“İrandakı səfirliyə yeni binada da təhlükə riski var” – Ekspert 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualını cavablandırıb. O, deyib ki, Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. 

A.Hacızadənin sözlərinə görə, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri diplomatik nümayəndəliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.

Həmin bina terrora açıq olduğu üçünmü istifadə edilməyəcək? Yeni səfirlik binasının təhlükəsizliyi necə qorunacaq? Əvvəlki səfir, heyət olacaq, yoxsa dəyişdirilməyəcək?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, 2023-cü ildə Azərbaycan səfirliyinin yerləşdiyi binaya edilən terror hücumu sonrası diplomatik korpusun burada xidməti mümkün deyil:

“Belə ki, məlum hadisə sonrası həmin binanın və ətraf ərazinin təhlükəsiz olmadığı bilindi. Bundan başqa, hadisənin hələ unudulmaması psixoloji və mənəvi baxımdan səfirlik əməkdaşlarının bu binada fəaliyyətini imkansız edir. Bu və digər məsələləri nəzər alıb demək olar ki, səfirlik binası yenisi ilə əvəzlənməli idi.

Əslində səfirliyin yeni binaya köçürülməsi o demək deyil ki, təhlükəsizlik 100 faiz təmin ediləcək. Yəni bənzər insidentlər yenə də baş verə bilər. Çünki İranda bu kimi hadisələr əvvəllər də olub. Lakin bütün hallarda ehtiyatlı davranıb səfirlik binasını dəyişirik və mümkündür ki, təhlükəsizlik tədbirləri artırılacaq.

O ki, qaldı səfirliyin tərkibinə, hesab edirəm, bu məsələləri XİN müəyyən edir”.

Turan Rzayev 

Globalinfo.az