Türkiyədə çevrilişi kimlər planlaşdırıb? – Sensasion

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilən çevrilişlə bağlı xəbərdarlıq etdikdən sonra gecə yarısı Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla təcili iclas keçirib.

Araşdırmaya əsasən Ankarada 3 yüksək rütbəli polis məmuru vəzifədən uzaqlaşdırılıb.

Politoloq Zeynal Əmrəliyev Globalinfo.az-a açıqlamasında deyib ki, Türkiyədə zaman-zaman bu kimi çevriliş cəhdləri olub:

“Davamlı şəkildə müəyyən təşkilatlar, ordu daxilində qruplaşmalar, bəzi xüsusi birliklər hakimiyyətə qarşı çevrilişlərə cəhd ediblər. Balyoz, Ergenekon və FETÖ-nün çevriliş cəhdləri buna nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın keçirdiyi islahatlar, ordu və hüquq-mühafizə orqanlarının işinin gücləndirilməsi belə çevriliş cəhdlərinin qarşısını alır”.

Politoloqun sözlərinə görə, çevriliş planının arxasında xarici qüvvələrin dayanması istisna edilmir: 

“İlkin məlumata görə, bu, polis sistemi içərisində olan qrupun işidir. Onların aşkara çıxarılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bir neçə polis əməkdaşı həbs edilib. Türkiyədə daha yüksək vəzifəli şəxslərin də həbsinin şahidi olacağıq. Prosesin arxasında xarici qüvvələrin dayandığı da istisna edilmir. Türkiyənin yeritdiyi siyasət bir çox qüvvələri narahat edir. Bunun qarşısını kəsməyə çalışırlar. Lakin Türkiyədə hakimiyyət çevrilişlərinin baş tutması ehtimalı sıfıra bərabərdir”.

Safura Bənnayeva
Globalinfo.az