaliyyətinin ümidləri doğrultmadığını bildirib:

başqanı Tural Abbaslı

“Bir dövlət qurumunun müvafiq sahə üzrə cavabdehliyi varsa, amma o sahədə başqa dövlətlərin, yəni ikinci, üçüncü tərəflərin hegemonluğu hiss edilirsə, demək, həmin qurum ya zəif işləyir, ya da ümumiyyətlə fəaliyyət göstərmir. Bu gün Azərbaycanda müxtəlif dini birləşmələr mövcuddursa, dindən ölkəmizə qarşı siyasi və ideoloji məqsədlər üçün təxribat vasitəsi kimi istifadə olunursa, bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işinin öhdəsindən gəlmədiyi mənasını verir. Çünki sözügedən qurum dövlətin dini siyasətini həyata keçirən orqandır. Komitə dindən dövlətə qarşı təxribat üçün istifadə edilməsinə yol verməməlidir, yəni aradakı boşluğu doldurmalıdır. Görünən isə odur ki, o bunu bacarmır. Nəticə olaraq da İran çox rahat şəkildə ölkəmizdə agentura şəbəkəsi yaradır, təxribatlar törədir.

Bir din üzrə dövlət qurumunun rəhbəri kəlmeyi-şəhadəti bilib-bilməməsi müzakirə olunan Mübariz Qurbanlıdır, ondan nə gözləmək olar ki? Bütün bunları nəzərə alaraq sözügedən qurumun fəaliyyətinin ürəkaçan olduğunu düşünmürəm. Yaxşı olar ki, qurum rəhbərliyində dəyişiklik edilsin”.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan dinşünas Elşad Miri isə komitənin missiyasının fərqli olduğunu qeyd edib:

“Əslində İran agenturasına çalışan dini birləşmələrlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin edə biləcəyi bir şey yoxdur. Təbii olaraq bu kimi dövlət qurumları Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir, bir-biriləri ilə daimi əlaqədə olurlar. Lakin Komitənin əsas missiyası bundan ibarət deyil. Məlumdur ki, böyük məscidlərdə təhlükəsizlik kameraları quraşdırılıb. Yəni bura daxil olan insanların kimliyini müəyyənləşdirmək mümkündür. Amma agentura şəbəkəsinə çalışan şəxslər bunları bildikləri üçün fərqli metodlardan istifadə edirlər.

Əvvəllər Komitə dini icmalarla əlaqəli qurum idi. Bu gün isə ümumi dini işlərlə də məşğul olur. Çünki Qafqaz Müsəlmanları İdarəsinin bir çox funksiyası artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətinə verilir. Komitənin nəzdində İlahiyyat İnstitutunun fəaliyyət göstərməsi, həmçinin dini kitablar və müxtəlif məsələlərlə bağlı birbaşa rəy verməsi, din xadimlərinə müxtəlif formalarda əməkhaqqının ödənilməsi kimi amilləri nəzərə alaraq dini məsələlərlə məşğul olduğunu deyə bilərik”.

İlahiyyatçı Elşad Miri "aşura şüarları" asanlara etiraz etdi - Fotolar

E.Miri Komitənin ümumiyyətlə hesabatlı olmadığını, insanlarda güvən yarada bilmədiyini söyləyib:

“Amma Dini Komitənin fəaliyyətinin tənqid edilməsi də normaldır. Çünki bəzən burada çalışan şəxslərin də məmurlaşdıqlarını görürük. Bunun yaxşı, yaxud pis mənada olması isə məsələnin digər tərəfidir. Onlar sadəcə olaraq öz funksiyalarını yerinə yetirə bilmir və fərqli şəkillərə bürünmüş olurlar. Təəssüf ki, ünsiyyət zamanı bunu müşahidə edirik. Məsələn, bu gün Komitə nümayəndələri hansısa tədbir təşkil etdikləri zaman insanlar onlara güvənmirlər. Bunun səbəbi isə insanlarla daha çox qapalı məkanlarda görüşlər təşkil etmələri, məscidlərdən uzaq olmaları, orada çıxış etməmələri kimi məqamlardır. Ona görə də Komitənin ümidləri doğrultmaması təəssüf hissi yaradır.

Komitə fəaliyyəti ilə bağlı hesabatlı deyil. Müəyyən tədbirlərin keçirilməsi ilə işin bitmiş olduğunu hesab edirlər. İlahiyyat İnstitutunda da bu hal müşahidə olunur, sanki müəllimlikdən kənara çıxa bilmirlər. Müəyyən qorxu və çəkinmələrə görə istənilən nəticə əldə oluna bilmir. İnsanlarla münasibət düzgün tənzimlənmir. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sadəcə fəaliyyətsizliyinin şahidi oluruq”.

Qeyd edək ki, son olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Deyilənlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini öyrənmək istəsək də, sorğumuza cavab verilmədi.

Ayşən Mustafa
Globalinfo.az